YAZI / DÜŞÜNCƏ
Narıncı məktub - Rəbiqə Nazimqızı Tarix : 14 Fevral 2019, 00:40
Yazar : Rəbiqə Nazimqızı
Elə cəmi bir saat əvvəl kimsə sənə məktub yazacağımı desə, inanmazdım. Məktub şeirdən daha intim məsələdi, şeir kamuflyaja imkan verir, ötürə bildiyin, ötürmək istədiyin qədər ötürürsən, qafiyələr, ritm və bölgü səni çox əl-qol açmağa qoymur, şeirdə xarici təsirlərdən, hansısa izaholunmaz qüvvədən - sözün özünün mistik enerjisindən asılısan. Məktub isə daha artıq səmimiyyət tələb edir. Belə deyim: şeir görüşə hazırlıq prosesidir, geyimdir, üzərinə taxdığın aksessuardır, həyəcan yaradan görüş gözləntisidir, məktub sevgiliylə bütünləşmə anıdır, bunun üçün üstündəki hər şeyi soyunmalısan. Bədənindən, özündən utanan, qüsurlarını göstərmək istəməyən adamlar olur. Onları da anlayıram. Çılpaqsansa, müdafiəsizsən. Bu məqamda səni yalnız güvən xilas edə bilər: özünə və əlbəttə, qarşındakına. Amma ovqat məsələsi də var axı. Məktub üçün bu, elə şeir qədər önəmlidir...

İndi gərəkdir ki, deyim ki, sən mənim dünyanı unutmaq cəhdimsən. Alınır, əlbəttə, alınır. Dünyadakı bütün ağrı və əzabları, əlbəttə, bütün sevincləri sevgiyə proyeksiya eləməyə nə var ki? Əslində, ikiadamlıq həyatı tək yaşamağı sevənlərdənəm mən. Bu da mənim komfort zonamdı. Arada o zonadan çıxıb sənin başdansovdu, dağınıq, sistemsiz həyatına soxulmaq istəyim də olur, etiraf eləyim ki, olur. Amma eləmirəm. Qorxuram. Qorxuram ki, o dağınıqlığın içərisində məni görməyəsən. Tək qalmaq istəmirəm. Sənin məni tək qoymanı istəmirəm. Nə istəyirəm?

Gəl elə bircə arzumu deyim. Bəs eləyər. O birilər  də elə bu qədər gülməlidir. Səni adınla çagıra bilmək arzumdan. Təkrar-təkrar.

Dəfələrlə bu səhnəni məşq eləyirəm, hər dəfəsində də məni gülmək tutur. Bax, belə gülümsəyəcəm, başımı sağa əyəcəm, əvvəl icazə istəyəcəm, ya da yox, icazə istəyib cavabı gözləmədən səni çagıracam, bir dəfə, ya da yox, özü də düz üç dəfə. Sonra ilk imkandaca yenə, yenə. Ən böyük arzuma çatmağımdan heç xəbərin də olmayacaq. Bəlkə də, olacaq, bəlkə də, özünə də deyəcəm. Bilmirəm.

Bildiyim odur ki, darıxıram. Möhkəm darıxıram. Avtobusa çatmayan adamın yaşadığı hüzurlu (onsuz da çatmayıb) bir qüssə var içimdə. Çatsaydım, əlbəttə, sevinəcəkdim. 

İstəyirəm, bu məktubda özünü görüb sevinəsən. Bir payız axşamı kiminsə sənə yazdığı məktubu oxumaqan gözəl nə ola bilər ki?

(28.12.2018)
 
qadinkimi.com