BURA / ORA
Müslüm Maqomayevin ABŞ-dakı yadigarı - Marina xanım Tarix : 21 Yanvar 2019, 02:20
Yazar : Qadinkimi.com
Deyir ki, atam indi yaşadığım evimizi heç vaxt görmədi, xəstə vaxtlarına düşdü. Amma təkidlə tövsiyyə edirdi ki, evdə hökmən ağ royal və kamin olsun. Kaminin üstündə də İtaliyanı əks etdirən rəsm...
Mən 1962-ci ildə Bakıda doğulmuşam. Həmin gün qar yağırmış. Atam məni o vaxtdan qarqız deyə çağırırdı…
Marinanın anası Ofeliyanın atası əslən Ağsudan olan Vəli Şəmsəddin oğlu Vəliyev idi. Anası isə Zinaida Petrovna Temeryuk şəhərindən imiş. Müslümlə Bakı Musiqi məktəbində bir qrupda təhsil alıblar. Dediyinə görə, Ofeliya çox cazibədar qız olub. Hər ikisinin 18 yaşı olanda evləniblər...
Müslümün tez evlənməsinə narazılığını bildirən nənəsi Ofeliya ilə rəsmi nigaha girə bilməməsindən ötrü, bir müddət Müslümün pasportunu gizləyir. Sonradan nənəsini razı salaraq pasportu alıb Ofeliya ilə rəsmi nigaha girir. Müslüm bir müddət qaynatasıgildə yaşayır. Aradan çox vaxt keçməmiş gənc cütlük qərara gəlir ki, ev-eşik qurmaqdan ötrü, qazanc dalıyca Qroznıya getsin. Belə də edirlər. Qroznıda yaşayarkən gənclərin arasında fikir ayrılığı yaranır. Ofeliya Bakıya qayıdır. Burada Marinanı dünyaya gətirir. Gənc Müslüm üçün də Çeçenistanda rahat olmur. Yavaş-yavaş tanınsa da, oradan köçməyə qərar verir. Övladının dünyaya gəldiyi xəbərini alıb Bakıya dönür. Bir müddət sonra Müslüm Ofeliya ilə boşanır. Qaynanasının - "Sən heç vaxt yaxşı ər olmayacaqsan"- sözləri onun çox acığına gəlir.
Boşanarkən qızını unutmayacağını, aliment ödəyəcəyini, ondan diqqətini əsirgəməyəcəyini söyləyir. Elə də olur, Marina son gününədək Müslümün sevimli qızı olur. Hətta müğənni qızının şərəfinə "Marina" mahnısı da bəstələyib, tədbirlərdə tez-tez oxuyur…
Marinanın dediyinə görə, atası onu çox istəyib. Hər bir arzusunu həyata keçirməyə çalışıb. İllər keçdikdən sonra Müslüm etiraf edib ki, onun həyatında üç böyük sevgi olub - musiqi, qızı Marina və həyat yoldaşı Tamara…
Marina xeyli vaxtdır ki, ömür-gün yoldaşı Aleksandr Kozlovskiylə ABŞ-da yaşayır. Ailənin bir övladı - Allen Müslüm Maqomayevin nəvəsi olması ilə qürur hissi keçirir…
Ohayo ştatının Sinsinati şəhərində yaşayan Marina deyir ki, Bakıda doğulmuşam, bu şəhərdə böyüyüb boya-başa çatmışam. Azərbaycan mənim üçün doğma, əziz ölkədir. Sonuncu dəfə atamın dəfnində orada olsam da, Azərbaycan deyiləndə, içimdə isti bir rahatlıq yaranır. Mən bu ölkəyə sülh və əminamanlıq arzulayıram. Və insanlarını öz doğma bacı-qardaşlarım hesab edirəm…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan