QADIN / KİŞİ
Mənim dediyim kimi olacaq Tarix : 02 Dekabr 2019, 12:10
Yazar : Qadinkimi.com

 


Tarixə nəzər salsaq, bütün dövrlərdə və dövlətlərdə qadın üçün yaşamağın çətin olduğunu görərik. Yeni doğulmuş qız uşaqlarının diri-diri basdırılması müasir dövrdə ana bətnində qızların öldürülərək yaşamaq hüququndan məhrum edilməsi (selektiv abort) kimi davam edir.  

Təzyiqə, zorakılığa məruz qalan qadınlar psixoloji cəhətdən zəif hesab olunurlar. Onlar daha çox aztəminatlı və risk qruplarında təmsil olunan, ölkədə gedən prosesləri çətin keçirən təbəqədi. 

Bu vəziyyətdən necə çıxacaqlarını bilmir, gələcəyə heç bir ümidləri olmur, inamları sarsılır. Ailədaxili münaqişələr cəmiyyətdə bir sıra neqativ halların, sosial, psixoloji bəla olan zorakılığın, boşanmaların sayının artmasına səbəb olur. 

Bu günlərdə Qadınkimi.com(az) saytının bir illik fəaliyyəti ilə əlaqədar "Çağdaş hüquq sistemində qadın haqları” adlı tədbir keçirildi. Tədbirdə görülən işlər və nəticələrin yekunu kimi saytın rəhbəri yazıçı - publisist Aysel Əlizadə hesabat xarakterli çıxış etdi. "Saytımızda şou xarakterli başlıqlara və yazılara üstünlük verməsək də Qadinkimi özünə auditoriya yığa bilib. Qadın adına bağlı bir saytın üz maskası, yemək resepti kimi tematikadan kənar çox ciddi mövzulara yer verə biləcəyini ortaya qoymuşuq. Məişət zorakılığından siyasi proseslərə qədər dünyada baş verən hər hadisəni işıqlandırmağa çalışırıq. Qadın anlayışı yalnız məişət təsəvvürü yaratmalı deyil”. 

Tədbirin iştırakçıları professor Rəbiyyət Aslanova, millət vəkili Fazil Mustafa, telejurnalist İradə İsak, bəstəkar Aygün Səmədzadə, millət vəkili Çingiz Qənizadə, hüquqşünas Kənan İsmayılov, publisist Şəlalə Göytürk, hüquqşünas Elçin Axundzadə, mama-ginekoloq Rəşad Sultan, ssenarist Flora Hüseynova, təlimçi Orxan Şahbaz, sənətçi Şəhriyar Məhərrəmov, rəssam-dizayner Günel Dəniz, yazar Aysel Fikrət, ictimai fəal Nərmin Şamilqızı və digər hörmətli qonaqlar qadın hüquqlarının müdafiəsi ilə bağlı təkliflərlə çıxış etdilər. Tədbirin keçirilməsində əsas məqsəd qadın zorakılığının qarşısını almaq üçün müəyyən qərarların qəbul edilməsində yardımçı mövqe tutmaq, sosial-psixoloji gərginliyin burulğanında çabalayan insanlara kömək yolları axtarmaqdı. 

İnsanlar arası münasibətləri məqsədlər tənzimləyir. Bütün məqsədlərin də məğzində daha yüksək məqsədlər dayanır. Əslində, bütün insanların bir-birilə dərin duyğu bağı var. Fərqinə varmısınızmı, qohumlarla genetik əlaqəmiz olsa da rəfiqələr, dostlar, tanışlar və hətta tanış olmayanlar arasında ruh əkizimiz olur. 

Ünsiyyət, xoş aura, dərk olunmayan çəkisizlik, yüngüllük ötürən, uzaq məsafələri yaxınlaşdıran ötürücü dalğalar insan hisslərini tənzimləyir. Müasir insanın yaddaşı, duyğusal məntiqi xarakteristikası bu dalğalardan acizdir. 

İki hissəyə bölünən eyni enerji ayrı-ayrı fiziki bədənlərdə yerləşərək ruh əkizləri yaradır. Əkiz ruhlar çarəsizliyi, səbri, dəyəri və şərtsiz sevməyi bir-birindən öyrənərlər.  Onları tapmaq heç da asan deyil. 

İki enerjiyə bölünərək bir-birindən çox fərqli həyatlar yaşaya bilən əkiz ruhlar daim olacaq. 

Həyat davam edir, reallıq amansızdı. Öz əkiz ruhunu tapa bilməyən, məhəbbətsiz qurulan ailələr minlərlədı. Yaşanan travmalardan, zaman keçdikcə reallıqla barışan və ya usanan, bir-birinə qarşı amansız olan cütlüklərin mübarizəsindən ruhən, mənən, bəzən də fiziki olaraq əziyyət çəkən övladlardı.

Ötən ilin statistikasına əsasən Azərbaycanda hər ay orta hesabla  40  ailə boşanır. Səbəblər müxtəlifdi. Kişi və qadının birlikdə öhdəsindən gələ bilmədiyi maddi problemlər zaman keçdikcə sevgi və hörmətin yox olmasına gətirib çıxarır. Ödəməkdə çətinlik çəkilən borclar kimi, həddindən artıq israfçılıq da boşanma ilə nəticələnir. Yalan söyləmək də münasibətlərin kökünü sarsıdır. Artıq kişi və qadın bir-birinə etibarsız yanaşır. 

Dürüst və açıq sözlü olmaq, qısa müddətə problemlərə səbəb olsa da yalan danışmağın geriyə dönüşü olduqca çətindir. 

Şəxsiyyət formalaşmadan gənc yaşda qurulan evliliklər də illər keçdikcə peşmançılıq yarada bilir. Fiziki və mənəvi şiddət, evliliyin bitməsi üçün əsas səbəblərdəndir. Liderlik həvəsində olan, ailədə bir sözünün iki edilməsinə dözə bilməyən, öz  uğursuzluqlarını  qadına şiddətdən çıxarmağa alışanlar, adətən, əsəbi olurlar və  ailə - uşaqla düşməncə davranırlar. 

Avtoritar kişilərin ən çox sevdikləri cümlə: "Mənim dediyim kimi olacaq”. 

Əgər evdə bir şey mükəmməl deyilsə, bu adam əsəbləşər, neqativ təpkilər göstərər, ən cüzi dəyişiklik canını sıxar, çox rasional olar, evdə nəyinsə dəyişməsini, ailədə yeniliyi istəməzlər. Vərdişlərinin köləsi olarlar. 

Üstünlüyün onlarda olmasını istərlər, dava salar, lakin heç vaxt tabe olmazlar. Alçaldıb sonra ürək almaq isə zəif kişilərin əsas əlamətidir. 

Zəif qadın, kişi diqqətsizliyini onun daima zamanının olmaması kimi anlaya bilər.   

Ruhi problemlər, içkiyə düşkünlük də şiddət doğuran səbəbdi.  Bəzən də mazoxistlər kimi həyatlarında mübarizə, maneə olmasa məyus olan, özünü incitməyi sevən qadın növü var ki, onlar sakit yaşaya bilmir, həmişə özlərinə çətinlik  yaradır. Ətrafdakıları bunda ittiham edirlər. Əzabkeş obrazı yaradırlar. 

Belə qadınlarla çox çətin olur. Adətən qərarsız, məsuliyyətsiz kişiləri seçirlər ki, həyatlarında daşımağa yük olsun. 

Fərqli sosial mühitlərdə böyüyən iki insan çox vaxt evliliyini uzun müddət davam etdirə bilmir. Qadının getdikcə güclənməsi və hüquqlarını dərk edərək düşdüyü bataqlıqdan (məhəbbəti tükənməyibsə) çıxması mümkündü.  

O, mənəvi inkişafın pillələrində aşağı enməyi özünə rəva bilməz. O, intellektini yüksəltməyə çalışar, çox mütaliə edər, işləyər, özünə dəyər verər və dəyərli olmağı qiymətləndirə bilər.

Yaşadığımız cəmiyyətdə çətinliyə düşüb nəticə çıxarmış güclənmiş qadınların sayı artdıqca müasirliyin siması da dəyişir. 
 
 

Yazdı: Yeganə İskəndərova
qadinkimi.com