YAZI / DÜŞÜNCƏ
Məni siz öldürəcəksiniz Tarix : 30 May 2020, 22:05

Qeyri-adi tətqiqat

 


Bu evə yarım il olar ki, köçmüşəm. Qonşuları hələ yaxşı tanımıram. Həyatımın çox hissəsinini işim alır əlimdən. Gecələr təcili yardımda, gündüzlər özəl klinikada çalışıram. Həkiməm. Ailəm yoxdur. Qadınlara, qızlara vaxt ayıra bilmirəm ömrüm boyu. Bəlkə də hələ ürəyimi fəth edən tapılmayıb.
Ev telefonuma zəng gəldi.
-Axşamınız xeyir.
-Salam.
-Sizinlə söhnət etməliyəm, doktor.
-Buyurun. Kimdir ?
-Qonşunuz. Üzbəüz binada yaşayıram.
-Çox gözəl. Buyurun. Dinləyirəm sizi.
-Yox. Gəlin görüşək. Telefon söhbəti deyil.
-Görüşək. Harda? Nə vaxt?
-Sabah axşam saat 7 - də sizi həyətdəki kafedə gözləyirəm.
Ertəsi gün danışdığımız kimi kafeyə getdim. Boş masaların birində əyləşdim, məni buraya çağıran adamı görməyə tələsirdim.
Arxadan gələn səsi tanıdım.
- Axşamınız xeyir, doktor. Çox sağ olun ki, gəldiniz. Sözümü yerə salmadınız.
- Buyurun, mən sizi ilk dəfədir görürəm. Və...
- Tanış olaq. Adım Avraamdır. Bu adı mən özüm seçmişəm . Avraam Linkolnu çox sevdiyimdən. Onu da mənim kimi öldürüblər.
- Bağışlayın. Anlamadım.
- Məsələ burasındadır ki, mən çox maraqlı bir tətqiqatla məşğulam
Qarşımdaki cavan oğlanın psixoloji problemi olduğunu dərhal hiss etdim və:
- Mənim sizin tətqiqatda rolum nədir? - deyə soruşdum.
- Mən uzun illərdir nə vaxt və necə öləcəyimi hesablayıram. Vaxtı hələ bilmirəm. Amma necə öləcəyimi bilirəm. Bunu dəqiq bilirəm.
- Siz dəlisiniz!
- Bəli. Mənə hamı dəli deyir. Çünki məni anlamırlar. Siz elə bilirsiniz dəli deyilən hər kəs dəlidir? Əsla. Onların beyinlərinin quruluşu siz normal dediklərinizdən fərqlidir.
- Bilirsiniz, cavan oğlan, mənim o qədər vaxtım yoxdur. Mən bu cəfəngiyyatı eşitmək istəmirəm. Mənim burada nə işim var?
- Məsələ burasındadır ki, məni siz öldürəcəksiniz.Hesablamalar nəticəsində sizin evdən gəlir mənə ölüm.
- Nə? Siz həqiqətən xəstəsiniz. Mən həkiməm, insanlara şəfa verirəm. Mən niyə kimisə öldürməliyəm ?
- Bilmirəm. Ancaq mənim tətqiqatımın nəticəsinə görə məni siz öldürməlisiniz.
Mən əsəbi halda ayağa qalxdım və:
-Sağ olun. Mən getməliyəm. Xahiş edirəm məni bir daha narahat etməyin!- deyib kafeni tərk etdim.

 


Bu olanları çox fikirləşdim və belə qərara gəldim ki, həqiqətən sərsəmin birinə rast gəlmişəm. Maraqlısı da odur ki, o mənim qonşuluğumda yaşayır.

Bir həftə sonra təcili yardım həkimi kimi bir mənzilə çağırıldım. Qapını yaşlı qadın açdı. O, oğlunun halının qəfil pisləşməsini dedi və bizi içəri dəvət etdi.
Xəstənin bir neçə gün əvvəl mənimlə kafedə görüşən adam olduğunu görüb özümü itirdim.
- Salam doktor.
- Nə olub Avraam?
- Avraam deyil adı, ay doktor, - deyə ana ağlamağa başladı.
Narahat olmayın, ana, biz tanışıq. Öz aramızda ona elə deyrik.
Qadın sakitləşib geri çəkildi.
- Doktor. Bəlkə bu elə həmin gündür? Siz indi mənə iynə vuracaqsınız və mən...
- Siz sağlamsınız. Ağrıyan yeriniz varmı?
- Bilmirəm. Başım, başım bərk ağrayır. Gözlərim qaralır.
Mən təcili onun təzyiqini ölçdüm və tibb bacısına göstəriş verdim.
Düzü təşvişdəydim. Təzyiqi çox yüksək idi. Onun sərsəm sözləri qulağımda səslənirdi: "Məni siz öldürəcəksiniz".
Tibb bacısının əlindəki şpritsə baxıb
- Dayan - dedim- Lazım deyil! Vurma!
- İsti su gətirin! Limon sıxın!
Bir - neçə adi tədbirdən sonra o özünə gəldi. Baş ağrısı keçdi. Gözləri açıldı.
Mən tərimi silib ayağa qalxdım.
- Yaxşısınız artıq. Biz gedək.
- Doktor mən səhv edə bilməzdim axı.
- Siz nəinki səhv edirsiniz, hətta boş bir fikir söyləyirsiniz.
Qapıda qoca anayla sağollaşıb mənzili tərk etdik.
Maşında siqaret çəkə - çəkə fikrə getdim:
"Birdən həqiqətən o iynədən ölsəydi?"
Sonra, sanki yuxudan ayılıb fikrimi dağıtdım.

 


Həyat davam edirdi. Bu sərsəm qonşumu tədricən unudurdum. O da məni narahat etmirdi daha.

Bir gün işdən qayıdanda qonşuların bir yerə toplaşdığını görüb onlara yaxınlaşdım və nə baş verdiyilə maraqlandım.
Qonşu binada yaşayan cavan oğlanın bu gün səhər öldüyünü eşitdim. Bu mənimlə kafedə görüşən oğlan idi. Ölümün səbəbiylə maraqlandım.
Dedilər ki, yolu keçəndə onu maşın vurub. Elə yerindəcə keçinib.
Çox pis oldum. Sürücünün kim olduğunu bilmək istədim. Heç kim bilmədi. Ürəyimdə ona çox yazığım gəldi.
Yorğun halda mənzilimə qalxdım və işıqları yandırmadan divana uzanıb fikrə getdim. Onunla kafedəki söhbəti, sonra onu necə xilas etdiyimi yada saldım.
Telefon zəng çaldı. Dostum idi.
- Salam. Qanım qaradır. Qonşuluqda tanıdığım bir oğlanı maşın vurub. Ölüb.
- Hə.Bilirəm. Bilirsən kim vurub?
- Yox
- Sənin evinin keçmiş yiyəsi. Sən evi ondan almısan.

 

 

 

 

Təranə Məmməd

 

qadinkimi.com