YAZI / DÜŞÜNCƏ
Mənən kiçilən duyğuların bərpası çox vaxt aparır Tarix : 16 Dekabr 2019, 17:00
Yazar : Qadinkimi.com
Ruh enerji mənbəyidir, yüksək olanda sevincimiz iz buraxır qəlbimizdə. Qəzəbliykən də ruh halımız-enerjimiz çoxalır və istəməsək də neqativlik ötürülür. Hər iki halda - yüksək enerjili olan zaman tənzimləməyə ehtiyac duyur insan. Münaqişə içində eqonun yüksək vəziyyəti yaranır, münaqişə bitdikdən sonra bölünmə, fikirlərdə parakəndəlik, günahkarlıq hissi, vicdan da varsa səsini eşidir insan. Beyində minlərlə hüceyrəmizin ölməsinə səbəb əsəbin faydalı olmadığı dəqiqdir. Öz səsini eşidə bilməməsinin nəticəsi olaraq hayqırtısı olan qəzəb zamanın axarında əriyib itsə də bəzən fəsadları qalır. Qəlbən, ruhən, zehnən bütöv olduğunu, əks etdirdiyi dünyanın şüurlu varlığı olaraq ruhunu uca tutan insan hər iki vəziyyətində sevinc və kədərliykən pozitiv və neqativ halının - enerjili ruhunun əsirinə çevrilmirsə, ali insani duyğularını qoruyub saxlamağı bacarırsa nə xoş ona.  

Məhəbbətimizi-nifrətimizi, səmimiyyətimizi-kinimizi, ümumiyyətlə müsbət və mənfi olan münasibətimizi orta həddə qoruyub saxlamağın faydası da çoxdu. İnsan xarakterindəki simmetriyanın ifadəsidir ifrata varmaq. Ruhun sərt, təlatümlü hərəkətləri, həddini aşmaq insanın müvazinətini pozur. Həddi aşan qəzəb, kin və ya əksinə, mehribanlıq, mülayimlik, özünü fəda etmək, canfəşanlıq nəticədə hər iki müsbət və mənfi hallarda özünü təsdiqləmir, əksinə sonradan kədər, üzüntü verir. Ölçü həddi gözləniləndə isə öz əhəmiyyətini, gözəlliyini qoruyub saxlayır.
İnsan gözəl görünməyi bacarırsa həyatını rövnəqləndirir, ən çətin anında belə qəlbi məhəbbətlə, sədaqətlə doludursa həyatından zövq alır, mənəvi gözəlliyini simasında əks etdirməyə nail olur. Bizi sevənlərin, qəbul edənlər və etməyənlərin münasibəti də təxəyyülümüzün məhsulu olmaqla yanaşı özümüzü necə təsdiq və inkar etməyimizlə bilavasitə bağlıdır. Hər bir insan şəxsiyyət kimi formalaşmamışdan əvvəl bir fərddir. Fərd kimi doğuluruq, mənlik şüurunun yaranması ilə şəxsiyyətə çevrilirik. Bu zaman özünəməxsus həyat tərzimiz və öz daxili aləmimizlə formalaşırıq. 
Gözəllik insana hədsiz sevinc bəxş edir, həyata bağlayır, ürəklərdə təbiətə, insanlara qarşi sevgi oyadır, həyat eşqini alovlandırır, yaşamağa, yaratmağa inam aşılayır, həyatımıza nur çiləyir, rövnəqləndirir. Gözəllik əxlaqi, estetik hisslərin təcəssümüdür. Gözəlliyi, məhəbbəti duyan, qiymət vərən insanın qəlbində ecazkar dəyişikliklər yaranır, nəcib hisslər oyanır. İnsanı ona layiq olan yüksəkliklərə qalxmağa mənən sövq edir. İnsanlar arasında əxlaqi münasibətləri saflaşdırır, mülayimləşdirir, enerji mənbəyinə çevrilir, həyata bağlayır. İnsanlarda gözəl olan həqiqi münasibətləri görmək, duymaq deməli, çox xoşdur. Bunların əksi ilə qarşılaşmaq isə fəlakətdi, gözəl sandığımız duyğuların bir an içində əriyib itməsi, yox olmasıdır. Mənən kiçilən duyğuların bərpası isə çox vaxt aparır.


Yeganə İskəndərova 
qadinkimi.com