YAZI / DÜŞÜNCƏ
Məhsəti Gəncəvinin erotik duyğu və düşüncələri Tarix : 11 Dekabr 2019, 20:33
Yazar : Qadinkimi.com

Rübaini tərcümə edərkən farsca içəriyinə tam olaraq bağlı qalmağa çalışdım. Məhsəti bu rübaisində islamdan sonra məcburi gələnək halına gəlmiş olan saqqal və bığ qoymağı tənqid edir. Çünkü saqqal və bığ qadınların sevişməsi və tam olaraq üz-üzə toxunuşmaları üçün əngəl olmaqdadır. Məhsəti Gəncəvi Şərqdə erotik şeir yazan ilk qadındır. Erotik dərinliyi olan rübai yazma məktəbinin qurucusudur. Şeirlərində qadınlıq duyqusu açıqca sərgilənməkdədir. Sevdiyiylə sevişmə diləklərini sözlərə yükləyən ilk cəsur və bilgə qadındı. Orta Çağ dövründə və indi də davam edən İslam Orta Çağında qadın şair şeirlərində qadınlığını sərgilədiyində və qadın kimi həyatdan zövq alma duyqusunu bəyan etdiyində din və din qoruyucuları tərəfindən əxlaqsızlıqla və hətta ölümlə təhdid edilirdilər. Bu tabunu qıran duyqu və düşüncə adamı ilk qadın Məhsəti Gəncəvi olmuşdur. Din gələnəklərinin qadın duyqularını göz ardı etməsini ən estetik biçimdə tənqid etmişdir. Əslində isə bu tənqidin arxasında minilləlr boyu kişi mərkəzli din anlayışının basdırmağa çalışdığı qadınlığın azadlıq hayqırışları vardır. Məhsəti şeyx oğlu bir gənc oğlanı dəlicəsinə sevmişdir. Şeirlərində gəncəli Purxətib olaraq adlandırdığı bu gənc çox yaraşıqlı olmuşdur. Hələ saqqalı və bığı çıxmadan sevdiyi oğlanın gözəl üzünün heyranı olmuşdur. Ancaq islam gələnəyi gərəyi gözəl üzlü bu gənc oğlan saqqal buraxaraq təbiətin onun üzündə təsvir etdiyi gözəllikləri və cazibə mərkəzini yox etməliydi. Məhsəti Gəncəvi saqqal və bığ altında o gözəlliyin gizlin qalmasından dolayı üzgündür. Ayrıca, saqqal və bığ Məhsətinin rahataca sevişməsini əngəlləyirmiş. Çünkü saqqal və bığ Məhsətinin gül kimi yumşaq üzünə tikan kimi batırmış. Sevişmədən və öpüşmədən zövq ala bilmirmiş. Ayrıca özü də çox gözəl olmuşdur. Öz gözəlliyini də Məhsəti öyüb təsvir edərək Gəncəli Puri-Xətibə belə yazar:


"Mən məhsətiyəm, soylu gözəl, zirvəli dağ,

Öymüş məni Hind-u Çin, Xorasan və İraq.

Ey gəncəli oğlan bizə gəl Puri-Xətib,

Sənsiz yaxılan könlümə gəl ol dayanaq.”


Bu qədər anlamlı, etkiləyici və dərin gözəlliyə sahib olan Məhsəti o saqqalsız və bığsız sevişmə günlərinin həsrətini çəkərək yazır ki, sənin dodaqların əvvəllər qızılgülə bənzərdi. Sonra bığındakı tikanlar bu gülün çevrəsini sardı. Bığın tam sevimsiz qarğa qandı kimi oldu. Qarğa gəlib bu laləni çalıb qanadlarının altında gizlədi. Mənim sevdiyim dostumun üzü güzgü kimiydi. Gözəllikləri əks etdirən gözəl bir güzgü. Ancaq nə yazıq ki, bu güzgü də paslandı. Saqqal pası bu güzgünü yox etdi və artıq o gözəlliklər bu paslı güzgüdə görünməz oldu:


"Çiçək çevrəsini doldurdu dikən,

Bir qarğa qopardı laləni yerdən.

Dostun üzündəki güzgü paslandı,

Sənin dodağının rəngi sönərkən.”

 

Məhsətinin bu erotik məzmunlu rübailəri kişi mərkəzli həyat biçiminə qarşı açıqca etiraz səsidir. Məhsətiyə görə bir kişi saqqal buraxma azadlığına sahib deyildir və olmamalıdır. Çünkü bir evin iç memarlığı evin içində yaşayanlara aid olsa da, onun dış memarlığı o çevrədən keçən hər kəsə aiddir. Hətta evin içində oturanlar yoldan keçənlərin onların evlərinin dış memarlığından necə ləzzət aldıqlarını, ya da almadıqlarını bilməzlər. Kişinin də üzü onun dış memarlığıdır. Kişinin üzünün memarlığı özünə aid deyil. Hər kəsdən öncə onunla bir yataqda yatan, onunla sevişən qadına aiddir. Bu üzdən də Məhsətiyə görə kişi öz başına saqqal buaxmamalı, sevişdiyi qadına sayqı göstərərək onun duyqu və düşüncələrini göz önündə bulundurmalıdır. XII yüzildə belə zərif insancıl duyquları dini despotizmin hakim olduğu mühitdə dilə gətirmək çox böyük bir cəsarətdir. Bu üzdən Məhsətinin də rübailəri Xəyyamın rübailəri kimi yasaqlanmışdı. Sandıq ədəbiyyatına dönüşmüşdü. Moğollar gəldilər və islam xilafətini ortadan qaldırdılar. O çağın şərtlərinə görə dünyəvi dövlət quraraq islamın şəriət hökmlərini yasaqladılar. Dövlət və sosial həyat şəriətin gerici, qadın düşməni, qaba və saldırqan basqısından azad edildi. Bunun üzərinə Məhsəti və Xəyyam kimi şairlərin şeirləri özlərindən 80-100 il sonra sandıqlardan ortaya çıxmağa başladı.

 

 

 


Güntay Gəncalp

qadinkimi.com