UŞAQ / BÖYÜK
Öldürülmüş Nərminin ailəsinə qayğı, yoxsa 1 iyun bər-bəzəyi Tarix : 07 İyun 2022, 12:22

1. Belə əzablı hadisə hər kəsin başına gələ bilər. Kimsə bundan sığortalanmayıb. Bu gün övladı öldürülmüş ailəni dinləmək, danışmaqlarına fürsət yaratmaq əslində gələcəkdə baş verə biləcək uşaq qətillərinə indidən məhz praktiki etiraz etmək, mövqe sərgiləməkdir, həm də. 


Məzlum ailənin yanında olmaq sadəcə insani bir məsələdir və bu mütləq kimisə ittiham etmək anlamına da gəlməz.


"Günah həmişə öldürüləndə olar” sofistikası ilə əhatələnmiş beyinlər yəqin bu məsələdə stop edər. Dəqiqdir ki, amansızlıqla qətlə yetirilmiş 10 yaşlı uşaq suç sahibi deyil. 


2. Övladı avtomobil qəzasında dünyasını dəyişmiş ailə belə özünə gələ bilmədiyi halda, 10 yaşlı qızı amansızlıqla qətlə yetirilmiş kəndli, zəhmətkeş valideynlərin emosional durumunu təsəvvür etmək hər halda o qədər də çətin olmaz. 


Bəli, halva evdə bişməyənə qədər şirindir. 


Sadəcə elə hadisələr var ki, bunu duymaq, hiss etmək üçün yalnız İNSAN QALMAĞIMIZ kifayətdir, məhz qalmağımız. Dünyaya insan gəlməkdən mühümü o ali halımızı qoruyub saxlamaqdır. 


Niyə bunları qeyd etdim? 


Bu əcaib prosesdə az qala uşaqdan başqa hər kəsə, hər mövzuya diqqət yetirilir. Nəticədə bilərəkdən, yaxud bilməyərəkdən ailə, qətlə yetirilmiş qız mövzusu tamam kənarda qalır. 


Xoş niyyətdən, anlamaqdan irəli gələrək ailənin yanında qərar tutanlar, onlarla maraqlananlar isə müxtəlif ittihamlarla qarşılaşırlar. 


O boyda övlad itkisi ilə qarşılaşmış ailə, həm də hər nə gəldi ittihamlar ilə üzləşir. Kiminsə savadı, danışığı, agahlığı zəifdirsə bu onun haqsız olmağı anlamına  gəlməz. 


İttihamçının, qətli törədənin kim olmasından aslı olmayaraq övladı amansızlıqla öldürülmüş ailəyə diqqət məhz insanlığa diqqət yetirməkdir - bu diqqət isə yalnız 1 iyun günü bər-bəzəklər ilə olmur. Bu ərəfələr həmin qızın, ailənin yanında olmaq niyyəti elə bütün uşaqları qorumaq anlamına gəlir, həm də.


Allah ailəyə səbir, qüdrət, agahlıq, gözəl nitq əta etsin. Nərminin qanı yerdə qalmasın!


Ağa Mehdiyev

qadinkimi.com