YAZI / DÜŞÜNCƏ
Kiçik şeylərdən inciməyi necə dayandıraq Tarix : 30 Noyabr 2019, 14:55

Hamının ətrafında hər şeydən küsən bir tanışı mütləq var. İndiyə qədər onunla birlikdə normal qəhvə içməyə belə gedə bilməmisiniz. Çünki dərhal şikayətlənməyə başlayır. Tanış mənzərədir, elə deyilmi? 

Yaxşı, belədirsə onunla ünsiyyəti davam etdirməyiniz o qədər də vacib deyil. Amma bu şəxs ana, qardaş, bacı, həyat yoldaşı və ya sevgilinizdirsə həyat çətinləşir.

Bu gün belə insanlarla həyatın necə çətin olduğundan danışmaq istəmirik. Onları sevməyi öyrətmək istəyirik. Çünki əslində küsəyən insanlar aramızda ən yaxşı olanlardır...

Küsəyən insan

Narahatlıq hissi təbii bir duyğudu və haqsızlığa cavab olaraq üzə çıxır. Bəzən də aldığınız cavabın gözləntinizdən fərqli olmasıdı. Çoxları heç vaxt incimədiklərini iddia etsə də, bu, belə deyil. İncimək hər bir insana xas xüsusiyyətdi, ancaq bunun da müəyyən bir həddi var. Bəzilərində dərəcəsi həddən artıq olduğu üçün gönüqalın hesab edilirlər. Onların da öz mənfi cəhətləri var. Amma bu, tamamilə başqa mövzudu. 

Hələlik incimə həddi daha aşağı olanlardan bəhs edək. Əksər hallarda belə insanlar zəif xarakterli və əsəbi hesab olunur.
Həqiqətən onlarla ünsiyyət qurmaq çox çətindi. Çünki deyilən hər bir sözü anlamadan isədikləri kimi qəbul edirlər, siz də həmişə deyəcəkləriniz barədə əvvəlcədən düşünmək məcburiyyətində qalırsınız. Kəskin zarafatlarınızı gözlədiyiniz kimi qarşılamırlar. Axı hamı hər kəlməsini seçmək məcburiyyətində qalmayacağı rahat münasibəti xoşlayır!

Gəlin bütün bunlara başqa tərəfdən baxaq. Həssas insanlar çox yaxşı insanlardı, sadəcə çox komplekslidirlər. Bu komplekslər də onlarda gizlində həddən artıq özünütənqidə yol açır. Onlar tənqidi çox ağrılı qarşılayırlar və üzdə özlərini heç vaxt haqsız hesab etmirlər. Onlar hər şeyi qəlblərinə çox yaxın buraxırlar. Amma özünütənqid qədərində pis xüsusiyyət deyil.

Küsəyən insanların daxili aləmi - çox həssas hisslərin məcmusudu. Normal hisslərdən əlavə, onları layiq olmadıqlarını düşündükləri davranış və sözlər narahat edir. Onlarla birlikdə yaşamaq çox çətin olsa da, bu qədər həssas olmalarında da günahkar deyillər.

Bütün bunlara rəğmən, belə insanlar hamıya qarşı mərhəmətli davranır və nadir hallarda başqalarını üzürlər. Onlar çox həssas olduqları üçün söz və intonasiya seçimində də ehtiyatlı davranırlar. Eyni həssaslığı ünsiyyət zamanı qarşı tərəfdən də gözləyirlər.

Belə insanlarla ünsiyyət bizim xeyrimizədi. Düşünün, əgər bu insan sizin üçün əzizdirsə, özünüzə qarşı daha tələbkar olacaqsınız. Həmçinin mümkün qədər kübar davranmağa çalışacaqsız. Eyni zamanda nitqinizi və intonasiyanızı da izləməyə başlayacaqsız. 

Bunların sayəsində insan daha da yaxşı davranmağa məcbur olur. Küsəyən bir insanla onun hisslərinə toxunmadan danışmağı öyrənsəniz, ünsiyyət sənətində rəqibiniz olmaz.

Beləliklə, bu kövrək və həssas insanlar bizi daha da kamilləşdirir, daxilimizdəki yaxşı keyfiyyətləri üzə çıxarır. Eyni zamanda onlar kinli deyillər və bir-iki kəlmə deməklə incikliyi aradan qaldırmaq mümkündü. 

Küsəyən insanlarla ünsiyyətdə sizə bəzi məsləhətlərimiz var:

Küsəyən insanla necə davranmalı?

Açıq olaq, onlar bəzən həddi aşırlar. Buna görə də onlarla danışmaq və üzüntülərinə tab gətirməyi bacarmaq lazımdır. Bu o demək deyil ki, sizi onlara dözməyə çağırırıq, bəzən onlarla mübarizə aparmaq da lazımdır. Burda qızıl ortanı axtarmaq önəmlidi. 

Məsləhətlərə başlayaq.

1. Sizin səhvləriniz deyil, onun inciklikləri barədə danışın;
Həmişə üzr istəyə bilməzsiniz, sərhəddi müəyyən etməlisiz. Bir insanın çox uzaqlaşdığını hiss edirsinizsə onu ciddi söhbətə dəvət edib, səmimi danışın.
Söhbətə ittihamlarla başlamamaq önəmlidi. Həmin şəxsə tez-tez baş verən bu incikliklərin sizi necə üzdüyünü və narahat etdiyini bildirin.

2. Sərhədləri müəyyən edin;
Ona səbr etməyə və üzr istəməyə hazır olduğunuzu, eyni zamanda şikayətlərinə nə qədər tab gətirə biləcəyinizi də izah edin. Onu sevdiyinizi və dəyər verdiyinizi bildirməyə çalışın, amma davranışını bəyənmədiyinizi də vurğulayın.
Sadəcə qarşıdakı insanla sərhədləri düzgün təyin etmək önəmlidi.

3. Sakit olun;
Küsəyən  insanla münasibəti davam etdirmək istəyirsinizsə, sakitləşməyi öyrənməlisiniz. İlk söhbətdən sonra dəyişəcəyinə ümid etməyin. Sakit olun, mübahisələrə yol verməyin və üzr istəməyin. Sadəcə onu anlamağa, dinləməyə çalışın, üzgün olduğunuzu bildirin. Bunu metodik şəkildə etsəniz, bir müddət sonra razılığa gələrək bir-birinizi daha yaxşı başa düşəcəksiz.

4. Situasiyaya baxışınızı dəyişin;
Bu insanın həssas olduğunu və başqa cür ola bilməyəcəyini qəbul edin. Məsələyə başqa tərəfdən baxın, hirslənmək əvəzinə vəziyyəti qəbul etməyə çalışın. Özünüzü və ya onu təqsirləndirməkdən, ya da ona eyni incikliklə cavab verməkdən vaz keçin. Bunların işə yarımadığını birdəfəlik qəbul edin və sadəcə vəziyyəti düzəltməyə köklənin.
Küsəyən insanlarla həyat və ünsiyyət asan deyil, amma bizi təmkinə öyrədirlər. Cəhd göstərməyə çalışsanız, belə insanlarla isti münasibətlər də qura bilərsiniz. Səbir işə yarıyır, inanın.
İncimək hər birimizin keçirdiyi hissdir. Amma bunun insanı içindən yediyindən və hətta fiziki sağlamlığa da zərər vurduğundan hər kəs xəbərdar deyil. Bunun qarşısını almaq və xoşbəxt olmaq üçün bağışlamağı bacarmalısan!

Qadinkimi.com