YAZI / DÜŞÜNCƏ
İtirilmiş gülüş - Aysel Fikrət Tarix : 28 Aprel 2020, 18:18
Yazar : Aysel Fikrət

Psixoloq demirəm özümə, hələ araşdırmalar aparıram. Yalnız, mənə güvənə bilərsən. Bəlkə danışasan; istəyirsən zümzümə et. Nə danışırsan danış, mahnı oxu, yalnız susma. Sussan biz cıxış yolu tapa bilməyəcəyik. Xahiş edirəm...bəlkə piano... Gəl nəsə ifa et.

O, qırıq-qırıq danışmağa başladı. Pianonun arxasına keçib elə qəmli bir musiqi ifa etdi ki, mən göz yaşlarımda boğulurdum. Aylarca onun yanına gəldim, hər dəfə suallara nəsə müəyyən cavablar ala bildim..təqribən əhvalat belə olmalıydı.


Gecə düşmüşdü. Otaqda qəribə sakitlik vardı. Sanki bu sükut böyük bir nitq söyləyirdi, yad yerdə hiss etdi özünü, ürəyi döyünməyə başladı, qapını açıb çölə cıxdı. Qapının ardında üç-dörd arvad ona baxıb başlarını yellətdi.

İçəri girdi. İş tapmağa çalışdı. Birdən köhnə əşyaların içində toxumalıq ip tapdı. Oturub toxumağa başladı. Gözlərini bir nöqtəyə dikmişdi. Toydan sonra onu ərinin bağ evinə gətirmişdilər, bir müddət burda qalacaqdılar. Düşünürdü şəhərə gedəndə bu cür darıxmaram. İstəyəndə düşüb şəhəri gəzərik. Öz-özünə ürək-dirək verirdi ki, birdən qapıya möhkəm bir təpik vuruldu. Qız diksinib yuxarı atıldı. Qapıda orta yaşlı bir qadın göründü: "Yuxudan durmusan?!”

"Bəli.”

"Bəs niyə gəlib əl-ayaq eləmirsən, evini, həyətini, hini təmizləmirsən! Yoxsa elə bilirsən sənin hambalınam, hə?!”

"Axı....”

"Nə dedin?! Hə, bəlkə demək istəyirsən dünən gəlmisən gəlin. Bilirsən nə var, ay qız, bu evdə mənim sözüm keçir.. At o əlindəkini, bura səninçün kurort yeri deyil!”

Qız qapıdan çıxıb həyəti süzdü, nəyi necə edəcəyini bilmirdi. Qadın onu dümsüyüylə həyətə itələdi: "Qabları yu!” Üç-dörd qadın yenə nəsə danışıb başlarını bulayırdılar. Qız sakitcə onların yanından keçdi, qabları yumağa başladı, həyəti süpürdü, paltarları yudu, sərdi. Evə dönəndə günorta olardı. Oturmaq istəyəndə qadın dilləndi: ”Günorta yeməyi hazır etmisən ki, oturursan!” Qız mətbəxə keçdi, dönüb arxaya baxanda qadın dedi: "Bax, hər addımına baxıram. Bişir!”

 

Qız əsməyə başladı çünki bu 18 il yaşadığı ömründə bir dəfə də olsun yemək bişirməmişdi. Sakitcə dedi:”Mən bişirə bilmərəm.” Qadina sanki od vurdular.

Qışqırmağa başladı. Qız nə qədər edirdisə qadının dedikərini eşitmirdi, qulaqları səsdən tutulmuşdu. Bir təhər qadının qışqırığı sədaları altında yeməyi də bişirib qurtardı. Nəhayət otağına keçib dərin bir nəfəs aldı, pianoya baxdı, gözləri doldu. "Axı biz niyə bura gəldik”- deyə pıçıldadı. Piano da boynunu sanki büküb qıza təəssüf etdiyini bildirdi. Qapı möhkəm döyüldü. "Buyurun”, - deyə qız sakit səslə dilləndi.


İçəri kişi daxil oldu. Qaynı idi: "Qulaq as, bilirəm pianinan zadun var. Amma yadunda saxla, bura kəntdü. Ay durum pianina dınqıldadım, ay durub başımı darıyım şəhərə gedim, ay durum, nə bilim, mahnı-zad oxuyum... Yəni bilün; ər-arvad birlikdə doğrıyaram ikivüzü də! Yəni bunu bilün və buna görə hərəkət edün! Bu zibilin də üstünü ört, gəlib gedən görər”- deyə pianonu göstərdi. Qızın gözləri böyümüsdü. Əlləri, ayaqları yarpaq kimi əsirdi. "Özün də başıaçıq həyətə çıxma. Bizim arvaddara bax olar kimi hərəkət elə. Bildün, ağez?”


Qız məhv olmuşdu. Qapını çırpıb getdi. Bu insanları niyə əvvəl tanımamışdı. Hamısı aciz, sakit kimi gəlirdi ona.

Həyatın axarı budur. İnsanlar bu cür həyatın axarına duşurlər. Bu qəza idi. Aylar keçdi. Ürəyini qəribə bir sevinc sarmışdı. Bu nə idi belə... Qaynanasının söyüşləri, qaynının hədələri, qonşu arvadlarının söz dolu baxışları belə onu incitmirdi. Elə hey gülmək, sevinmək istəyirdi. Ruhunda elə böyük bir sevinc gəzinməkdə idi ki... Artıq iki ayliq hamilə idi. Bütün işlərini sevincək edirdi, bu evdə olan hamını, hər kəsi çox sevməyə başlamışdı. Ona dəli kimi baxan insanlara məhəl də qoymurdu. Hər acı kəlmələrinə bir xoş söz deyib onları utandırırdı. Yəni özü elə düşünürdü. Onlarsa onu ələ salmaqda, bir-birinə pıçıldaşıb gülməklərində, acılamaqlarında idi. Heç nə onları dəyişdirmirdi. Kimsə demişdi axı, pisliyə yaxşılıq, düsmənçiliyə dostluq. Eh, nə bilim bunu kim demişdi...? Valideynlərindən hansısa uşaq çağlarından bunu beyninə yedirtdmisdi.


Hə, elə həmin gün axşam çağlarında yoldaşı işdən evə qayıtdı. Həmişəki kimi o birinci anasını, atasını görməyə getdi. Uzun danışıqlardan sonra yemək otağına keçdi. Susqun halda yemək yeməyə başladı. Gözlərini zilləyib məhəbbətlə üzünə baxan xanımına gözünün ucu ilə də baxmadı. Sakitlik qulaq batırırdı. Kor-peşman otağına keçib yerinə uzandı. Gecə düşmüşdü. Xeyli vaxt keçsə də əri gəlmirdi. Gözlərini qapıya dikib bir saata yaxın gözlədi, sonra elə ordaca yuxuya gedib qaldı. Bir az keçmiş qapı açıldı. Birdən-birə ani olaraq qulaq batırıcı səs eşitdi. Gözlərini açıb qarşısında ərini gördü. Onun gözləri böyümüş, dodaqları ağappaq olmuşdu. Nə baş verdiyini dərk edənə qədər bir-iki sillə yedi. Ayağa qalxmaq istəyirdi ki, əri onu yerə itələyib təpikləməyə başladı. Təpiklər ona dəydikcə yerində qıvrılır, əli ilə qarnını tutub körpəsini qorumağa çalışırdı. Birtəhər ayağa qalxıb eyvana qaçdı. Əri kabus kimi onu izləyirdi. Çox qəribədir, bir dəfə də olsun bir sillənin belə nə olduğunu bilmədiyi halda onu təpiyin altına salıb döyürdülər. O isə bunun nə olduğunu, nələr olduğunu anlamırdı. Yalnız analıq hissinə sığınıb uşağını qoruyurdu. Səhər açılana qədər ağlamışdı. Eyvandan evə gəlməmişdi.

Yoldaşı da yorğun düşüb yatmışdı. Yuxudan oyanan kimi yatağını döşəməni qan içində görüb huşunu itirmisdi. Gözlərini açanda Təcili yardım maşınında tibb bacıları bir-biriylə nəsə pıçıldaşırdılar. Xəstəxanada halsız uzanmışdı. Artıq övladını itirdiyini ona demişdilər, onun isə bu kədərli xəbəri bölüşəcəyi bir doğması belə yox idi. Gözlərini tavandan çəkmir, bir nöqtəyə baxıb həmişə övladı üçün zümzümə etdiyi nəğməni qırıq-qırıq sayıqlayırdı.


Gözlərinin altı gömgöy idi, saçları dağınıq, halsız düşüb qalmışdı. Tamamilə həyatdan təcrid olmuşdu. Beynində bir fikir belə yox idi.

Qapı açıldı. Qaynanası, qayınları idi. O üzünü pəncərəyə tərəf çevirdi. Qayınana ona yalvarmağa başladı:”Qızım, polis səndən nəsə soruşsa sən de ki, özüm hamamda yıxılmışam. Siz hələ cavansız, həyatınız qabaqdadı.”

Birdən qapıda səs-küy, ağlamaq səsi eşidildi. Qız anasını görcək onun üstünə atıldı. Onlar qucaqlaşıb ağladılar.

Qızın gözlərində işıq doğulmuşdu, sanki.. Sonra başından keçən hər şeyi anasına danışdı. "Ana, məni daha onların yanında qoymazsan, hə?

Düz deyil?” Anası fikrə getdi. "Qızım, ailə dağıtmaq asandı? Getmək bir ayıb, qayıtmaq iki... Zamanla düzələr, o da cavandı. Onu öyrədiblər. Sən uşaqsan, anlamırsan. Hələ yaşamalı ömrünüz var...”


Qızın gözlərində işaran işıq bir anın içində söndü. Hər kəsin hamının yad olduğu yerdəydi. Uşaq vaxtı belə bir yuxu görmüşdüm, ana.

Yuxumda hər kəs doğmam idi, yalnız yaxına gəlirəm, gözləri şüşədən robotlara dönürlər. Bir-birinə bənzər analar, atalar; onlardan əslini tapmağa çalışıram. Yalnız bacarmıram. Yuxum bu imiş. "Bəs atan nə deyər, ay bala?”


Elə hadisələr var ki, insanı bir günün içində böyüdür, qocaldır, öldürür. Həyat qabaqda deyil, ana, həyat hardasa çox geridə qaldı. Bundan sonra heç nə yoxdur. Olmayacaq da, hamısı balamla birgə...


Anası:” Qızım, sən hər şeyi şişirdirsən.”

"Ola bilər, ana. Yalnız sən getsən yaxşıdı, indi hamı nigaran qalar, yol uzaqdır. Mən yaxşıyam, get.”

Gözlərini bərk-bərk yumub, üzünü divara tərəf çevirdi. Bu an yoxa cıxmaq, bir kimsəni görmək istəmirdi. "Bu da sonu”, düşündü. Qapıdan içəri girib boynun bükən ərinə və qaynanasına dedi:” Yaxşı, sənin dedyini edərəm; amma sən də məni boşayacaqsan. Boşayıb başqasını alacaqsan.”

"Bu mümkün deyil,” əri dilləndi, "istəyirsən sat məni polisə, yanız mən səndən ayrılmayacam.”

"Gülməlidi”, deyə qız üz-gözündən yaraların sızıltısından gözlərini güclə acıb ərinə baxdı: "yox, dedim sənə, bununçun sənə minnətdar olmalıyam.”

"Nə danışırsan sən, dedim ki, yox bu iş olan deyil.”


Təsadüfən rastlaşmamışdıq. Eyvanda bir nəfərin uzun müddət yerə boylanıb baxdığını, sonra isə yuxarı cıxacağını hiss edib, dayan, dedim. "Bu cıxış yolu deyil. Başqa heç nə gəlmir ağlına? Bax, mən psixoloqam, sosial problemlərinin həlli mərkəzində çalışıram”, bəlkə bir xeyrim dəydi deyə bağırmışdım. O isə çaşqın, kimsəsiz gözlərini mənə zilləyib durmuşdu.Bir anlıq, hər dəfə "hər bir çətinlikdən cıxış yolu var, bu düzgün fikir deyil”-, deyə düşünərək əl saxlamışdı.


Pillələri düşüb onlara tərəf qaçdım. Qapını ortayaşlı bir kişi açdı. Uzun çətinliklərdən sonra onun yanına gedə bildim. Onu dəli kimi bir otağa qapamışdılar. Qaynanası aciz-aciz:”ay bala, böyük bir zülmə düşmüşük... Bir gəlin gətirdilər, o da dəli. Sən demə elə bu dəli imiş. Deyirəm, ay bala, aparaq qoyaq dəlixanaya, bu öz-özünə gecələr danışır, mən qorxuram. Deyir yox. Bu da mənim bəxtim.”

"Məni onun yanına aparın, xala.”

"Keç, al bu da açar.”


Otağa girəndə tənha, yalqız bir insanin üsyanını duydum. Bu özünəməxsus müdafiə idi. "Əhsən sənə”,- deyib sözə başladım:

"Əhsən, sən bir inqilab etmisən. Yoxsa, inanirsan, minlərcə qadınlar döyülür, söyülür həyatlarını davam edib yaşayırlar. Sənsə bunları məyus etmisən, bilirəm mütləq bir tarixçən var, bəlkə də harasa yazmısan.” O başını yellətdi. "Onda gəl bundan başlayaq, gəl hər şeyi yazaq.”

O əsə-əsə əllərini üzümə çəkib güclə dedi:”sən...sən...”

"Özünü yorma, bacım. Mən, hə, mən sənə yardım edəcəm. Bu vaxta qədər tək idin, indi mən varam.”

Gülümsədi, deyəsən o bunu çox böyük əzabla bacardı.


Mənim gəlişimdən sonra onda irəliləyiş olduğundan həyat yoldaşı tez-tez gəlməyi xahiş etmişdi. Ona oxşar taleli qadınlardan danışmaqla, bu hadisələrin çox baş verdiyini deməklə, adi həyatda da belə işlərin çox olduğunu anlatmaqla günlərim keçirdi. Sosial şəbəkədə ona videolar göstərib özünə qapanmağın fəsadlarını, Allaha sığınmağın nə qədər gözəl olduğunu başa salanda zövq alırdim. Üzü gülürdü. Günəş kimi parlayırdı. Mən də sevinirdim.Yalnız biz, deyəsən, nəsə kəsə gəlmişdik. Nəsə düz etmirdik.

 

Son zamanlar birdən halsızlaşırdı. Özünə qapanmağa başlamışdı. Sanki divarlar onu tamam sıxmışdı. O gün qərar verib onu gəzintiyə çlxartdıq. Qaynı israr edirdi. "Onun xəstə, halsız olduğunu görənlər nə düşünər”?- deyə hay-küy salırdı. Bir təhər yola gətirdik. Dənizə baxdıqca baxdı, bir kəlmə də demədi. Əri özünü günahkar sayırdı. Hər baxışında yerindən atılır, haçansa ona muraciət edəcəyini gözləyirdi. O isə ərini görmürdü, duymurdu. Bir - neçə gün sonra tanış bir psixoloqla uzun-uzadı onun haqqında danışdıqdan sonra sevincək evə tələsirdim.


Adətim üzrə otağıma keçən kimi onun pəncərəsinə baxdım. Onu görmədim, əvəzində çoxlu insanlar gördüm. Kimsə bərkdən ağlayıb deyirdi ki, məni bağışla, qızım. Pillələri dörd-dörd qaçıb açıq qapılarından qorxa-qorxa içəri girdim. Bu onun anası idi, üsyan edib özünü yerə cırpırdı. Bir neçə nəfər onu saxlamağa calışırdılar . Nə etdimsə onu qoruya bilmədim. Heç intihar etmədən susaraq gözlərini yumub ölmüşdü.

Yerdə bir dəftər vardı, içində təkcə bir neçə cümləyazılmışdı. Göz yaşlarım dumanında bunları oxuya bildim.


"Həyat qabaqda deyil, həyat çox uzaq bir keçmişdə qaldı...”

Tanrı yaşaya bilməyənləri daha yaxşı qoruyur...


Bundan sonra onun ailəsi tamamilə bağ evlərinə köçüb evi kirayə verdilər. Mən də onlara tərəf baxan pəncərəni bərk-bərk bağladım. Bir də o tərəfə boylana, baxa bilmədim. Yalnız hər gün onun məsum, susqun, carəsiz üzü yadımdan cıxmazdı. Tez-tez yuxularıma gələrdi. Yuxularımda sevincək körpəsiylə oynayar, mənə urək-dirək verərdi.


Həyat qabaqda yox, geridə qaldı. Bir qism insanlar gözəl həyatı dağıtmaqla məşğuldu. Ömrümün sonuna qədər bununçün mübarizə apararkən gözlərimdə o gülüşünü itirən gənc qızın acı hekayəsi canlanacaq. Hər dəfə mən onun acı hekayəsindən yeni yola çıxacaqdım.

 

 

 

 

Aysel Fikrət
qadinkimi.com