BURA / ORA
İSTEFA VERƏN PREZİDENT MORALESİ MÜXALİFƏTÇİ SENATOR ƏVƏZLƏDİ Tarix : 13 Noyabr 2019, 17:18
Boliviya: prezidentlikdən istefaya məcbur edilmiş Eva Moralesi müxalifətçi senator əvəzləyib

İstefa verməyə məcbur edilmiş Boliviya Prezidenti Evo Moralesin Meksikadan siyasi sığınacaq almasından sonra müxalifətdən olan senator Jeanine Anez növbəti seçkilərədək prezident vəzifəsini yerinə yetirəcəyini açıqlayıb.

52 yaşlı Anez Konstitusiyaya görə idarəetməni təhvil almaq növbəsinin onda olduğunu müdafiə edib və tezliklə növbəti seçkinin keçiriləcəyini bəyan edib.

Evo Morales bu açıqlamanı tənqid edib və Anezi "çevriliş taciri sağçı senator" adlandırıb.

Twitter hesabından mesaj verən 60 yaşlı siyasətçi "tarixdəki ən məkrli zərbə" ifadəsindən də istifadə edib.

Meksikadan siyasi sığınacaq alaraq bu ölkəyə getmiş Evo Morales bu qərarı təhlükəsizliyini təmin etmək məqsədilə verdiyini söyləyib.

Evo Morales 20 oktyabr seçkisindən sonra etirazlar nəticəsində bazar günü istefa verdiyini açıqlayıb. Moralesin istefasını istəyənlər arasında Boliviya ordusunun yüksək rütbəliləri də olub.

On dörd il ölkəni idarə etmiş lider "daha çox qan tökülməməsi üçün" öz istəyi ilə vəzifədən getdiyini bildirib.

Bu nöqtəyə necə gəlinib?
Boliviyada oktyabrın 20-də keçirilmiş prezident seçkilərinin ilk turunda dövlət başçısı Evo Morales rəqibi Carlos Mesanı 10 faiz fərqlə geridə qoyduğunu və ikinci tura ehtiyac olmadığını açıqladıqdan sonra seçicilər küçələrə axışıb.

Səslərin 84 faizi sayıldıqdan sonra bu ölkənin seçki komissiyasının nəticələrin açıqlanmasını dayandırması seçkidə saxtakarlıq iddialarını ortaya atıb.

Müxalifətdə olan boliviyalılar küçələrə axışaraq seçkidə saxtakarlıq edildiyini, səslərinin oğurlandığını söyləməyə və etiraz etməyə başlayıblar.

Bazar günü Morales seçkilərin təkrar keçirilə biləcəyini açıqlayıb. Lakin ölkənin Baş Qərargah rəisi Williams Kaliman Moralesin artıq istefa verməsinin vacibliyini söylədikdən sonra Morales canlı efirdən istefasını elan edib.

Bunun bir çevriliş olduğunu deyən Morales Meksikaya mühacirət etmək məqsədilə təyyarəyə minərək ölkəni tərk edib.

Çərşənbə axşamı günü verilən son açıqlamaya görə, baş vermiş hadisələrdə indiyədək təxminən 7 nəfərin həlak olduğu deyilir.

Seçki komitələrində işləyən 30 səlahiyyətlinin həbs olunduğu bildirilib.


Mənbə: bbc.com

qadinkimi.com