BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
İranda “fahişə” damğası vurulan qadınların dramı - Real hekayə Tarix : 20 Sentyabr 2022, 18:38

1985-90-cı illərdə İranda yaşanan real həyat hekayəsi


İranda inqilab məhkəməsinin qanunlarına görə "fahişəliyin” cəzası ölümdür. Amma bu damğa kimlərə vurulur? Kişi ilə görünən istənilən qadın həmin kişinin öz əri və ya birinci dərəcəli qohumu olduğunu sübut etməlidi, edə bilməsə fahişə kimi cəzalandırılır. 


Hərçənd hazırda mövcud olan vəziyyətə bunu aid etmək çətindir. Çünki fahişəlik İranda demək olar ki, leqaldı. Seks işçiliyi xidməti göstərən qadınlar müştəriləri ilə müvəqqəti kəbin (siğə) kəsdirir və bu səbəbdən əxlaq polisi heç kimi məsuliyyətə cəlb etmir. Bir növ bu halda seks işçiliyi qanuni hesab edilir. 


Ziba və Məhəmməd universitet illərində tanış olub uzun dostluqdan sonra yeni evlənmiş bir cütlükdür. Məhəmməd mal-qara ticarəti ilə məşğuldur, Ziba isə özəl xəstəxanada tibb bacısı olaraq çalışır. Bir aydır evli olan cütlük bal ayına getməyi planlaşdırır. 

 



Məhəmməd bütün rəsmi prosedurları yerinə yetirərək özü və həyat yoldaşı üçün on beş günlük bal ayı proqramı hazırlayır. Və onlar bal ayını keçirmək üçün öz şəxsi avtomobilləri ilə Bəndər-Abbas şəhərinə doğru yola çıxırlar. 


Ziba və Məhəmməd təxminən 600 km yol gedirlər. İran inqilab keşikçiləri Pasdarlar şossesində maşınları saxlayıb şəxsiyyət yoxlaması aparırlar. Ziba və Məhəmmədin maşınlarını da saxlayırlar. 


Zibadan nikah şəhadətnaməsi tələb olunur. Çantasını axtarır, çamadanlarını yoxlayır, amma nikah şəhadətnaməsi və ya kəbin kağızı tapılmır, sənədləri qoyduğu pul kisəsi evdə qalıb. 


Məhəmməd inqilab keşikçilərinə izah etməyə çalışır ki, onlar yeni evləniblər və bal ayındadırlar. İnqilabın qaydaları mütləqdir. 


Nikah şəhadətnaməsi olmayan qadın kişi ilə olarsa fahişədir. Cəzasını almalıdır. Ziba ilə Məhəmməd and içir ki, evlidirlər. Çox yalvarıb yaxarsalar da xeyri olmur. 


Məhəmməd deyir: "Evimiz 600 km aralıdadır, icazə versəz, mən həyat yoldaşımla birgə gedib nikah şəhadətnaməsini gətirərəm. İnqilab keşikçiləri Zibanı buraxmır.


"Nikah şəhadətnaməsini gətir, qadını götür” deyirlər. Məhəmməd kor-peşman nikah şəhadətnaməsini gətirmək üçün evə yola düşür.


Yollar uzandıqca uzanır. Sükan arxasında olan gənc yaşadığı şok və həyəcanın təsirindən döngəni sürətlə keçərkən idarəetməni itirir. 


Yol kənarındakı uçuruma düşür. Qəzadan 3-4 saat sonra Məhəmməd ağır yaralarla xəstəxanaya çatdırılır. O reanimasiyada ölüm-dirim mübarizəsi aparır. Nə az, nə çox düz on beş gün huşsuz vəziyyətdə komada yatır. 


Ayılıb özünə gələndə ilk olaraq Zibanı soruşur. Onun hələ də polislərin əlində olduğunu öyrənir. "İlahi, Ziba günlərdi onların əlindədi, mən sevdiyim qadını xilas etməliyəm” deyib tez xəstəxanadan qaçır. Evə gedir. Nikah şəhadətnaməsini götürür. Zibanı saxlayan polis bölməsinə gedir.


- "Ziba hardadır? Nikah şəhadətnaməsini gətirmişəm. Onu buraxın". Buz kimi soyuq bir cavab alır. 

- "Səni bir həftə gözlədik, gəlmədin, biz də qaçdığını düşündük, bu qadının fahişə olduğu qənaətinə gəlib onu asdıq...” Yoldaşının cəsədi morqdan çıxarılıb Məhəmmədə verilir. 


Belə real hadisələr saysız-hesabsızdır. 

 

(Mətndəki fotolar şərtidir)


Hazırladı: Günel Dəniz

qadinkimi.com