SEVGİ, QADIN / KİŞİ
İndi mən sual verirəm, bəylər... Tarix : 08 İyun 2020, 15:44

Yemək gətir, bütün günü canım çıxıb işdə..." - bu cümlə ilə başlayan axşamlar var ailələrdə.

 

Bizim toplumda qadın-kişi və ailə mövzusunda çatışmayan, olması gərəkən, amma bir dürlü ola bilməyən situasiyalar mövcuddur. Ümumiyyətlə, ailə çəmbərimiz çox darısqaldır, ora istəklərimizi qısıtlı şəkildə sıxışdırmışıq. Ailə münasibətlərində ilk öncə dostluq, sonrasında hörmət, daha sonra isə sevgi ardıcıllığı olması prinsipinə əsaslanıram. Ən üzün ömürlü və sayğılı ailələrin təməlində bu prinsip dayanır.

 

Günümüzdə kişilərlə yanaşı qadınlar da çalışır. Yəni hardasa, ikisinin də günlük yükü eynidir. Hər ikisi işdən evə gəlir. Yaxud da çalışmayan qadın evdə övladları ilə məşğul olur. Axşam işdən gələn kişi ailəsi və qadını tərəfindən xoşhallıqla qarşılanır, gün ərzində qadının yükünün kişinin çalışma yükünə bərabər (bəzən isə daha ağır) olduğunu saymadan, yeməyi, səhər üçün geyimi, uşaqlarının hazırlığı və qulluğu normal şəkildə yerinə yetirilmiş olsa belə, kişi bundan razı qalmır. Evə gəlir, "yemək gətir, çay gətir" kimi əmrlərlə davranıb, gününü televizor qarşısında istirahətlə davam etdirən kişi, qadınının gününü belə sormağı ağlına gətirmirsə, bu ailə, birlikdə yaşamaq əzabına çevrilmiş bir məcburiyyətə dönür. Qadının verdiyi suallara qısa və lakonik cavablarla, başından edərcəsinə televizorun ekranına köklənmiş fikirlərlə baxan kişi, qadından daha hansı qayğı və şəfqətin, lap elə, hörmətin hesabını soruşa bilər ki? Adama deyərlər, nə vermisən ki, nə də istəyirsən? Və gecə yarısıdır, yatmaq zamanı gəlincə "yorğunam, mən yatıram" deyərək yatağına girib yuxuya gedən kişinin qadını nəvazişi kimdən görməlidir?

 

Bütün gününü işinə və ya övladlarına həsr edən, gecəni də yanında odun kimi yatan bir kişi ilə keçirən qadın necə xoş aura ilə günə başlasın? Qadın ehtiyaclarının başında nəvaziş, şəfqət dayanır, siz beş min manat pul gətirsəniz belə, qayğısını, nazını çəkə bilmədiyiniz, qadınlığını ona hiss etdirmədiyiniz təqdirdə bunun önəmi olmayacaq. Gözü başqa yerdə olan, daim axtarışda olan kişilərə sual verəndə ki, nə üçün axtardıqlarını qadınında tapmırsan, əksər hallarda, cavab bu olur: "Ailə başqadır, bu işlər başqa" Sən ailə qavramını necə başa düşürsən? Ailə, uşaq dünyaya gətirmə mexanizmasıdır, yoxsa arvadının tozunu alıb otağın bir guşəsinə yerləşdirəcəyin vitrindir? Sən istəklərini qısıtlayıb, qadınından istəmədikcə, əlbəttə, bu cür düşünəcəksən. Sən qadınına nə zaman "ər" tabusundan çıxıb, sevgili ola bilmisən? Onunla dərləşməyi, dost olmağı, yataqda istəklərini izah etməyi, bütün gözəllikləri yaşamağı arzuladığını dilə gətirmisən? Seksdən ancaq uşaq yapmaq üçün istifadədən vaz keçmisən, hisslərin gözəlliyini qadınında cəmləşdirmisən?

 

Bir də bu var... Ailə ortamında qadının kişidən istəkləri olanda, intim oyunlar düşünüb onu ərinə sərgiləmək istəyini söylədiyində kişinin verdiyi reaksiya dəhşətdir. Qadın dediyinə və düşündüyünə peşiman olur bu təpkidən. "Onu hardan bilirsən ki?, Sənə kim deyib ki? Niyə bu şeyi belə çox istəyirsən ki? Bu haqda hardan eşitmisən?" kimi suallarla adamı hisslərindən soyudan "ər"lər var. Bəyəm hər şeyi kişi bilməlidir? Qadının gözü kor, qulağı kardır? Qadın televizor, film, kitab, internet istifadəçisi deyil? Bu suallar "sən bunu etmisən ki, bilirsən?" nəzərlərilə qadına qarşı yönəlirsə, əlbəttə, kişi istəklərini kənarda reallaşdıracaq. Nə qədər ki, ailə qavramını çəmbərləmişik və oradan dışarıya çıxa bilmirik, bu, belə də davam edəcək.

"Ər və arvad" tabularını sındıra bilmiriksə, elə, kişilər kənarda arzularını gerçəkləşdirsin, evdə qadını ilə ancaq uşaq yapmaq üçün sekslə məşğul olsun, qadınların da orqazm yaşaya bilməməkdən əsəbləri tarıma çəkilib, bütün stressini sizə töksün. Bu da sizə AİLƏ!

 

More women supporting live-in relationships

İndi mən sual verirəm, bəylər... Sonuncu dəfə nə vaxt qadınınıza: "sabah gözəllik mərkəzinə get, mən tez gələcəm, uşaqlarla vaxt keçirərəm, sən get, bir az əhvalın dəyişsin, dəyişiklik et" demisiniz? Sonuncu dəfə nə vaxt: "evə gəlirəm, hazırlaş, yeməyə gedək, bir az əhvalımız açılsın, sənə də xoş olar" demisiniz? Nə zaman: "Bu gün uşaqları nənəsigilə aparaq, axşam baş-başa bir gecə keçirək" deyib bunu istəmisiniz. Sonuncu dəfə nə vaxt: "əlinizdə bir gül ilə qapını döyüb, qapını açan qadınınıza sarılıb öpmüsünüz?" Nə zaman: "bir film gətirirəm (və ya kəşf etmişəm), axşam birlikdə izləyək" demisiniz? Sonuncu dəfə nə vaxt: "sabah alış-verişə gedək (və ya get), sonra da bir məkanda kofe içək" demisiniz? Nə zaman: atəşli bir gecənin sonunda qadınınıza sarılıb qoxusu ilə yuxuya getmisiniz? İllərin ər-arvadı olaraq, nə zaman qadınınızın vücudunu tamamilə tanımısınız? Və bəylər, sonuncu dəfə nə vaxt ər olmaqdan çıxıb, qadınınız üçün sevgili olmusunuz?

 

 

 

Aysel Ateş Abdullazadə

Türkiyə, Antalya

qadinkimi.com