FEMİNİZM
İkinci Mahmud - Adınızı da qadın qoymusuz! Tarix : 17 İyul 2018, 20:43
Yazar : Qadinkimi.com

Ankara xatirələri və ya siqaret qoxulu feminist qadın


İş elə gətirib ki, hər hansı mövzuda fundamental məqalə yazmaq cəhdimiz çox zaman fiasko ilə nəticələnir - bizim oxucuya bu, lazım deyil. Nəticədə biz içində yumor və tragediya olan əhvalatlar danışmağa məcbur oluruq.

Nolacaq ki?! Qoy belə olsun.

Əgər iş belə gətiribsə, onda gərək mümkün qədər qlobal, lokal çərçivəni azca da olsa aşan əhvalatlar danışaq və ya ən pis halda, bu əhvatları özümüz uyduraq.

Xoşbəxtlikdən, bütün İsa məsih yaşımı monitor arxasında keçirməmişəm və danışmağa xeyli əhvalatım var.

Təxminən, 10 ilin söhbətidir. O vaxt daha gənc idim və kişi-qadın münasibətləri haqqında az şey bilirdim.

10 - 15 nəfərlik bir qrupla Ankarada Bilkənd Universitetində təlim keçirdik – o vaxt magistrant idim.

Qrupumuz, əsasən, qızlardan ibarət idi.

Bilkənddə bizə təhkim edilmiş, indi adını yadıma salmağa çətinlik çəkdiyim bir xanım var idi: 40-45 yaşlarında, klimaks dövrü psixologiyasında, olduqca çirkin, baxımsız, həmişə üst-başından siqaret qoxusu gələn, lap elə ünsiyyətin ilk dəqiqələrindən kişilərə nifrət etdiyini açıqca bəyan edən, sevimsiz bir qadın… O özünü "feminist” adlandırmağı xoşlayırdı.

İstirahət günlərinin birində bizi "Anıt Kabir”ə apardılar – Atatürkün uyuduğu movzoleyi ziyarət etmək hamımızın arzusu idi.

Bizi gətirən xüsusi avtobus movzeleyin önündə dayandı. Adını unutduğum o xanım damağına bir gilə "Marlboro lite” qoyub əlindəki siyahını yuxarıda yellədi. Diqqətimiz ona yönəldi. Xanım şərti-şumda kəsdi:

- Saat 12-də avtobusun yanında yığışırıq. Gecikəni gözləməyəcəyik! – deyib siqaretini alışdırdı.

Atatürkün görüşünə tələsdik.

Movzeleyin önündə, günün altında heykəltək dayanan türk əskərinin gözlərini qırpıb-qırpmamağını təftiş etdik (baş qarışanda qırpırdı)… "Aslanlı yolda” şəkillər çəkdirdik… Ağ və qırmızı güllərdən hazırlanmış türk bayrağı ilə "selfie” etdik – o vaxt selfie indiki kimi kütləvi psixoz halına gəlməmişdi…

Movzeleyin xatirə kitabına içində "Tanrı türkü qorusun!” olan bir-neçə pafoslu cümlə yazdıq…

Nəhayət, o, özünü feminist adlandırmağı xoşlayan, çirkin və üstündən həmişə siqaret qoxusu gələn qadının dediyi vaxtda avtobusun yanında cəm olduq. Qadının damağında siqaret var idi. Siqareti boş qutuya basıb ayağa durdu. Bir anlıq mənə elə gəldi ki, səhərdən bəri bircə siqaretlik vaxt keçib.

Siyahını oxumağa başladı. Hamı yerində idi. Bircə Emmadan başqa…

Əhvalatın bu yerində sizə Emma haqqında danışmalıyam.

Emma kimi vecsiz və məsuliyyətsiz adam tanımıram. O, bu məsuliyyətsizliyini "sərbəstlik” adlandırırdı.

Həmişə harasa gecikirdi. Həmişə nədənsə narazı idi. Həmişə ac idi. Həmişə susuz idi. Həmişə şəkillərdə pis düşürdü. Günəşdən narazı idi – lazım olandan çox isti verir. Aydan narazı idi – lazım olandan çox işiq saçır. Ağcaqanadlardan narazı idi – lazım olandan çox qan içirlər. Yer planetindən narazı idi – lazım olandan çox sürətlə fırlanır. Sinəsindən və popkasından narazı idi – lazım olandan daha balacadırlar. Yoldan narazı idi – lazım olandan çox uzundur.

Saat 12 tamamda avtobusun motoru işə düşdü.

Mən etiraz etdim. Dedim ki, Emmanı gözləməliyik. Özünü feminist adlandıran, üstündə siqaret qoxusu əskik olmayan xanım gəlib düz qabağımda dayandı. Soruşdu:

- Niyə?

Mən klassik cavablar verməyə başladım. Necə yəni niyə? Gənc bir qızı tanımadığı şəhərin ortasında qoyub getmək mənə - azərbaycan kişisinə yaraşardımı?

Əhvalatın bu yerindəcə bir siqaretlik ayaq saxlayıb balaca bir izahata ehtiyac duyuram. Bu əhvalatı danışmağımın səbəbi indi məlum olacaq. O çirkin və sevimsiz qadının mənə deyəcəyi sözlər, əslində, sonralar da qadın mövzusunda düşüncələrimin formalaşmasında böyük rol oynadı. Əslində, bu əhvalatı sizinlə bölüşmək səbəbim də məhz bu.

O qadın dedi:

- Sən nə demək istəyirsən? Sən demək istəyirsən ki, 22 yaşlı, universitet təhsilli, şəhərdə yaşayan, müasir, gənc bir azərbaycan qızı bir şəhərin bir başından o biri başına sərbəst şəkildə gəlib çıxmağa qadir deyilmi? Yəni, o gənc qız bir taksiyə otura və qaldığı ünvanı söyləyə bilməzmi? Yəni o bunu bacarmaz? Doğrudanmı, düşünürsən ki, siz kişilər olmasanız, biz qadınlar heç nəyə yaramırıq? Bura bax e! Sənləyəm! Sən özünü nə zənn edirsən axı?! Düşünürsən ki, o qız səndən daha bacarıqsızdır və sən daima onu qorumağa borclusan? Yoxdur elə şey! Bax indi çıxıb gedəcəyik və o qız da özü öz başının çarəsini qılacaq…

Bir anlıq başımda bir çəkic bir zindana zərbə vurdu: danqqq!

Sonralar mən bu haqda çox düşündüm - o sevimsiz və müdrik qadının dedikləri haqqında.

Axı o düz deyirdi. Axı biz kişilərin qadınlarımızı davamlı olaraq qorumağımız, təftiş etməyimiz, qayğı adı altında gizli bir maraqla kontrol altında saxlamağımız , əslində, onların sərbəstliyinə; bacılarımızın, sevgililərimizin, qızlarımızın bizdən qıraqda bir sosial fərd kimi formalaşmağı mane olmaqdan başqa nəyə xidmət edir?

Bizi gətirən avtobus yataqxanaya çatanda axşam düşürdü – yolüstü başqa yerlərə də baş çəkmişdik. Emma bizi qapıda qarşıladı. Nədənsə çox narazı idi:

 

- Beşcə dəqiqə gözləsəydiz, ölərdiz?! Heç ağlınıza gəlmədi ki, gənc bir qız tanımadığı şəhərin bir başından o biri başına necə gedib çıxacaq?

 


Adınızı da kişi qoymusuz!