YAZI / DÜŞÜNCƏ, SEVGİ
Heç kimi yıxıldığı yerdən qaldırmayan adamlar anlamaz bizi Tarix : 14 Avqust 2021, 16:16
Belə hadisələri danışmağı sevmirəm, amma indi ehtiyac duydum.
Bir gün yol kənarında büzüşüb ağlayan cavan qadın gördüm. Bu ilin Ramazan ayının ilk günü idi. Heç vaxt oruc tutmuram. Yaxınlaşdım qadına… Kirayə pulunu ödəyə bilmədiyi üçün ev yiyəsi onu evdən atmışdı. Bugün oruc tutacaqdım, alınmadı, - dedi…
Gəldik bizə. Bişirdiyim yeməkdən bir pay qalmışdı, onun payı imiş… Söhbətləşdik, Zaqataladan olduğunu öyrəndim. İş üçün Bakıdaydı, bir övladına və anasına baxırdı. Karantin dönəmindən öncə evlərə təmizliyə gedirmiş, ara-sıra əl işləri düzəldib satırmış. Sonra bir müddət işsiz qalıb.
Ondan bir neçə gün qabaq sevimli krassovkalarımı çıxarıb evin ortasına qoymuşdum. Kənarı azca sürtülmüşdü, atmağa əlim gəlmirdi, kimə verəcəyimi düşünürdüm. Dedim elə bu qızın qismətidi, bağışladım ona. Sevincini çatdıra bilmərəm.
Elə arıq idi, paltarlarım əyninə olmazdı. Dolabı eşələyib uyğun geyimlər tapdım. Bir az da əlimdə olandan pul-para verdim. Xoşbəxtlikdən uçurdu. Hətta "bu çoxdu” deyib pulun yarısını qaytarmaq istədi, qoymadım. Çox deyildi…
Tələsik getmək üçün yığışdı. Tez gedib ev yiyəsinə ödəniş edim, ordan da işə qaçım, ayın sonu maaşımı alıb evin qalan ödənişini edərəm dedi. Təzəcə bir Aptekə xadimə düzəlmişdi. Çantasından bu təsbehləri çıxartdı: Xahiş edirəm, götürün, məndən sizə hədiyyə olsun, özüm düzəltmişəm.
Bir zinət əşyaları şəkili ola bilər 

Biri qalsın satarsız, - dedim, razı olmadı. Uça-uça getdi…
Hər dəfə hardasa bir çarəsiz qadın haqda öyrənəndə bu təsbehlərə baxıram, baxıram…
Hər dəfə yıxılanda üzümü həmcinslərimə tutub demişəm: Yıxılmayın!
Hər ağlayanda üzümü həmcinslərimə tutub demişəm: Ağlamayın!
Heç kimi yıxıldığı yerdən qaldırmayan adamlar anlamaz bizi, əziz xanımlar!
 
Güclü olun, çox güclü!
 
 

 
 
Aysel Əlizdə
qadinkimi.az