YAZI / DÜŞÜNCƏ
Haqqın ən böyük problemi haqda Tarix : 05 Yanvar 2021, 18:06
Şizoid psixoloji tipinə aid olan birinə barmağınla günəşi göstər, günəşi deyil, barmağını görəcək; ilişib hansısa xırda detalda qalmaq onun ən sevimli adətidir; məsələn, siz bir şizoidə "insan maşın kimidir" cümləsiylə başlayan mühazirə oxuyun, adam gözlərini döyə-döyə qəfil soruşa bilər ki, bağışlayın, sizcə, şevrolet necə maşındı?
Düzünü desəm, mənim də şizoidlik damarımın tutduğu zamanlar olur, məsələn, opponentim bir saatdı qarşımda əsəbi və gərgin halda öz həqqaniyyətini sübut etməyə çalışır, mənsə altdan və astaca qayıdıram ki, sözünüzü balnan kəsim, bayaqkı kitabın adını bir də deyə bilərsiz?
Dünən də, tutalım, Ana Kitabdan "Biz haqqı batilin başına çırparıq və bununla da batil darmadağın olar" ayəsini oxuyub qımışa-qımışa dronlarımızı xatırlamışam, təsəvvür edirsiniz? Sonra da ordan yola çıxıb bu qənaətə gəlmişəm ki, bəzən olmur, bəzən izah, mizah, qayda, qanun, hüquq, sülh, mehribanlıq və sair işə yaramır, gərək Tanrının dediyi kimi, haqqı götürüb batilin başına çırpasan, bəli, vurmayasan, qoymayasan, məhz çırpasan, bəs necə!
Mənə görə, haqqın ən böyük problemlərindən biri batilin nazıyla oynamaqdı - ay elə vurum ağrıtmasın, ay elə deyim incitməsin... deyir, başqalarını (oxu: batili) qırmayım düşünə-düşünə bir də baxdım, özüm param-parça olmuşam. Şəxsən mən imam Əlinin "Nəhcül-bəlağə" dəki iradəvi sərtliyini bu konteksdə başa düşürəm.
Haqq bunu mütləq nəzərə almalıdır.
Haqq olmaq kifayət eləmir, əzizim, bu bizi arxayınlaşdırmasın, haqqı da doğru demək lazimdi, haqqı qorxa-qorxa, çəkinə-çəkinə, utana-utana səsləndirəndə o, daha çox batilə (yalana) bənzəyir. Bir sözlə, haqqı deyərkən onun haqqını vermək lazımdı.
Şəhid Mübariz igidimiz eynən belə (sərt, möhkəm) davrandı deyə xalqın qəlbinə su səpdi. Dostları General Həşimovun heybətindən danışanda anlayırsan ki, düşmən ondan nə qədər çəkinir, nə qədər qorxurmuş. Məhz bu səbəbdən, onu şəhid edəni dərhal təltif elədilər, milli qəhrəman adı verdilər, məsələ budur, meydan da, şeytan da budur, yoxsa biz haqqı elə günə qoymuşuq ki...
Məncə, Hesab günü bizim ən çətin sorğu-suallarımızdan biri də çəkinə-çəkinə, qorxa-qorxa deyib batilə bənzətdiyimiz haqlar olacaq.
 
 
 
 
 

 
İlqar Kamil
 
qadinkimi.com