YAZI / DÜŞÜNCƏ
Hansı gün doğuldun – Faiq Balabəyli yazdı Tarix : 19 Fevral 2020, 14:33
Yazar : Qadinkimi.com
Fərqanə  Mehdiyevanın doğum gününə...

Sən məndən düz dörd gün böyüksən...

...Sən məndən dörd gün kiçik olsaydın da səni özümə böyük bilərdim.

Həmişə mənə "Əkiz tayım” deyirsən. Bu əkizliyə inananlar nə çox... İnanıb həsəd edənlər də yetərincə... Doğrusu bilmirəm onların mənim kimi qardaşları, yoxsa sənin kimi bacılarının olmasını istəmələri bu həsədə rəvac verib, yoxsa başqa bir şeyi əsas götürüblər. Bildiyim odur ki, bizi doğma biliblər və düz də ediblər.

Sənin bir oğlun və bir qızın var, hər ikisi mənə "dayı" deyir. Mənim də bir oğlum və bir qızım sənə "bibi" deyir. Nəvələrinin ürəklə mənə "Faiq baba” deməsi də mənə həmişə xoş gəlib. Dəniz nəvəmə şeir yazmısan, öz nəvələrinə olan doğma hisslərin bu şeirin hər bir misrasında görünür və ürək oxşayır...

Bu gün doğum günündür, dörd gün sonra mən yaşımın üstünə bir yaş da əlavə edib, geriyə yolu bağlayacam, yaşımızın üstündən yaş götürülməyəcək, daha yeniləri əlavə olunacaq, mən qocalığa, sən isə ağbirçəyliyə tərəf bir addım atmış olacağıq...
 

Sən yazmısan:

Hansı gün doğuldum elə,
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən..
Anam hanı, Atam hanı?

Doğulduğun günü əzbərdən bilsən də o gün yadına düşmür… o dad da, tam da sənin damağında qalmır, çünkü o dadı, tamı sən gəlişinlə gətirmişdin. İndi haqq dünyasında olan atan, anan o tamı, o dadı hiss etdilər və ömürlərinin sonuna qədər də o tam, o dad dəyişmədi… Sən qardaşlarının tək bacısı oldun, mənə də bacılıq etdin…
 

Doğum gününə yazdığın şeirə baxıram, geri boylanırsan, ötənləri  axtarırsan:

Quş qanadlı ötdü illər..
Şirin hanı, acı hanı..
Yarpağına SÖZ yazdıgım
Hanı tut ağacı hanı…

Ötən günlər qoy xatirələrində qalsın… Bu günün olacaqları da o xatirələrə əlavə olunsun…

Həyətinizdə tut ağacı doğrudanmı qalmayıb? Mən bir-neçə dəfə sənin uşaqlığın keçən o həyətdə olmuşam, indi bu təbrik yazımı yaza-yaza da fikirləşirəm; mən o həyətdə doğrudan da  yarpağına söz yazdığın o tut ağacını görməmişəm, ya da görmüşəm, yaddaşımda qalmayıb. Yaddaşımda qalan o kənd evini, evin həyətindəki balaca bağı, evin eyvanından – artırmasından bağın içinə, bağın içindən təndirxanaya, əl damına, toyuq hininə, heyvanların qış tədarükü üçün hazırlanan ot-ələfin saxlandığı dama gedən və ətrafına payız gülləri (o güllərin adı var, sadəcə bizim tərəflərdə bu gülə "payız gülü” deyilir) əkilmiş dar cığırları xatırlayıram. Bir də budaqlarında sap-sarı, həm də şip-şirin, yumşaq, sulu heyva olan ağaclar gözümün önündədir… Dadı-tamı isə ağzımda…

Gəlsin gözümün önünə..
Coşub..qaynadığım günlər..
Bilməyib dünya beş günmüş…
Beşdaş oynadıgım günlər..

Fərqanə, əslində sənə kiçik bir ad günü təbriki yazmaq istədiyim bu yazı da xəyallarımın bələdçisi oldu, yaddaşımın alt qatında qalan günləri yadıma saldı. Sənin yazdığın kimi, mənim də gözümün önünə dünyanın beş günlük olduğunu bilmədən oyun-oynadığımız, qaynadığımız günlərimi gətirdi.

Bu yazı sənə üzrxahlığım da olsun, bilməzsən, bir də gördün yoxam, məni anam kimi, balalarımın anası kimi, qızım kimi, bacım kimi ağlayanlardan biri də sən olacaqsan, bilirəm. Olub ki, üstünə səsimi qaldırmışam, möhkəmdən danışmışam, səni danlamışam. Niyə? Niyəsini kim də bilməsə sən bilmisən, bilirəm, amma yenə də deyim. Sən bizim ədəbiyyatımızın simalarındansan, istedadın, yaradıcılığın səni həmişə diqqətə gətirib. Şeirlərin sevilib, dillər əzbəri olub, haqqında gözəl yazılar yazılıb, yaradıcılığın təhlil olunub. Həsəd çəkənlər də olub, bəzən bu istedadı görməzliyə vuranlar da az olmayıb, bu həmişə belədir. Amma, bəzən sən özün öz qiymətini verməmisən, bu boyda istedadın sahibi sanki boynunu qısıb gəzib, haqqı olmayanların yanında haqsız görünmüsən… Bax onda mənim qardaş qanım oyanıb, oxucu tələbim, həqiqətin yanında olmaq vərdişim sənə acıqlanıb… Bağışla, mən də belə xəstəyəm…

Hə… Doğum günündür, çox yaşa, xoş yaşa… Mənə bir dənə də şeir yaz, sən mənim ağır günlərimin şahidi olmusan, həbsxanada olanda təskinlik vermisən, "çöl də içəri kimidir” yazmısan, açıq ürək əməliyyatına məruz qalanda "ürəyinə bacın qurban”deyib şeir yazıb, sözünlə, şeirinlə mənə təskinlik vermisən həmişə…

Təskinliyə ehtiyacım var, bacı təskinliyinə…


Faiq BALABƏYLİ

Mənbə: mustaqil.az
qadinkimi.com