UŞAQ / BÖYÜK
Günel Eminli - "Qızıma məktub" (MÜSABİQƏ) Tarix : 11 İyun 2023, 12:00
Yazar : Qadinkimi.com
Qızım, sənə demək istədiklərim bu məktuba sığmaz, amma mən azı cəhd edəcəm. Bizim yaşadığımız cəmiyyətdə qadın olmaq çətindir, quzum. Amma sən artıq böyüyəndə indiki qadınların yaşadıqlarının heç biri olmayacaq deyə içimdə o qədər əminlik var ki, səni neqativlə heç yükləmək istəmirəm. Ona görə gözəl günlər və qadınların xoşbəxt yaşayacaqları cəmiyyət naminə....

Sənə sevgim sonsuzdur. Bunu heç zaman unutma.

1. "Dünya ədalətsizdir” deyirlər qızım. Bəlkə də elədir. Amma sən özündə heç zaman ədalət hissini itirmə. Dünya öz ədalətsizliyində olsun, sən ən azı ədalətli ol, ətrafına, dünyaya və ən çox da özünə qarşı. 

2. Seçimlərində azad ol. Heç vaxt kiminsə sənin seçimlərinə müdaxilə etməsinə icazə vermə. Məsləhətləri dinlə. Qərarları isə özün ver. Çünki verdiyin qərar yalnız sənin həyatına birbaşa təsiri olacaq. Mən sənin icazən olmadan belə sənin yerinə qərar vermədim. Bütün körpə qızların sırğa taxması üçün qulaqları deşiləndə mən bu ənənədən vaz keçdim. Böyüyüb özün istəyəndə qərar verməni istədim. Sən də dostlarında sırğaları görəndə əvvəl həvəsləndin. Amma sonra ağrıdan qorxub, bunu ertələdin. Bu özün haqda verdiyin ilk müstəqil qərar oldu.  Mən də səni dəstəklədim. Sənin istəyin və icazən olmadan sənin bədəninə müdaxilə etmədim. Sənin istəyin olmadan heç kim sənin seçimlərinə və qərarlarına müdaxilə edə bilməz. Bunu öyrətmək istədim sənə, qızım.

3. Peşə seçimində də azadsan. Hansı peşəni seçirsən seç, əsas özünü xoşbəxt və azad hiss edəsən. Sevdiyin məşğuliyyəti peşənə çevir və bir gün də işləməyəcəksən. Bu qədim pritçada əsl həqiqət yatır.

4. Hamıya özünü sübuta yetirməkdən vaz keç. Əsas özünə sübut etməkdir. Səndən həmişə daha gözəli, daha ağıllısı, daha uğurlusu olacaq. Amma xoşbəxt olmaq bunların heç biri ilə əlaqəsi yoxdur. Sənin üçün xoşbəxtlik nədir? Hansı hissdir? Onu tap və onu həyatın boyu özünlə daşı.

5. Mən öz qərarımla ana oldum. Bunun üçün bir gün də peşman olmadım. Amma hər qadın ana olmalıdır deyə düstur da yoxdur. "Cəmiyyətin qadınlara mütləq ana olmalısan deyə basqısı var”. Vaxtı çatanda sən də heç bir basqı altında qalmadan qərarını özün ver. Çox uşaqlı ana olsan da,  Child free olsan belə, mən səni dəstəkləyəcəm. 

6. Ata, ananı, qohumlarını özün seçməmisən. Biz qan qohumlarıyıq. Amma can, ruh qohumlarını yəni dostlarını özün seçəcəksən. Onların seçimində diqqətli ol deməyəcəm. Çünki bu bəzən bizdən asılı olmur. Amma inanıram ki, yaxşı və pis dostların da həyatda mütləq sənə nəsə öyrədəcək. Həyat yalnız yaxşı günlərdən və yaxşı insanlardan ibarət deyil. Odur ki, yaxşıya gedən  yolda pislərlə dolu meşəlikdən bəzən keçmək lazım olur.

7. Cəsur ol. Dua edirəm ki, bu xasiyyət məndən sənə genetik keçsin. Keçməsə belə, öyrədərik. Cəsur insan haqlarının tapdanmasına, başqalarının da haqqının tapdanmasına icazə verməz. Cəsur insan özünü axtarmaqdan yorulmaz. Xoşbəxtliyi uğrunda mübarizə aparar. 

8. Çox şadam ki, faydalı yeməyin tərəfdarısan. 7 yaşın olmağına baxmayaraq, düzgün qidaları seçməyi bacarırsan. Bəlkə mənim artıq çəkili olmağım səni buna sövq edib. Amma ən azı buna görə şadam ki, artıq çəkili olmağımın sənə faydası dəyib.)) Amma hansı ölçüdə olursansa ol, əsas özünü psixoloji necə hiss etməyindir.  

9. Məktubu çox geniş edə bilərdim, qızım. Amma bəzi məsləhətlər yazılmaz, həm də göstərilər. Mən bəlkə də, ən yaxşı nümunə deyiləm. Amma sən böyüyənə qədər daha yaxşı olmağıma cəhd edəcəm. Həyat həm mübarizədir, bəzən də olanları olduğu kimi qəbul etmək müdrikliyidir. Bu bir az qəliz oldu, amma böyüyəndə hamısını anlayacaqsan. Məndən daha ağıllısan. Buna əminəm. Sənin yaşında mən gəlinciklə oynayırdım. Sən dünya əhalisinin sayının statistikasını aparırsan və recycling haqqında mülahizələr yürüdürsən. 

10. Səni sevirəm...
 
 

Günel Eminli
qadinkimi.com