UŞAQ / BÖYÜK
Gülşən Ömərova - "Qızıma məktub" (MÜSABİQƏ) Tarix : 17 Fevral 2020, 12:15
Yazar : Qadinkimi.com
Tək övladım - qızım - Banuçiçəyim, bu məktubu sənə, mən yanında olub - olmadığıma baxmayaraq, həyatı rahat yaşamağın üçün yazıram.Yazıram biləsən ki, həyat gördüyün qədər çətin yaşanılacaq yer deyildir. Sadəcə onu yaşamağın rahat yolları vardır.

Aşağıda qeyd etdiyim fikirləri öz həyatına tətbiq etsən həyat sənə əyləncə kimi görünəcəkdir:

1. Heç kimsənin sahib olmadığı və ola bilməyəcəyi şeyə sahibsən - Özünə! Öz həyatını sevərək yaşa.

2. Özünü öyrən başqalarını yox: digərlərini müzakirə etməyə, ittiham etməyə sərf etdiyin zamanı özünə ayır. Özünü araşdır; ruhunu öyrən. Ruhunun, qəlbinin qəbul etmədiyi, istəmədiyi şeyləri kiməsə xatir (ona xoş olsun deyə) etmə. Bunun əzabı ağır olur.

3. "Yox" deməyi bacar. İstəmədiyin bir işə, bir hadisəyə açıq və konkret "yox" de. Çox rahat olacaqsan.

4. Heç kimə boyun əymə.Sənə qarşı olunan haqsızlıga səssiz qalma, haqqını tələb et.Heç kimsənin sənin həyatını idarə etməsinə icazə vermə.Öz həyatını özün idarə et!

5. Hər kəsdən öncə özünə dəyər ver, özünü sev. Çünki sən təksən və səndən ikincisi yoxdur. Deməli sən orijinalsan və orijinalsansa artıq gözəlsən, dəyərlisən. Dəyərini hiss etməyən və hiss etdirməyən insanlardan (dostun, sevdiyin, ərin, rəhbərin, qohumun və s.) uzaq dur.

Əgər bir insanla, bir məkan və ya işlədiyin müəssisədə özünü narahat hiss etmirsənsə, həmin insanı, məkanı və müəssisəni tərk et. Qorxma! Digərləri öncəkilərdən uğurlu olacaq. Çünki qazanaraq deyil, itirərək öyrənir insan.

6. Əgər bir insan sənə hörmət etmirsə, onun sevgisinə şübhə et.

7. Özünü kiməsə sübut etməyə çalışma. Bu yol uğursuzluğa aparır. Özünü özünə sübut et. Bax bu yol uğura gedən yoldur. Məsələn; dünən sıravi bir həkim idinsə, bu gün respublika səviyyəli bir həkim olamağa çalış və buna nail ol. Özünə nə qədər iradəli, savadlı, güclü, səriştəli olduğunu sübut et.

8. Uğur qazanmaq istəyirsənsə, ağır və ya fərqli yolu seç. Çünki asan və eyni yolla hamı gedir, bu yolun sonunda sən də hamıdan biri olacaqsan. Amma ağır və ya fərqli yol səni böyük və orijinal olmağa aparan yoldur.Bax bu yolun sonunun adı Uğurdur.

9. Sənə pis davranan insanlardan intiqam almağa çalışma. Buna sərf etdiyin zamanı uğur qazanmağa sərf etsən qazanmış olarsan. Çünki ən böyük intiqam uğurdur. Sənin uğurun səni sevməyən hər kəsi üzəcək. 

10. Kompleksli və cahil (savadsız,dünyagörüşsüz) insanlardan həmişə uzaq dur. Hər iki tip insanlar paxıl olurlar. Paxıl isə sənin uğurunu istəməz, uğurunu istəməyəndən isə dost olmaz.

11. Xoşbəxt olmaq istəyirsən? Kitab oxu,musiqi dinlə,rəsm çək, foto çək və səyahət et. 

07.04.2018 

Gülşən Ömərova

qadinkimi.com