HƏR ŞEY / HEÇ NƏ
Gülnara Mehdiyeva yazır: Boşanmağı öyrədən atam Tarix : 08 İyul 2018, 16:12
Yazar : Gülnara Mehdiyeva

            Atam deyərdi ki, qız öz nişanlısı ilə də görüşə çıxmamalıdır. Çünki gələcəkdə oğlanın başına nəsə gəlsə, evlilik baş tutmasa, o qızın adına söz çıxacaq ki, "filankəslə görüblər”.

            Bunu atamın nə qədər mühafizəkar olduğunu anlada bilmək üçün yazıram. Atam o qədər köhnəfikirli idi ki, mobil telefonla kimləsə danışmağıma icazə verməzdi. Telefon yalnız mən universitetə qəbul olanda, o da fövqəladə hallarda evlə əlaqə saxlaya bilməyim üçün alınmışdı.

            Atam toyda oynamağa yaxşı baxmırdı. Şəkil çəkdirməyə də. Makiyaja düşmən idi. Gözəllik salonlarına isə əxlaqsızların getdiyini düşünürdü. Ad günlərində, bayram şənliklərində də iştirakım qadağan idi.

            Adətən bu təfəkkürlə yaşayan kişilər qızlarını mümkün qədər tez şəkildə, əsasən də qohumla-tanışla evləndirməyə çalışır.

            Atam onlardan biri deyildi. 24 yaşıma gələnə qədər evdə ər mövzusu bizim üçün tabu oldu. Magistr təhsilindən sonra yalnız yüksək maaşlı iş axtarışının təbliğatını aparırdı atam. Deyirdi, sənin evin var (yaşadığımız ev), təhsilin var, işin var, pulun var, gələcəkdə ərin sənə o yan-bu yan eləsə, bir təpik vurub, boşayarsan onu. Bəli, məhz belə də deyirdi.

Söhbətin bu yerində anam mətbəxdən qaça-qaça gəlib narazılıq salırdı. Gələcək ailəmdə mehribanlıq əvəzinə, boşanmağı öyrətdiyi üçün atamdan gileylənirdi.

            Qürurluydu atam. Bütün mövcud hüquq və azadlıqlarımızı tapdalasa da, razı olmazdı ki, başqa kimsə eynisini onun qızlarına eləsin. Başqa kimsə onun qızlarının xətrinə dəysin, aldatsın, çıxılmaz vəziyyətdə qoysun. Bizə öz ayağımız üstə dayanmağı nəsihət edərdi atam.

            Qızlarını təcavüzçülərlə evləndirən atalar haqqında eşidəndə onu xatırlayıram. Pis xatirələrin buludları arasından bir işıq süzülür sanki.