YAZI / DÜŞÜNCƏ
Gələcəkdə ailə olmayacaq! - Qan Turalı yazır... Tarix : 24 Aprel 2019, 10:55
Yazar : Qadinkimi.com
Bu gün futuroloq və sosioloqların ən çox üzərində dayandığı mövzulardan biri məhz budur.

XX əsrdən etibarən ailələr kiçilməyə başladı.

Əvvəllər üç nəsil (baba, ata, nəvə) bir evdə yaşayırdılarsa, müasir dövrdə belə ailə forması az qala tarixə qarışır. Məsələ yalnız bununla məhdudlaşmır. Evliliklər qlobal miqyasda hər il bir neçə faiz azalır. Eləcə də, boşanmalar artır.

İnsanlar getdikcə daha çox eqoist olmağa, daha çox özlərini düşünməyə başlayıblar. Yeni ailə formaları yaranır. Nikahsız yaşayanlar... Ayrı evlərdə, amma sevgili kimi yaşayanlar... Eləcə də, LGBT evlilikləri...

Bir sözlə, sosial dəyişikliklər yeniliklər yaradır və ailənin strukturunu da dəyişdirir. Qərbdə isə artıq yüksək səslə ailənin lazımsız olması barədə danışmağa başlayıblar. Onlar bir neçə amili önə çəkirlər. Hər şeydən qabaq məsələnin psixoloji tərəfi var.

Belə ki, subaylıqda tənhalıq çəkən bir çox insanlar ailə qurmaqla azadlığa çıxacaqlarını düşünür və yanılırlar. Uşaq da olduqdan sonra ayrılmaq çox çətinləşir və yeni sosial məsuliyyətlər yaranır. Tənhalığın problemləri daha dərinləşmiş formada evlilikdə üzə çıxır.

Məsələnin iqtisadi tərəfi də var. Ailə əleyhdarlarının fikrincə, həyat yoldaşını sərvətə qeydsiz-şərtsiz şərik etmək iqtisadi qanunlara ziddir. Elə "Amazon” rəhbərinin və Acun Ilıcalının verdikləri nəhəng təzminatları xatırlayaq.

Gələcəkdə ailənin var olub-olmayacağını müəyyən etmək, əslində, mümkünsüzdür. Dinlər də ailəni ucaldır və ailədənkənar hər cür münasibəti damğalayır. Lakin dinin də rolu dünyada getdikcə azalmaqdadır.

Misal üçün, Hollandiyada ateistlərin sayı xristianların sayından daha çoxdur. Bu mənada, insanların öz fəaliyyətlərində dini dəyərlərə əsaslanması azalmağa doğru gedir. Əlbəttə, bizim kimi Şərq ölkələrində ailə institutunun müəyyən müddətə davam gətirməsi gözləniləndir. Hərçənd mövcud vəziyyət də dərin problemlər qoymaqdadır.

Ailədaxili zorakılıq, uşaqların ailə daxilində pis tərbiyəsi, feodal dövrünün qadını ikinci plana salan maskulin yanaşması kimi meyillər qalmaqdadır. Lakin ölkəmiz inkişaf etdikcə, həm bu problemlərə yeni həllər tapılacaq, həm də ailə quruluşu da tədricən dəyişəcək.

Təfəkkürün dəyişməsi isə bir günün hadisəsi deyil. Misal üçün, müsahibə verən əksər müğənnilərin kişilərdə axtardıqları xüsusiyyətin "evi, pulu, maşını” olması da, əslində, arxaik dövrün qalığıdır.

Qadın özünü maddi cəhətdən təmin edə bilmirsə və bunun üçün ərin portmanatına ehtiyac duyursa, burada hansı qadın azadlığından söhbət gedə bilər? Təhsilsiz, gəliri olmayan, ərinə möhtac qadının azad olmaq şansı varmı?

Təəssüf ki, universitet diplomunun da cehiz əlavəsi sayıldığı bir ölkədə yaşayırıq, lakin bu, belə qalmayacaq. On il əvvəl çox şey indiki kimi deyildi. On il sonra da indiki kimi olmayacaq.

Bəzi insanlar milli mentalitet adlandırdıqları və məzmunundan heç özlərinin də baş açmadığı bir qalanın içində gizlənirlər. Ancaq mentalitet də yenidən formalaşır və yenidən də dəyişir.

Qısası, Sovet dövrünün qapalı mühitində formalaşmış ailə institutu ilə müasir dövrün açıq cəmiyyətinin ailəsinin eyni olmayacağı aydındır.

Ailənin ümumən var olub-olmayacağı da gələcəyin məsələsidir. Lakin gələcəkdəki ailənin dünənki və bugünkü ailəyə bənzəməyəcəyi gün kimi aydındır.