BURA / ORA
Film kimi həyat yaşamış 96 yaşlı kapitan qadın Tarix : 09 Noyabr 2019, 14:56

96 il əvvəl İngiltərədə doğuldu. Atası neft mühəndisi olub, iş üçün Afrikaya köçüb, Uqandada yaşayıblar. 

Orada svahili dilini öyrənir, hər gün ucsuz-bucaqsız Savanna çöllərində çılpaq ayaqla qaçışır və macəra filmlərini xatırladan həyatı belə başlayır. Çılğın, eyni zamanda da gözəl bir qız idi.
Londona döndükləri zaman balet, teatr və ifaçılıq dərsləri alır. Çünki səhnələrdə olmağı arzu edirdi. Amma hələ 20 yaşında ikən aşiq olur və evlənir. Evləndiyi şəxs zəngindi və aralarında ciddi yaş fərqi var idi. Həyatı istədiyi kimi getmir və boşanırlar. Sonra bir başqasına aşiq olur, yenə evlənir, bu dəfə evləndiyi şəxs daha da zəngin idi. Əvvəlcə Nyu Yorka, sonra Cenevrəyə köçürlər. Möhtəşəm bir malikanədə yaşayır, hər gün əyləncə gecələrinə qatılır. Bütün bu zənginliklərə baxmayaraq, Afrika savannalarında ordan-bura qaçışan ruhu bu həyatı istəmirdi, yenə boşanır.
Kiçik bir yelkənli gəmi alıb, Ağ dəniz səfərinə çıxır. 20 il sonra...
Adaları dolaşarkən Egey dənizini ovcunun içi kimi bilən təcrübəli bir kapitana çevrilir. 1975-ci ildə ömründə ilk dəfə Mərmərəyə gedir. Dalyanda İztuzu plyajına aşiq olur. Növbəti il yenə ora gedir. Ondan sonrakı il yenə gəlir... Qəribə idi, burdan ayrı qala bilmirdi.
1986-cı ildə 64 yaşında... Hər şeyi satıb, Dalyana köçür. 
İztuzu plyajında kiçik bir köşkdə yaşamağa başlayır. Günlərin bir günü oyanıb görür ki, ətrafı karettalarla doludur. Sən demə qaldığı bu yer karettalara məxsus imiş! Övladı yox idi, tısbağalar bəsləyirdi.  

Bir müddət sonra... İztuzu plyajında beş ulduzlu otel tikiləcəyi bəlli olur. İngilis-ərəb ortaqlığı ilə 1800 yataqlı bir otel tikiləcəkdi. 

Təbiəti qoruma dərnəyi ilə əl-ələ verib hər kəsi ayağa qaldırır. ABŞ-da, İngiltərədə və İsveçrədə etiraz kapmaniyaları başladır. Nəticədə istəyinə çatır və Turqut Özal hökumətinə geri addım atdırmağa nail olur və otel layihəsi ləğv edilir.
İztuzu plyajı SİT sahəsi (insanlıq üçün tarixi dəyəri olan çevrə) elan edilir. Bir daha belə hadisələrlə qarşılaşmamaq üçün Dəniz Tısbağaları Qoruma Fondunu qurur. Fondun qurulması üçün lazım olan pulu isə öz cibindən verir. 
2009-cu ildə 87 yaşında Türkiyə vətəndaşlığı alır. 

Bu gün Jon Kristin Haymoff (Joan Christine Haimoff) kimi tanınır. Səkkiz iti və doqquz pişiyi ilə birlikdə hələ də o kiçik köşkdə yaşayır. 1966 model maşını ilə Dalyan küçələrində dolaşır, kompüter istifadə edə bilir və gündəmi mütəmadi izləyir. 
İztuzuna bir mismar vurulmaması, karettaların yaşadığı sahələrə zərər gəlməməsi üçün mübarizəsini bu gün də davam etdirir. Bölgədəki bütün etirazlarda hər zaman ən öndə yer alır. 

96 yaşında…
 
qadinkimi.com