FEMİNİZM
Feminizmin kökləri və dinlərin qadına münasibəti Tarix : 07 Noyabr 2019, 11:20
Yazar : Qadinkimi.com
"Feminizm” latın sözüdür. "Femina”-qadın deməkdir. Feminizm qadınların hüquqları uğrunda başlanan ictimai – siyasi hərəkatdır. İlk Feministlər qadın problemlərini çözmək üçün yüzillər boyu qadınların sosial statuslarını, daha doğrusu statussuzluqlarını incələməyə çalışmışlar. Feministlərə görə, tarixçilər tərəfsiz olmamış, "kişiyönlü" bir duruş sərgiləmişlər. 
Beləcə, qadınlar tarixi araşdırmalarda ikinci planda qalıb. Sanki bilərəkdən qadının tarixdəki rolunu görmək istəməyiblər. Sanki tarixdə "qadın" deyə bir kimlik olmayıb və ya qadının tarixi proseslərdə heç bir rolu yoxdu. Çünki tarixdə qaba güc yerinə, estetik güc də aransaydı, qadınların da rolu ortaya çıxardı. Tarixçilər və sosioloqlar qadınların durumuna kişi mərkəzli bucaqdan baxıblar. 

Avropa mərkəzli feministlər bu gedişə böyük təsir göstərdilər. İlk Feminist şəxsiyyətlər kimlər olub?

Tarixin ovçuluq dövründə kişilər və qadınlar ovçuluq edərək iqdisadi fəaliyyət göstərirdi. Bəzi araşdırmaçılara görə baş örtüsü də ilk bu dövrdə ortaya çıxıb. Məsələnin kökü bəşəriyyətin klan biçimi və ya ibtidai icma həyat tərzinə dayanır. Klan (nəsil) şəklində yaşayan insanların iqdisadi qaynağı ovçuluq idi. Qadınlar da kişilər kimi çalışmaq məcburiyyətindəydilər. Lakin illər boyu sürən bu dövrdə insanların bir—biri ilə ünsiyyət üçün dilləri hələ yox idi. Dillər çox sonrakı dövrlərin təkamülünün nəticəsidir. Dilin hələ olmadığı dövrdə kişilər ov ovlayır, qadınlar ovlanan ovları toplayırdılar. Baş örtüsü qumaşı filan da yoxdu, çünki insan hələ iplik və ip əyirməyi, qumaş əldə etməyi bacarmırdı. Ancaq qadınların hamiləliklərinin son dövrü, doğuşdan sonra cocuğa baxmaları kimi bir məsuliyyətləri vardı. Təbiət bu məsuliyyəti qadınlara yükləyib, çünki cocuq ana südüylə böyüyər. 

Bu sorunu necə çözəcəkdilər? 

Yəni doğmuş qadın uşağı mağarada buraxıb ova gedə bilməzdi. Bu vəziyyətdə qadınlar ovlanmış heyvanın dərisindən baş örtüsü düzəldirdilər. Baş örtüsünün rəmzi nə idi? Heyvan dərisi ilə başını sarıyan qadına yardım etmək gərək idi. Başını örtən qadın ova çıxamazdı. Yardıma möhtac qadınlar başlarını örtər və hamı bunu anlardı. Sadəcə qadınlar deyil, kişilər də xəstəlik durumlarında başlarını örtərdilər. Lakin qadınların sırf qadınlıq durumlarından qaynaqlanan doğma, uşağa baxma, ... kimi vaziyyətləri daha yayğın idi. Tarixdə ilk baş örtüsünün bu şəkildə meydana gəldiyi bildirilməkdədir. Qadın hamiləlik dövründə zəifləyir və bir neçə il ard - arda dünyaya gətirdiyi cocuqlara baxmalı olurdu. Bu dövrdə uşağın sadəcə anası olurdu. Ata isə klandakı bütün kişilər idi. Çünki bu dövr poliqamiya dövrü idi. Yəni bir kişi bütün qadınlara və bir qadın bütün kişilərə aid idi. Poliqamiya, ya da "çoxərlilik və çoxqadınlılıq” dövrü adlanan bəşəriyyətin bu mərhələsində uşaq anasını tanıyır, atasını isə tanımırdı. 

Bu üzdən qadınlar uşaqlarla daha çox zaman keçirirdilər. Ard - arda doğan qadın 7-8 il mağarada və çevrəsində başını örtərək zaman keçirirdi. Başını örtən məsul qadınların uzun zaman bir yerdə yaşamaları iki böyük ixtiraya yol açdı. Mağarada qadınların boş vaxtları olurdu və bu boş vaxtda uşaqlara baxmaqla yanaşı başqa işlər də görürdülər. Qadınlar ovlanan heyvanların yunundan və tüklərindən ip əyirməyi ixtira etdilər. Uzun zaman bir yerdə oturmaq onları əl işlərinə cəlb edirdi. İp əyirmək tarixdə böyük dəyişiklik yaradan bir hadisə idi. Qadınlar əkinçiliyi də icad etdilər. Yerə atdıqları toxumların baharda bar verdiklərini gördülər və buna davam etdilər. Bu şəkildə ip əyirmə və əkinçilik qadınların kəşfi olaraq tarixə çevrildi. Bununla tarix və sosial həyat alt-üst oldu. Bəşər tarixinin ilk sosial inqilabı baş verdi. Kommunaların böyük toplumlara çevrilməsi, dillərinin gəlişməsi də bu iki kəşfdən sonra ortaya çıxdı. 

Soyuqdan qorunmaq və əkinçilik hesabına nüfuz artdı. Bir ölkəyə bağlılıq duyğusu da doğdu. Bu üzdən "ata dili” deyil, "ana dili” kimi bir anlayış yarandı.

Çünki klan həyatı dövründə kişilər uzaqda-yaxında ovçuluqla məşğul olaraq mağaraya qida gətirərəkən, qadınlar cocuqları böyüdürdülər. Bu gəlişmələrin əsasında qadınlar, daha doğrusu, başlarını dəriylə örtən qadınlar durub. Bu, tarixə feministik bir yanaşmadır.

​Qadınların bu icadları daş dövrü inqilabı üçün zəmin yaratdı. Qadınlar ip əyirməyi cocuqlara öyrətdilər. Qohumluq kişi soyundan deyil, qadın soyundan olduğu üçün bütün qohumlara bu peşə öyrədilirdi. Bu dövrdə qadın iradəsi və yaradıcılığı daha öndə olduğundan pərəstiş edilən allahlar qadına bənzəməkdədir. Allahlar kişi kimi savaşqan deyil, qadın kimi mehriban, doğurqan və öyrədici idilər. Allahların intiqamçı varlıqlar olaraq şəkillənmə zehniyyəti sonrakı dövrlərdə meydana çıxacaqdı. 

Miladdan on min il öncə ilk daş dövrü inqilabı gerçəkləşdi. Bu inqilabın əsas yaradıcı enerjisi qadınların iqtisadi həyatı asanlaşdıran kəşfləri idi. Orta daş dövrü miladdan altı min il öncə meydana çıxaraq minillərcə davam etdi. Bu dövrdə bəzi texniki inqilablar ortaya çıxdı. Nüfuz sürətlə artaraq sosial təşkilatlanma modeli alt-üst oldu. Öküz, su, külək kimi enerji qaynaqlarının icadı, kotan, xış, yel dəyirmanı, yelkənli gəmilərin düzəldilməsiylə qadınların tarixdəki rolları geriləməyə başladı. Çünki bu ağır işlərdə çalışmaq üçün kişi gücü gərək idi. Daha əskidən var olan qadının bütün sosial mövqeləri kişilərin nəzarətinə keçdi. Kəndləşmə və şəhərləşmə siniflərin yaranmasına və mənfəətlərin qarşı - qarşıya gəlməsinə yol açdı. Bu prosesdə qadınlar da tarla, heyvan, əşya, ... kimi kişilərin şəxsi mülklərinə döndülər.

​Tarixdə ilk feminist filosof olaraq bilinən kişi böyük riyaziyyatçı Pifaqor olub. Miladdan öncə 6-cı yüzildə Pifaqor oğlan və qızlara bir yerdə dərs keçirdi. Pifaqorun dərslərinə qatılan qadınların əski Yunanıstanda böyük hörməti vardı. Onlara "Pifaqorçu nəzakətli qadınlar” deyə ləqəb vermişdilər. Pifaqorun əsasını qoyduğu bu kültür qədim Yunanıstanda başqa filosoflar tərəfindən də sürdürülmüşdü. 

Yunanıstanın mülayim və bol sulu iqlimi düşüncələrin inkişafına, hətta demokratiyanın meydana çıxmasına imkan saxlayırdı. Platondan 200 il öncə Pifaqor qadın - kişi bərabərliyindən danışırdı. Platonun da akademiyasında qadınlar riyaziyyat təhsili ala bilirdilər. Çünki Platon da Pifaqor kimi qadın - kişi bərabərliyinə inanırdı. 

Əski Yunanıstanda oğlanlar üçün nəzərdə tutulan təlim və tərbiyə sistemi qızlar üçün də keçərliydi. Gənc qız və oğlanlar bir yerdə gimnastik fəaliyyətlər edirdilər. Gənc qızlar toplumda yarıçılpaq dolaşsalar da, təcavüz kimi durumlarla qarşılaşmırdılar. Bu idmanlar bütünlüklə oyun və əyləncələrlə dolu olsa da, pis niyyət və düşüncəsizlikdən uzaq idi. 

Miladdan 700 il əvvəl Hindistanda da qadın filosoflar ortaya çıxdı. Günümüzdə əlimizdə bulunan "Opanişad”ın yazarlarından biri də Karqi adında hindli qadındır. Daha sonra bütün platonçu fəlsəfi cərəyanlar qadın haqlarını savunacaqdı. 

​7 - ci yüzildə Quranda qadın obrazı  tarixi uğurları ilə deyil, kişilərin cinsi obyekti kimi yer aldı. Qurana görə, bir kişi şahidlik və hüquqi baxımdan iki qadına bərabərdi. Qurana görə bir kişi ən az 4 qadın və savaşlarda əşya kimi qənimət olaraq əldə edilən saysız cariyələrə sahib ola bilər. Ərəb səhra iqliminin şərtlərinə görə şəkillənmiş, qadınları aşağılayan söyləmlər Allah buyruğu kimi verildi. Yəni Allah ədalətli deyil, cinsiyyətçi varlıq olmuş və kişiləri qadınlardan üstün olaraq yaratmış! Ayrıca, yenə də Qurana görə qadınlar bütün sosial haqlardan məhrum buraxılaraq evlərdə həbs həyatına məhkum edildilər. Miras paylaşımında ədalət yerinə, cinsiyyətçilik Quran tərəfindən tərcih edildi. Kişi qadına nisbətən mirasdan ikiqat artıq pay ala bilər. 

​Avropada ilk feminist sosioloq  Friedrich Engels‎ olub. O, qadınların tarixdəki rolları və ailənin şəkillənməsi mövzusunda böyük elmi araşdırmalar aparıb. 

Avropada qadınlar öz haqlarının əldə edilməsi yolunda oyanmağa başladılar. Soylu və burjua qadınları rollarının qısıtlanmasını asanca qəbul etməzdilər. 17-ci yüzildə Avropada "mavi corablı” feminist qadınlar hərəkatı başladı. Bunlar bütün imkansızlıqlara rəğmən oxumuş qadınlar idi. Bu qadınlar ədəbi və şeir gecələri düzənləyərək bütün qadınları sosial işlərə dəvət edirdilər. Onların arasından siyasətə qatılanları da oldu. Rəmzləri mavi corab geymək idi. Avropada sekulyarizmin doğuşu qadınların azadlıqları yolunda savaşmalarına böyük imkan yaratdı. 1789-cu ildə Parisdə Böyük Burjua İnqilabı gerçəkləşdi. Feodalizm yıxıldı. Bu inqilabın bəşəri ideyalarından təsirlənən qadınlar da oldu. Bir fabrikaçı qızı olan Mari Vollstonecraft "Qadın haqlarının doğrulması” adında Fransada bir elan yaydı. Elanlarda "Qadınların öz haqları üçün inqilab etmələrinin zamanı gəlmişdir” kimi bütün qadınları təşkilatlanmağa səsləyən çağırış vardı. Orta Çağın dinçi təlimlərinə görə qadının kilsəyə girməsi, İncilə toxunması yasaq idi. Bir çox azadlıqsevər qadın "cadugər” adıyla kilsənin əmrinə görə yandırıldı. İndiki bəzi müsəlman ölkələrində qadını daşlayaraq öldürmə tərzinə bənzər uyğulamalar Avropa Orta Çağında da olub. 
 
 

Heç bir din qadın haqları üçün nəsə bəyan etməyib. Qadın haqları bütünüylə modern çağın gətirisidi.
19 - cu yüzil feministləri çox böyük başarılar əldə etdilər. 

İlk dəfə olaraq müxtəlif təhsil qurumlarına gedə bildilər. Bu çağda Edenburq universitetinin tibb fakultəsinə qızların alınması böyük etirazlara səbəb oldu. Ölkə etiraz göstəriləriylə çalxalandı. 1888 - ci ildə Uluslar Arası Qadınlar Konseyi Vaşinqtonda böyük bir toplantı keçirdi. Konseyin bəyannaməsində deyilirdi ki, qadınların əsarətdən qurtuluşu kişilərin də adam kimi yaşamalarına yardım edəcək.
Müsəlman ölkələri tarixində qadınların haqqını qoruyan ilk feminist filosof 12 - ci yüzildə İbni - Rüşd olub. İbni - Rüşd qadının fitrətini fəlsəfi yöndən incələyib. Fiziki güc göz önünə gəldikdə, kişinin qadından üstün olduğu görünür, lakin bir çox sahələrdə, özəlliklə sənət və musiqi sahələrində kişilər qadınların fitri yetənəkləri səviyyəsinə çata bilməzlər. İbni - Rüşd belə yazır: "Qadının istedad qanadlarını bağlayan bağlar qırıldığında islam ölkələri gəlişməyə başlayacaq. Qadın azadlığı müsəlman ölkələrinin birinci problemidir. Qadın ət yığınından oluşan ləzzət qaynağı deyildir. Bizim dar düşüncəmiz qadınların zəngin dünyalarını anlamamıza əngəl olmaqdadır. Sanki qadın, yalnızca uşaq doğmaq və böyütmək üçün dünyaya gəlib. Qadınları kölə səviyyəsinə endirməmiz bizi xeyli gözəlliklər və incəliklərdən məhrum edib. Bu durum eyni zamanda qadınların əqli imkanlarının pozulmasına yol açıb. Bu üzdən də tarixdə yüksək ərdəmli, zəkalı qadınlarla qarşılaşmamaqdayıq. Çünki belə qadınlar ortaya çıxdıqlarında dərhal nəfəsləri kəsilərək dörd divar arasına məhkum edilib. Qadınların həyatı bitkilərin, otların həyatı kimi sona çatır. Ancaq qadın bitki deyil, insandır. Ağlı, zəkası və yaradıcılıq yetənəyi olan insan. Qadınların insan kimi yaşamamaları onları kişilərin yükü və köləsi halına gətirib. Bu da toplumun ümidsizliyinə və "ərdəmli ölkə”nin yox olmasına səbəb olmaqdadır. Çünki toplumun yarısından çoxu qadınlardan ibarətdir. Ancaq onlar öz zəruri və ilkin ehtiyaclarını ödəyə bilməkdən məhrumdular. Qadınlar heyvanlar kimi kişilər tərəfindən bəslənirlər. Bununla da qadınlar nə fikir, nə də maddi sahələrdə bir şey istehsal edən, yalnız istehlak edən bioloji varlıq və heyvan sürüsü halına gətirilib. Bütün islam ölkələrində bircə nəfər oxumuş və düşünə bilən qadınla qarşılaşmırıq. Qadınlar bu əsarətdən qurtulmalıdırlar".  12-ci əsr İbn-Rüşd. 

Yazdı: Güntay Gəncalp

Will Durant, Mədəniyyətlərin tarixi, s. 792.   
Will Durant, Mədəniyyətlərin tarixi, s. 1045. 
Bertran Rassel, Qərb fəlsəfəsinin tarixi; türkcəyə çevirən: Müəmmər Səncər, s. 225.
Will Durant, Mədəniyyətlərin tarixi, s. 326. 
Will Durant, Mədəniyyətlərin tarixi, s. 5751. 

qadinkimi.com