YAZI / DÜŞÜNCƏ
“Çətini başlamaqdır” - Sona Əli Tarix : 20 Fevral 2020, 15:13
Yazar : Qadinkimi.com
Həmişə belə olub: "Çətini başlamaqdır”. Ən çətini başlamaqdır.

Başlanğıcda buraxdığımız səhvlər ən yaxşı halda sonumuz olur, ən pis halda isə gecikən fəlakətimiz. 

Səhvlərimdən Allaha sığınıram.

Hazırıq. Yox, hazırlıq. Orta məktəb şagirdlərinin ehtiyacı və valideynlərin istismarı - hazırlıq. Hamımızın gözünə batan, əsəblərimizi tarıma çəkən, danışdıran (tay-tuş arasında) hazırlıq. Və sual: "Necə olur ki, müəllim dərsdə öyrədə bilmədiyi mövzunu hazırlıqda elə öyrədir ki, sankı həmin mövzunu bu "fərsiz” uşaq özü araşdırıb, planlaşdırıb, yazıb, redaktə edib, rəy verib, çap eləyib?” Bu ironiya deyil. Həqiqiətən, hazırlığa gedən uşaqlar kitabı kitab müəlliflərindən yaxşı bilirlər. Bu nə sirrdir axı (Bəli, heç bir repitior yanına getmədən yüksək nəticə göstərən abituriyentlər olur, Allah yollarını xeyrə açıq eləsin. Bəs neçə nəfər? Bu cür uşaqların ümidinə qalsaq, ali məktəblər cəmi bir neçə tələbə üçün işləməli olar).

Hazırlıq ehiyacdır, ya dəb? "Oxutmuram, əl çəkin” səviyyəsindən  "Qanım, canım bahasına oxudacam” səviyyəsinə qalxmaq nə gözəldir! Gözümüz aydın olsun. Həqiqətən, çox xoş mənzərədir. Hər tərəf təhsil müəssisəsidir- kurslar, uşaq inkişaf mərkəzləri və s. Amma bunlar can, qan bahasına başa gəlməməlidir. Belə çıxır ki, günümüzün sosial bərabərsizliyi gələcəkdə tək maddi yox, həm də təhsil səviyyəsinə görə insanların qruplaşması mənzərəsi kimi açılacaq gözlərimiz önünə.  Çünki övladının əyninin, qarnının ehtiyaclarını ödəmək üçün kirpikləri ilə köz götürən valideynlər var  ki, onların süzülmüş canları, qara qanları övladlarının təhsili bahasını ödəmir. 

Bu məqaləni (qismət olarsa) hanısa müəllim, ya da müəllimin ailə üzvlərindən kimsə oxusa, müəllifi qınayar. Məsələn, belə: "Müəllimin maaşı azdır, bircə əlavə gəlir yeri var, niyə hamını narahat edir? Və s.” Razıyam. Müəllimin maaşı, həqiqətən, dolanışıq üçün  çox azdır. Hətta o qədər azdır ki, bu müəllimin çəkdiyi zəhmətə təhqirdir. Bəs yaxşı neçə müəllim öz işinin öhdəsindən tam şəkildə gəlir və ya gələ bilir? Nə qədər müəllim daha çoxuna layiqdir? Neçə müəllim şagirdinin qarşısına şəxsi nümunə kimi çıxa bilir? "Baxın, elədim, eləyin, baxın, eləmədim, eləməyin” - deyə bilir? Məs:  Neçə müəllim seçkinin saxtalaşdırılmasından imtina edə bilir.  Çox az, Allah haqqı, çox az. Amma axı maaş nəzərdə tutanda mən bu adamlara bu öhtəlikləri verim, bunlar da ancaq  filan qədərini ödəsinlər deyə hesablamazlar axı (Hər bir halda müəllimin maaşı işləyən üçün heç nədir, az işləyən üçün azdır. Amma heç işləməyənin burnundan gəlsin azı da, çoxu da). Müəllim ən böyük ziyalı təbəqəsidir və bilməlidir ki, "Maaşım azdır” minnəti valideynlərə deyil, hansısa qrumlara bildirilməlidir. Və ən əsası maaş azdır deyə işi keyfiyyətsiz görmək vicdanlı adama, xüsusən, insan tərbiyə edənə, təhsil verənə yaraşmaz.

Bir də yük var, o yükə uyğun çiyin var. Insafən, kurikilumun tələb etdiyi şəkildə araşdırmaçı, ayıq, vicdanlı, diqqətli, əməksevər, vətənpərvər və s. insanlar tələb etdiyimiz müəllimləri tək canları ilə 25-30 nəfərlik sinfə təhkim edəndə nə fikirləşmişik? Fərdi yanaşma, şəxiyyətə hörmət, və s. Bəs müəllim canıdır axı, onun mənəvi keyfiyyətləri nə qədər böyük olsa da, fiziki imkanları hamınınkı ilə eynidir, ya da yox, əksəriyyətdən çox aşağıdır. Çünki o maaşla həkim qəbulunə getmək (həkimlər də, sağ olsunlar, maaşları azdır deyə, öz işlərini öhdəsindən elə müəllimlər kimi gəlirlər(istisnalar var) mümkün deyil. Əlqərəz, müəllimin də orqanizmi insan yükündən artığını götürə bilməz, əsəbləri fəal dərs şəraitində 30 nəfərə tab gətirməz. 

Təklifim?

1. Siniflərdə uşaqların sayı azaldılsın.

2. Siniflərdə uşaqların sayı azaldılsın

3. Siniflərdə uşaqların sayı azaldılsın

4. Müəllimlər əlavə yazı işlərindən azad edilsin

5. Yox, təhsil, təhsil və təhsil deyiriksə, hazırlıqsız alınmırsa, bu dövlət hesabına həyata keçirilsin. Şagirdlər fərdi izlənilsin, bilik səviyyəsi aşağı olan uşaqlar üçün günün hansısa hissəsi öz məktəbində fəaliyyət göstərən müəllim nəzarəti və köməyi təşkil olunsun. Elə adları da hazırlıq müəllimi olsun, elə dövlət büdcəsinə də maliyələşsinlər. Beləliklə,  həm pedaqoji kadrların işsizlik problemi müəyyən qədər həllini tapsın, həm də imkansız valideynlərin uşaqları cəmiyyətdə yer tutmaq imkanı qazansınlar. 

Yox, büdcəmizdə pulumuz yoxdursa, bu başqa məsələ. Mənim boyumu aşar. Bunun niyəsi, necəsi iqtisadçıların, politoloqların, millət vəkillərinin işidir. 

Məktəbdə dərsin keyfiyyəti aşağıdır və valideynin əlavə təhsil üçün imkanı yoxdursa, o uşağa dövlət çatmayıb demək, dövlət o uşağı itirib demək. Ən yaxşı halda əsgər olacaq, amma əsgərin də savadlısı yaxşı deyilmi? Bir də var ikinci tərəf: imkanlı valideynin öyrənmək imkanları məhtud övladı. Kurs-kurs gəzir, müalicə alır, alınmır ki, alınmır. Hamı itirir, qazanan hansısa işbazlardır ki, onlar da hiss etməsələr də, gələcəklərini itirirlər.

Məncə, hər şeydən öncə insan. Tək hamı üçün Vətən yox, həm də hamı üçün Dövlət!


Sona Əli
qadinkimi.com