BURA / ORA
Ərdoğanın “qız universitetləri” ideyası etirazla qarşılanır Tarix : 10 Sentyabr 2019, 15:23
Yazar : Qadinkimi.com
Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan iyunun 28-29-da G-20 Zirvə toplantısında iştirak etmək üçün Yaponiyaya gedib. Səfər çərçivəsində o, Yaponiyanın Osaka şəhərində yerləşən Mukogava Qadın Universitetini də ziyarət edib. 
 


Ərdoğanın tədbir zamanı "Ölkəmizdə də bu addımı atacağıq” fikrini səsləndirməsi Türkiyədə ciddi müzakirələrə səbəb olub. Buna əsas səbəb Yaponiyanın gender bərabərliyi mövzusunda bir çox inkişaf etmiş ölkələrdən geri qalmasıdır.
Ölkəsinə dönən Ərdoğanın Türkiyənin ali təhsil qurumu olan Yükseköğretim Kurulundan (YÖK) bu istiqamətdə lazımlı addımların atılmasını tələb edib. Bundan sonra qadın haqları müdafiəçiləri "Türkiyəni geri aparır” deyərək, ona qarşı çıxıblar. Onlar bu ideyanın XXI əsrə uyğun olmadığını və mühafizəkar qadınların belə həmin universitetlərdə oxumaq istəməyəcəklərini bildiriblər. 

Türkiyədə qadın haqları mövzusunda ciddi araşdırmaları ilə tanınan professor Fatmagül Berktay XIX əsrdə qurulan qadın universitetlərinin missiyasının o dönəm üçün qızların universitetlərə qəbul edilməsi olduğunu vurğulayır. Onun fikrincə, bu gün Türkiyəyə qadın universiteti qurmaq ayrı-seçkilikdən başqa heç nə gətirməyəcək.   
 
                                                                                                                      
Tarixə müraciət etsək, uzun illər feodal quruluşun təsirində qalmış Yaponiyada 1860-cı illərədək hökm sürən samuray adətinə görə, qadının yeri evi, övladları və ərinin yanı hesab olunub. Hətta bir samuray qanunu daha da irəli gedərək "qadınların sözlərinin heç bir şəkildə diqqətə alınmaması gərəkdiyini” iddia edirdi. Bir sözlə, dünyaya qapalı olan bu ölkədə 1865-ci ildə başlayan Meiji Restavrasiyası dövrünə qədər toplumsal həyatda qadınlara, demək olar ki, yer verilməyib. İlk dəfə 1871-ci ildə yapon imperatriçəsinin himayəsi ilə Amerikaya oxumaya gedən bir qrup qız tələbənin missiyası belə aydınlanmadan daha çox analıq vəzifəsini önə çıxarmaqdaydı. Onların vəzifələri geri dönəndən sonra ölkəni idarə edəcək kişilər yetirmək idi. 
Uzun müddət bu düşüncədən qurtula bilməyən Yaponiyada bu yanaşma hələ də tam aradan qalxmayıb. Dünya İqtisadi Forumunun bir il öncə açıqladığı Dünyada Gender Böhranı barədə hesabata daxil olan 149 ölkə içərisində Yaponiya 110-cu sırada yer alıb. Bu hesabatda Türkiyə də 130-cu yerdə dayanırdı. 

Qadınların siyasi və iqtisadi həyata iştirakı məsələsində də Yaponiya inkişaf etməkdə olan ölkələr səviyyəsində qalır. 

Sözügedən hesabata görə, Yaponiya qadınların "təhsilə çıxışı” kriteriyası üzrə dünya sıralamasında 64-cü yerdə qərarlaşsa da, xüsusilə qadınların "siyasi həyatda iştirakı” və " iqtisadi həyatda iştirakı” mövzusunda müvafiq olaraq 127-ci və 115-ci pillələrdən yuxarı qalxa bilməyib. Başqa sözlə desək, bu məqamlarda Yaponiya Afrika və buna bənzər inkişaf etməmiş ölkələr səviyyəsində qalır. 
G-20-nin inkişaf etmiş ölkələrinin siyahısına baxsaq, nisbətən zəngin və sənayeləşmiş ölkə olaraq qəbul edilən Yaponiyanın mövqeyinin ürəkaçan olmadığını görərik. Yapon qadınları bu qrupda sadəcə Cənubi Koreya, Türkiyə və Səudiyyə Ərəbistandakı həmcinslərindən irəlidədirlər. 

Qadın universiteti diplomlu ev qadını yetişdirir

Pozitiv ayrı-seçkilik tətbiq edilməklə tələbələri ənənəvi olaraq yalnız qızlardan formalaşan təhsil qurumuna adətən "qadın universiteti” deyilir. Yaponiyadakı 800-dən artıq universitetin səksəni bu prinsiplə qurulub. 
Tsuda Universiteti də bu cür qadın universitetlərindəndir. Tokiodakı bu özəl təhsil müəssisəsinin Umeko Tsuda 1871-ci ildə - Meiji Restavrasiyası zamanı Qərbə göndərilən üç qız tələbədən biri olub. Bu universitet qızlara ingiliscə təhsil verir.
Tsudanın təhsil modeli o dövrün şərtlərinə görə, seçmək və seçilmək hüququ başda olmaqla bir çox haqlardan məhrum olan yapon qızlarından "tələb olunan şeyi edə bilən "zərif” və kübar qadınlar” yetişdirmək idi. 
 

O vaxtdan 119 il ötüb. Qadın universitetləri gözlənilən uğurlu nəticəni verə bilibmi? Bu sualı birmənalı cavablandırmaq çətindir. Məsələn, Tokioda yerləşən, ölkənin ən qədim qadın universiteti olan Ochanomizu Universiteti "Times Higher Education”un 2019-cu il üçün təqdim etdiyi siyahıda dünyanın ilk 1000 ali təhsil ocağı arasında yer almasa da, Yaponiyanın öz sıralamasında 25-ci yeri tutaraq, ən uğurlu qadın universiteti sayılır. 
Bununla belə, tələbə sayında günü-gündən azalma müşahidə olunduğu üçün başqa bir qadın universiteti – Showa binasını məktəblərə və universitetlərə kirayə verir. 

Hansı sahələrdə təhsil verilir?

Ərdoğanın ziyarət etdiyi Mukogawa Universiteti daha çox tibb bacısı yetişdirən və gündəlik yaşamda estetik biliklər aşılayan, dünya səhiyyəsinin inkişaf etdirilməsini qarşısına məqsəd qoyan, eyni zamanda, Türkiyə mədəniyyətini araşdıran bir təhsil ocağıdır. 
Yaponiyanın Təhsil Haqqında Əsas Qanununun 4-cü maddəsinə görə, heç kimin təhsil haqqı cinsi, irqi, etnik, sosial mənsubiyyətinə, iqtisadi durumuna (və ya ailəsinin kökəninə) görə əlindən alına bilməz. Ancaq bu il qalmaqal baş verdi: Tokio Tibb Universitetinin (TTU) giriş imtahanında kişilərdən daha yüksək bal topladıqları halda, qadın namizədlərin ballarının bilərək aşağı salındığı, kişilərin ballarına isə əlavələr edildiyi ortaya çıxdı. Nəticələri saxtalaşdırdığı iddia olunan 10 universitetdən birinin – TTU rəhbərliyinin özünümüdafiə xarakterli açıqlaması etirazları bir qədər də artırmışdı. Universitet rəhbərliyi qadın həkimlərin evlənib uşaq sahibi olan zaman işi tərk etdiklərini önə çəkirdilər.
Çikaqo Universitesinin professorlarından biri Kazuo Yamaguchi bu cür geridəqalmış düşüncə və  qadınlara qarşı ayrı-seçkilik səbəbindən yapon qadınları arasında həkimlik ixtisasına sahib olanların faizinin OECD üzv ölkələr arasında ən aşağı yerdə olduğunu bildirir.
 
 
 

qadınkimi.com