HƏR ŞEY / HEÇ NƏ
Div qorxusu (hekayə) - Rəbiqə Nazimqızı Tarix : 13 İyul 2019, 21:35
Yazar : Rəbiqə Nazimqızı
Qatar indicə tərpənəcək. Anası onu sonuncu dəfə öpür:

- Bax ha, oğlanlarla oynama. Başa düşürsən nə deyirəm?

Qız heç nə anlamasa da, başı ilə təsdiq edir.

Əvəzində nənəsi dillənir:

- Arxayın ol. Gözüm üstündə olacaq. 

Onun saçını həmişə oğlansayağı vurdururlar, oğlanlar kimi şalvar geydirirlər, oyuncaqlarının arasında bir dənə də olsun gəlincik yoxdur, hamısı maşınlardır. Bəs niyə anasının oğlanlardan xoşu gəlmir? İstəyir soruşa ki, niyə ona oğlanlarla oynamaq olmaz. Qorxur ki, acıqlanarlar.

Başqa sual verir:

- Məni günortalar yatırtmayacaqsan ki? 

Nənəsi gülümsəyir:

- Kənd bağça deyil, qorxma. 

- Divin nağlını da danışacaqsan?

- Hə... indi yat. Səhər tez duracağıq...



Hər səhər onun üçün anasının səsi ilə açılır:

- Tez ol, dur, gecikirik.

Gözlərini aça bilmir, anası yaş əllərini onun gözlərinə çəkir, artıq öyrəşib, bu soyuq təması hiss eləməsə, qızcığaz yerindən duran deyil.

Anası işə tələsir. Onu müəlliməyə tapşırıb gedir. Qızcığaz əvvəl onun arxasınca ağlayır, tez də kiriyib, uşaqların sırasına qarışır. 

Səhər yeməyi verilir. O, qarşısındakı yağ-çörəyə, sıyığa nifrətlə baxır. Qaşıqlayır, amma yemir.

- Tez ol, ye. Yeməsən, cibinə tökəcəyik. 

İnanır. Qorxusundan qaşığı yavaş-yavaş ağzına aparır. İkinci qaşıqda öyüyür. Müəllimə acıqlanır, qabı əlindən alır.

- Heç olmasa, yağ-çörəyi ye. 

Çörəyin yağsız, qabıqlı yerindən dişləyir. Yağın qoxusu ürəyini bulandırır. Ağlayır. 

- Özün bil, günortaya qədər ac qalacaqsan.

Bu sözdən sonra rahatlanır. Deməli, yeməyə də bilərmiş. Günorta yeməyində şorbaya tərəf baxmır da. İkinci yemək düyüdür – onu yemək olar. Kompotu da xoşlayır. Ən dəhşətlisi, bundan sonra gəlir. 

Həftənin beş günü nahardan sonra bağçadakı çarpayısına böyrü üstə uzanmalı, əllərini başının altında çarpazlayıb gözlərini yummalıdır. Bu dəfə də heç nə alınmır. Ayaqlarını sürüyə-sürüyə ikinci sıraya keçir. Üst paltarını çıxarıb taxta çarpayının başından asır. Pijamasını tərs geyindiyini hiss eləsə də, əhəmiyyət vermir. Yatmaq lazımdır.

Yatmaq onun üçün həmişə işgəncədir. Çox gec yuxuya gedir – yatana qədər yerinin içində o qədər o yan-bu yana çevrilir. Duranda döşəkağını yerdə görür. Anası buna görə onu çox danlayır. 

Evdə artıq körpəliyindən öyrəşiblər: valideynləri hələ lap körpəlikdən onun çətin yuxuya getdiyini görüb, beşiyindəcə oyuncaqları ilə baş-başa buraxırdılar. Hər ikisi iş adamıdır, əvvəllər laylayla, nağılla uşağı yuxuya verməyə çalışsalar da, bir gün bütün üsullarının nəticə vermədiyini görüb, "nə vaxt yorular, onda da yatar” demişdilər. 

Bircə Sara gələnədək yuxuya gedə bilsə...

- Anam dedi ki, günorta yatmayım. Dalımca tez gələcək...

Müəllimə onun yalan danışdığını bilir. Gözlərinin içinə baxmağa ehtiyac da görmür. Hər günorta saat 1-ə qalmış eyni vəziyyət təkrar olunur. Hər dəfə də qızcığaza elə gəlir ki, bu dəfə ona inanacaqlar və günorta yuxuya getmək əzabından qurtulacaq.

- Sən paltarlarını soyun, yerinə gir. Gözlərini də yum. Anan gələndə deyərik, durarsan... 

Sara bağça müəlliməsinin qızıdır, 12-13 yaşı olar. Hər günorta dərsdən çıxıb anasının yanına gəlir. Müəllimə yatmaq vaxtı uşaqları ona tapşırıb qonşu otaqdakı rəfiqəsinin yanına keçir, bir də uşaqlar yuxudan oyananda görünür. Düz bir saat Saranın nəzarətində olurlar. Qız şkafın arxasında gizlədilən nazik çubuğu götürüb çarpayıların arasında gəzir. Vay o gündən kiminsə gözləri açıq qala. Əvvəl çır səslə üstlərinə çığırır, sonra çubuq işə düşür. Düzdür, yorğanın üstündən ağrısı o qədər də güclü hiss olunmur. Amma uşaqlar ondan qorxurlar...

Evdədir. Hamamdan əvvəl su səsi eşidilir, sonra anası onu çağırır:

- Su qızıb, tez ol, paltarlarını soyun gəl. 

Çimməyi xoşlayır, sabunun gözlərinə düşməsindən də qorxmur. Gözlərini yummaq bəs edir. Əynini soyunub, vanna otağına tərəf qaçır. 

- Səni kim bu günə qoyub? – bədənini sabunlayanda qızın qarnının altındakı uzunsov qırmızı zolaqlar varı görünür. 

Anasının səsindən başa düşür ki, nəsə dəhşətli bir şey baş verəcək. İndi kənddən yun çırpmaq üçün gətirdikləri qalın ağacı götürəcək və onu döyməyə başlayacaq. Hara gəldi vuracaq. Başına, əllərinə, yanına. Çubuq dərsini yandıracaq, saçından tutmuş dırmaqlarınadək hər yeri gizildəyəcək. 

- Düzünü de. Yoxsa...

- ...

Yox, bu dəfə anası yun çubuğuna əl uzatmır. Qapının arxasındakı qapa rəngli palazçırpan da yadına düşmür deyəsən. Görəsən, hansı daha çox ağrıdar? 

- Ma, heç kəs. Həyətdə yıxılmışam.

- Mənə yalan demə. 

Bəlkə də, bıçağı qaz peçinin üstündə çay dəmləmək üçün qoyulan dəmirdə qızdırıb, ona dağ basmağa hazırlaşır. Nə olur-olsun, Saranın adını çəkməməlidir. Səhərsi qız onu öldürər. Hə, hə, öldürər. O, müəllimənin qızıdır axı. Kim ona bir söz deyəcək? Anasının heç xəbəri də olmayacaq.

- Oğlanlardan kimsə eləyib, hə?

Görəsən, niyə anası oğlanlardan şübhələnir? Niyə həmişə deyir ki, onlardan uzaq gəzsin? Onlar ki adamı döymürlər. 

Bəlkə, baxçadakı oğlanlardan birinin adını desə, inanar. Bax, elə özü də onlardan şübhələnir. Sara da, müəlliməsi də heç ağlına gəlmir.

- Oğlanlardan kimsə eləyib, hə? - anası onu dəsmalla qurulaya-qurulaya sualı təkrar edir. Saçları dəsmalın xovlarına ilişir, başını oyan-bu yana dartır, saçları daha bərk yolunur. Cavab vermək əvəzinə:

- Ağrıdır – deyir. Anası bu dəfə həmişə çimdirəndən sonra elədiyi kimi onun bədənini qurulamır, qucağına alıb otağa gətirmir. Əvəzində mətbəxə gedir. Oradan çəngəl-bıçaq səsi gəlir. 

- Kim eləyib? – dəmirin iyindən anasının əlindəki bıçağın qazın üstündə qızdırıldığını başa düşür. Sualı eşitmir. Anası onu qızın barmaqlarına sarı uzadır, indicə dərisində bıçağın isitsini hiss edəcək.

- Ma, qurban olum, eləmə – yalvarır. 

- Tez ol, de görüm bunu kim eləyib.

- Deyirəm... indi deyirəm... Dadaş. 

Özü də bilmir ki, niyə ağlına birinci Dadaşın adı gəlir. Dadaş onun bağça yoldaşıdır. Hərdən darıxanda söhbət eləyirlər, onun qəşəng oyuncaqları var. O da Saradan çox qorxur. Yəqin, dostunun yalan danışmasından inciməz, başa düşər. Onsuz da başqa yolu yoxdur. əsas odur ki, döyülməsin. Çox ağrıdır axı...

Canı qurtardı. Anası daha onu vurmayacaq, ad çəkib. İndi yerinə girib yata bilər. Yerinə tərəf getmək istəyəndə ayaqlarında yandıran ağrını hiss edir. Sonra qollarında... 

Sonra "nə vaxt”, "niyə”, "necə” sualları gəlir. Uşaq bunları eşitmir. Bircə çubuğun hərəkətini görür, bir də anasının hirsindən qızarmış gözlərini. Yerinə nə vaxt girdiyini bilmir...

Bağçadadır. Anası dəhlizdə müəllimə ilə nəsə danışır. Arada gözlərinin ucu ilə ona baxırlar. Sonra Dadaş gəlir. Anası daha görünmür.

Günorta müəllimə rəfiqələrinin yanına getmir. Uşaqlar yatmaq üçün soyunurlar. O da çarpayısına yaxınlaşır. Müəllimənin səsi gəlir: 

- Sən bura gəl.

Qızcığaz qorxur. Anlayır ki, onunla nəsə ağır söhbət edəcəklər. Müəllimənin əlində iynə-sap var. Paltarını soyun deyir, qızın bədənindəki zolaqlara baxır:

- De görüm bunu kim eləyib? Düzünü deməsən, dilinə iynə batıracam, düzünü de...

Sonra müəllimə Dadaşı çağırır. İynəni onun barmaqlarına batırır. Uşaq "mən heç nə eləməmişəm” deyib ağlayır... 

...Qatar tərpənir. Qız gözlərini yumur. Ona elə gəlir ki, qaranlıqda hər şeyi daha tez yaddan çıxarmaq olur. Fikirləşir ki, bir də, heç vaxt şorba yeməyəcək. Hər gecə nənəsi ona nağıl danışacaq və o, ömrü boyu bu nağıllardakı nəhəng divlərdən başqa heç kəsdən qorxmayacaq...
 

 
Qadinkimi.com