YAZI / DÜŞÜNCƏ
Dilinə qıfıl vurmalı olduğun 10 əsas durum Tarix : 13 Noyabr 2019, 11:42
Yazar : Qadinkimi.com
Hər hansısa mübahisəli məsələdə və ya söhbətdə düzgün ifadəni tapmaq asan deyil. Dediyinin yersiz olma ehtimalı çoxdur. Bəzən yersiz danışmaqla münasibətləri daha da korlaya bilərsən.

"Susmaq qızıldır” – ifadəsini təsdiqləyən əsas 10 hal:
 


1. Sizi qıcıqlandırmaq, mənliyinizə toxunmaq istəyirlərsə...
Tərəf müqabilinizin özünü haqlı çıxarmaq üçün yetərli səbəbləri yoxdursa, sizi əsəbləşdirməyə, bezdirməyə çalışacaq. Bu zaman geri addım atacaqsız.
Hər hansısa mübahisəli məsələdə qarşı tərəf təhqirə, söyüşə keçirsə, ona həqiqəti başa sala bilməyəcəksiniz. Ona həqiqət lazım deyil.

2. Sonra peşmançılıq çəkəcəyinizi hiss edirsinizsə, susun.
Biz əsəbi, gərgin olanda başqalarına özümüzü ağrıdacaq sözlər deyə bilərik. Bu zaman özümüzü susdurmalıyıq. Əsəbi halda düşünmədən işlədilən sözün ağrısını çəkmək kimi bir əzaba qatlaşmağa dəyərmi? Birmənalı olaraq yox!

3. Əgər mübahisəli məsələ haqda dəqiq məlumatınız yoxdursa.. 
Bu zaman söhbətə müdaxilənizlə yersiz və hörmətsiz duruma düşə bilərsiz.
Mübahisənin səbəbini bilmirsizsə, yaxşısı budur, sakitcə dinləyin. Məsələni aydınlaşdırmaq üçün sadəcə suallar verə bilərsiniz.

4. Əgər həddindən artıq emosional haldasınızsa...
"Hirsli başda ağıl olmaz” və ya "Çovğunda verilən vədlər sakit havada unudulur” kimi misalları xatırlayın. Emosional halda verdiyiniz vədləri yerinə yetirmək imkanınız olmaya bilər. Belə vəziyyətdə heç nə vəd etməyin.

5. Kimsə qeybət etmək istəyəndə
Başqalarını müzakirə etmək, dalınca danışmaq, onları çirkaba batırmaq ən pis cəhətdir. Bundan uzaq olun. Yanınızda kiminsə qeybət etməsinə imkan verməyin.

6. Başqasının fikrinə dəyər vermək lazım gələndə
İnsanların çoxu diqqətlə dinləməyi bacarmır. Çünki əksəriyyət danışmağı sevir. Başqalarını dinləmək vərdişinə sahiblənin. Bunun sizə köməyi dəyər.

7. Bəzən əməli iş danışmaqdan vacibdir.
Bəzən 5 dəqiqənizi ala biləcək kiçik bir iş olur. Sizsə işgörmək yerinə onun müzakirəsinə zaman sərf edirsiz, mübahisəyə səbəb olacaq gərəksiz suallar verirsiz. Qiyməti ölçüyə gəlməz zaman itirirsiniz. Danışmaqdansa, iş görün.

8. Həlli asan olmayan məsələdə sizdən tez qərar vermək tələb olunursa...
Əgər hər hansısa asan olmayan məsələdə sizdən tez cavab və ya qərar vermək tələb olunursa, yaxşısı budur "yox” deyin və ya susun. Ağıllı adam məhz belə edər. 
İnsanı çıxılmaz vəziyyətə salan ifadələrdən biri də "Ya indi qərar ver, ya da heç vaxt”dır. Bu, insan hisslərini manipulyasiya etməkdir. Ona görə də ən yaxşısı susmaqdır.

9. Gələcək planlarınız, hələ həyata keçirə bilmədiyiniz arzular haqda
Psixoloqların da qənaətinə görə həyata keçirə bilmədiyiniz ideyalar, gələcək planlarınız haqda söhbətiniz onların yerinə yetməməsini "sosial reallığa” çevirir.
Siz onlar haqda danışmaqla xəyal qurursuz və onları yerinə yetirmək gücünüzü, həvəsinizi azaltmış olursuz. Danışmayın!

10.  Sadəcə deməyə sözünüz olmaya bilər
Hamımız söhbətləşmək, hər hansısa müzakirədə, mübahisədə nəsə demək arzusunda oluruq. Bəzən susmaq bizə yersiz görünür və ya özümüzü lazımsız hiss edirik. Buna baxmayaraq, nəsə deməyə can atmayın, siz nəsə deməyə məcbur deyilsiniz. 

Sizin bu mövzuya nə kimi əlavəniz var. 
Fikirlərinizi bizimlə bölüşün.
 

Çevirdi: Kamalə Abiyeva 
qadinkimi.com