BURA / ORA
Dağlar allahların ruhudu: Kamal Abdulla Tarix : 24 İyul 2019, 23:33
Yazar : Qadinkimi.com
Bu günlərdə Cənab Prezidentin fəxri adlarla təltif etdiyi Azərbaycan yazıçıları arasında Kamal Abdullanın da adının olması Azərbaycan Dillər Universiteti kollektivini sevindirdi. Düşünürük ki, Kamal Abdulla  çoxdan "Xalq yazıçısı” fəxri adını almağa layiq idi. Kollektivin ona inam və etibarından irəli gəlir ki, Kamal Abdulla həm də ilin rektoru seçildi.

Həm elmdə, həm də bədii yaradıcılıqda söz demək, fundamental fikirlər ortaya qoymaq hər kəsə nəsib olan keyfiyyət deyil. Bu, insandan böyük zəhmət, daimi yaradıcılıq potensialı tələb edir. Kamal Abdulla bu çətin missiyanı öz üzərində daşımaqla yanaşı, həm bir filoloq, həm də tənqidçi və yazıçı kimi illərdir istər elmi fəaliyyətində, istərsə də bədii yaradıcılığında özünəməxsus xüsusi iz qoymuş şəxsiyyətlərdəndir. Bu səbəbdən uzun illərdən bəri sevilən və yaradıcılığı maraqla izlənilən ədib kimi onun çoxdan xalqın yazıçısı adını qazandığını demək olar. 
Bu faktı alimin geniş elmi və bədii yaradıcılığıyla tanış olan hər bir oxucusu təsdiq edə bilər.

Görkəmli alimin həyat və yaradıcılığına nəzər salarkən, bir ziyalı olaraq onun nə qədər zəngin irsə malik olmasını və fəaliyyətinin genişliyini görürük. Dilşünas, ədəbiyyatşünas, yazar, tənqidçi, ictimai xadim; Yaradıcılıq Fondunun sədri, "Türkologiya” jurnalının baş redaktoru; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri və sadalamadığımız, lakin ictimaiyyətə yaxşı tanış olan neçə-neçə sahə... 

Sadalanan bu kimi sahələr artıq özlüyündə Kamal müəllim və onun elmi, ictimai sahədə gördüyü işlər haqqında konkret təsəvvür yaradır.
Ayrıca, onu da qeyd etmək yerinə düşər ki, ədəbi fəaliyyəti, bədii yaradıcılığı Kamal Abdulla üçün xüsusi məna kəsb edərək həmişə onu narahat etməkdə və izləməkdədir. Onun bədii yaradıcılığı tam başqa aləm olaraq, oxucusunu daim sürpriz anlamlarla üz-üzə qoyaraq düşünməyə sövq edir, yeni bədii yanaşma tələb edir. Bu baxımdan bədii ədəbiyyatda Kamal Abdulla dəsti-xətti tamamilə seçilir və hər bir yeni yazısı böyük maraqla qarşılanır. Ədibin "Yarımçıq əlyazma”, "Sehrbazlar dərəsi”, "Unutmağa kimsə yox...” romanları, şeirlər və hekayələr topluları yeni bədii-estetik keyfiyyətiylə artıq xeyli vaxtdır öz oxucularında kifayət qədər böyük təəssürat yaradıb.

Kamal Abdulla əsərlərinin demək olar ki, əksər personajları klassik ədəbiyyatdan gəlsə də, onlar məllifin üslubunda müasir təfəkkür diliylə danışır. Ədəbi əsərlərdəki qaranlıqlara aydınlıq gətirir, işıq salır o! 

Yazılarıyla əsərləri yenidən kəşf edir, sanki onlara yenidən can verir, yeni nəfəs verir o!... 
Hekayələrindən birində "Dağlar allahların ruhudur” - deyən ədibin sözlərinə əsasən "əsərlər də yazıçının ruhudur" deyə bilərik. Kamal Abdullanın fikir labirintində dolaşıb qalmamaq üçün onun fikir dünyasının dəruni qatlarına baş vurmaq və ona yaxşı bələd olmaq lazımdır.  

Böyük yazıçılar böyük olduqları qədər sadə, amma nə qədər paradoksal olsa da, həm də mürəkkəb şəxsiyyət olurlar. Eyni fikir Kamal Abdulla şəxsində də öz təsdiqini tapır. Onun istər şerlərində, istərsə nəsr əsərlərində yazdığı sətirlərə, fikir dünyasına baş vurarkən novatorluğuna və fərqli nəqletmə üsuluna hazır olmaq lazımdır.  

Bundan başqa ədib "əvvəl-axır yazılanlar”da əsərlər və bədii-estetik üslub haqqında etdiyi qeydlərlə bir çox söz sahibinin və əsərlərin qaranlıq tərəflərini, sətraltı sirlərini, sadə oxucunun ayırd edə bilməyəcəyi məqamları səbirlə və ustalıqla aşkara çıxarır. Kamal məllim təhlilləri ilə oxucuya ədəbi əsərlərə diqqət edə bilmədiyi prizmadan baxmağa kömək edir.

Kamal Abdulla "Unutmağa kimsə yox" kitabında yazdığı kimi "yaddaşımız, əzabımız, qayğımız” hissini əsərlərinin sujet xəttində, obrazların xarakter və taleyində yaşayır. Fikir dünyasına görə onun əsərləri bizim üçün çox böyük dəyər kəsb edir.
"Ədəbiyyata həyatını verənlər və ədəbiyyatda həyatını qazananlar, əslində, hansısa bucaqdan baxılarsa eyni taleyin adamlarıdır” –deyir Kamal Abdulla, amma əslində, ədəbiyyatda həyat yaradanlardır söz ustadları, şair və yazıçılar...
Nə qədər ki, bəşər övladı düşünür,  o yaradacaq. 

Fərqli düşüncə tərzi, fikirlər silsiləsi, təfəkkür fəlsəfəsi yaradıcı insana rahatlıq vermir, onu yazmağa yaratmağa, yazıb-yaratdıqlarıyla insanları düşünməyə, təfəkkürün inkişafına yol açir. Əli qələm tutan hər bir kəs yaza bilər, ancaq bir ədibin elmi-zəkasıyla, bədii-estetik dünyaduyumuyla yazılmış yazıları cəmiyyət üçün daha faydalı, daha əhəmiyyətli sayılır. 
Söz sərrafı kimi Kamal Abdulla da illərdir fərqli qələmi ilə, zəkası və müxtəlif baxışlı təfəkkürü, yaratdığı bədii əsərləriylə oxucularının diqqət mərkəzindədir.  

Kamal Abdulla bir yazıçı kimi artıq canlı klassik olsa da, nə xoş ki, bizim müasirimizdir. Onun çox dəyərli yaradıcılığıyla tanış olmaqdan əlavə, onunla  canlı təmasa, söhbətə, fikir mübadiləsi aparmaq imkanına malik oluruq.
İnanırıq ki, Kamal Abdulla bundan sonra da elmi-ictimai-bədii yaradıcılığında yorulmadan, davamlı fəaliyyət göstərəcək və növbəti yeni mənəvi ruhlu əsərləri ilə, kitabları ilə bizləri sevindirəcək!

Nigar Haqverdiyeva,
ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakultəsinin nəzdində Xarici dillər kafedrasının baş müəllimi
 

 
Qadinkimi.com