FEMİNİZM
Cəmiyyətin nisyə dəftəri Tarix : 18 İyul 2019, 19:28
Yazar : Gülnara Mehdiyeva
Biz hələ doğulmamışdan əvvəl cinsimiz bilinən kimi valideynlər, qohumlar geyinəcəyimiz paltarın rəngini təyin edir. Sonra dünyaya göz açırıq. Oğlan uşağıyıqsa, bizə maşınlar və silahlar, qızıqsa, gəlinciklər, evciklər hədiyyə olunur. İçində yaşadığımız cəmiyyət sosial normalara tabedir. Cəmiyyət bizim cinsi mənsubiyyətimizdən asılı olaraq, maraqlarımızı, məşğuliyyətimizi, statusumuzu, hüquq və vəzifələrimizi fərqləndirir.
 

Cəmiyyətin təzyiqləri bizi gender rollarına tabe olmağa məcbur edir. Çox vaxt sosial alqış almaq və konfliktlərdən qaçmaq üçün gender normalarına tabe olmağa can atırıq. Tabe olmayanlar isə qıcıq oyadır. Cəmiyyət tərəfindən rədd edilmək qorxusu bizi artıq uşaqlıqdan narahat edir. Biz ən birinci gördüyümüz insanlardan – valideynlərimizdən nitq və mimikanı mənimsəyirik, ədəb-ərkan, əxlaq və əxlaqsızlıq haqqında çoxsaylı qayda və stereotipləri onlardan öyrənirik, hətta cinsimizdən asılı olaraq, valideynlərimizdən gələcəyimizi necə quracağımıza dair həyat ssenarisini miras alırıq. Sonra ətrafımız genişlənir və biz dostlarımızdan, müəllimlərimizdən, media və internetdən külli miqdarda davranış qaydaları mənimsəyirik.
 

Cəmiyyətdə ta qədim zamanlardan "əsl qadının” kim olması, necə görünməsi, özünü necə aparması haqqında təsəvvürlər var. Qohumlarımız və dostlarımız, tv ekranları, mətbuat səhifələri hər gün aqressiv və təngə gətirərcəsinə bizə sosial sifarişlər verir:
 

Qadın səliqəli, qayğıkeş, fədakar, dözümlü, bir qədər səfeh, məişətdə işgüzar, zəif, kişi tərəfindən arzuolunan, baxımlı, həssas, zərif, incə, kövrək, yumşaqxasiyyət, itaətkar, azdanışan, uşaq doğa bilən, ürkək, başıaşağı, utancaq, xoş qoxulu olmalıdır. Eyni zamanda üzündə xoş təbəssüm olmalı, siqaret çəkməməli, içki içməməli, ucadan danışmamalı, kişiyə güzəştə getməyi bacarmalı, uzaq məsafələrə yalnız qohum kişinin (ata, qardaş, xalaoğlu/dayıoğlu) müşayiəti ilə yollanmalıdır. Yalnız qadınlarla dostluq etməlidir. Bəlli yaşda ərə getməlidir. Hansısa yaşdan sonra isə əksinə, təkrar ailə qurmağa can atmamalıdır.
 

Qadının maaşı kişininkindən az olmalıdır. Qadın inandırılır ki, məişət işlərini yaxşı bacarmaq maddi cəhətdən müvəffəqiyyət əldə etməkdən daha önəmlidir.
 

Bu siyahını uzatmaq olar. Cəmiyyət qarşısındakı bu borclar biz böyüdükcə ayağımıza yazılmağa davam edir.
 

Bəs qadınlar hələ doğulmamışdan qabaq kimə bu qədər borclanıblar? O necə bir borcdur ki, ödədikcə bitmək bilmir? Şəxsi həyatımıza qapını döymədən girən sələmçilərə bizi kim urcah eləyib?
 

Ömrümüzün müfəttişləri, auditorları bizi daima nəzarətdə saxlayır. Biş-düş edə bilirikmi, necə geyinirik, o saatda orda nə işimiz vardı, niyə filan yerə tək gedirdik, niyə evlənməmişik, niyə doğmamışıq?
 

Patriarxal cəmiyyət istər qadınlar, istərsə də kişilər üçün daima yeni vəzifələr/borclar icad edir. Onları yerinə yetirməyənləri isə damğalayır. Bəs siz necə, əziz oxucu? Cəmiyyətin nisyə dəftərində borcunuzu bağlaya bilirsizmi?
 
 

Qadinkimi.com