BURA / ORA
Bu gün Türkiyədə Atatürkü anma, Gənclik və İdman bayramı qeyd edilib. Tarix : 19 May 2019, 20:48
Yazar : Qadinkimi.com
Bu gün Türkiyədə "Atatürkü anma, Gənclik və İdman Bayramı” Milli Mübarizənin 100- cü ildönümü qeyd edilib. Bu münasibətlə ölkənin bütün bölgələrində müxtəlif təntənəli tədbirlər təşkil olunub. 

Bayramın qeyd olunması Türkiyədə 1919- cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır. I Dünya Savaşı başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilib. 1919- cu il 16 may tarixində Mustafa Kamal paşa 36-cı Osmanlı Sultanı IV Mehmet Vahdəddin tərəfindən İstanbuldan "Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19- da Samsuna çatan Mustafa Kamal  (Atatürk) burada qurtuluş mücadiləsini başladır. Məhz bu mücadilə ilə Türkiyə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan olunub. Mustafa Kamal paşanın Samsuna çatdığı  tarixi - 19 may onun istəyi ilə hər il "Gənclik və İdman” bayramı kimi qeyd olunub.

Həmin bayrama "Atatürkü Anma Günü"  1981-ci ildə əlavə olunub və o gündən hər il rəsmi qaydada Atatürkü anma, Gənclik və İdman bayramı kimi qeyd edilir.

Onu da deyək ki, bu gün  həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğum günüdür. Atatürk 1881-ci il may ayının 19-da Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib. Hörmətlə anırıq.
 


Qadinkimi.com