BURA / ORA, QADIN / KİŞİ
Bu gün saytımızın təsisçisi AYSEL ƏLİZADƏ’nin doğum günüdür Tarix : 03 Yanvar 2020, 10:00
Yazar : Qadinkimi.com
Bu gün müstəqil jurnalist, yazar, Qadinkimi.com saytının təsisçisi və layihə rəhbəri AYSEL ƏLİZADƏ’nin doğum günüdür. Qadinkimi.com saytının kollektivi olaraq baş redaktorumuzu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Dəyərli AYSEL xanımın özü üçün, ailəsi üçün, Qadinkimi.com saytı üçün, ölkəmiz üçün, bütün Türk dünyası və insanlıq üçün arzuladığı nə varsa hamısının həyata keçməsini diləyirik!

Aysel Əlizadənin bioqrafiyasını sizlərə təqdim edirik.

AYSEL ƏLİZADƏ kimdir? 

Tərcümeyi-halı


Əlizadə Aysel Alim qızı 03 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub.

1986 - 1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbdə təhsil alıb.

1996 - 2000-ci illərdə Bakı Dövlət Universitetində ali təhsil alıb.

Karyerasına 1998-ci ildə ABA TV -də teleaparıcı kimi başlayıb. Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb.

Xitə çevrilən, öz sözlərinə yazılmış "Ad günü" adlı mahnı ifa edib. Səkkiz mahnıdan ibarət musiqi albomu işıq üzü görüb.

Televiziyaçı, şairə, nasir, publisist, tərcüməçi, ictimai xadim kimi tanınır.

Mətbuatda – 525-ci qəzet, Ədalət qəzeti, Lent.az, Publika.az, Musavat.com saytlarında rezonans doğurmuş yazılara imza atıb.

2009-cu ildə "Media Açarı” mükafatına layiq görülüb.

2009-cu ildə yazıçı kimi Prezident təqaüdçüsü olub.

2012-ci ildə Mərkəzi Seçki Komisiyyasında baş mütəxəsis kimi çalışıb və Azərbaycanın seçki tarixinə aid kitabın hazırlanmasında iştirak edib.

Səkkiz kitabın müəllifidir: "Ora” (hekayələr), "Doğulacaq qadın” (şeirlər), "Göy qurşağı” (esselər), "Erkəklər” (roman), "Təkliyə düzəliş” (şeirlər), "Azad” (akademik Azad Mirzəcanzadə haqda portret), "Qadın peyğəmbər” (roman) və "Seksin poeziyası” şeirlər kitabı.

İki kitabı - "Beyaz kürk” (hekayələr) və "Erkəklər” (roman) Türkiyə türkcəsinə çevrilərək Ankara və İstanbulda təqdimatları, imza günləri keçirilib.

2017-ci ildə şeirlərindən ibarət ingilis dilində QADIN (The woman) adlı kitabı çap olunub.

Azərbaycan türkçəsinə beş kitab çevirib: Aqata Kristi’nin "Qolf meydançasında qətl” əsəri, Andrey Platonov’un "Kotlovan” romanı, Edqar Tolle’nun "Yeni dünya” əsəri, Oşo’nun "Qadınların kitabı” və "Kişilərin kitabı”.

Ruscadan çevirdiyi "Yarımçıq qalmış" adlı pyes Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib.

2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi jurnalının hazırlanmasında iştirak edib.

2014-cü ildə TEDx spikeri kimi çıxış edib.

2015-ci ilin 01 noyabr tarixində keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Binəqədi rayonundan (8 saylı Binəqədi birinci seçki dairəsi üzrə) deputatlığa namizəd olub.

Yaradıcı layihələri: Tanınmış siyasi xadimlərlə "Siyasətdən iraq” müsahibə-reportajlar, "Oxucuya məktub” adlı silsilə yazılar rublikası, ekspertlərin fikirlərindən ibarət "Ayna” rəylər toplusu, Xalq Artisti Fuad Poladovla "Ardı var” adlı fərdi teleproqram, "Çərçivə” adlı şeirə çəkilmiş video çarx, "Azərbaycanı dünyada necə tanıtmalı?" adlı jurnal.

2017-ci ildən www.qadinkimi.com adlı feminizm saytının təsisçisi və rəhbəridi.
Azadlıq, demokratiya, feminizm, ictimaiyyət, ədəbiyyat, mədəniyyət və bir çox mövzular haqqında saysız çıxışları var.

2019-cu ildə Azərbaycan Yaradıcılıq Fondunun təsisçisi olduğu "Ədəbiyyat adamı” mükafatına layiq görülüb.

Heç bir partiyanın üzvü deyil.

Evlidir, bir övladı var.
 
 
qadinkimi.com