BURA / ORA
BİZİ BAĞIŞLAMA NƏRMİN... Tarix : 08 Yanvar 2020, 20:06
Yazar : Flora Hüseynova
Mənim qızımın da adı Nərmindi... Bəlkə də ona görə neçə gündür hər kəsin ürəyini parçalayan Nərminin başına gələnlər haqqında bu yazını yazmağa başlayıram,  amma əlim gəlmir. Səbəbləri çoxdur. Ən başlıcası tanımadığım, bilmədiyim bu körpə Nərminin qarşısında günah hissidir. Bilmirəm niyə, amma günah hissi içimi parçalayır. İndi nə desək də, nə hisslər keçirsək də heç bir faydası yoxdur. 
 

Çünki Nərmin yoxdu. Durmadan sosial şəbəkələrdə Nərmin haqqında paylaşılanları oxuyuram. İnsanlarımızın əlacsız olmaları məni məyus edir. Hamı pərişandı, acı çəkir, acılarını bu dəhşətli qətli törədənin diri-diri yandırılması, əzab verilməsi istəyi ilə bildirirlər. Hamını başa düşürəm, anlayıram. Amma, anlamadığım bircə məqam var: Bir aydan artıq  zamanda itkin düşən Nərmini axtarıb tapmaq nədən bu qədər çətinmiş? Nərmin heç yerə getməyib, kəndlərində olub. Lap getsəydi, onu hara aparsaydılar belə tapmaq bu qədər müşkül idimi? Və ən acınacaqlısı da odur ki, bütün bu vaxtı sağ olan Nərminin nə acılar, nə ağrılar çəkdiyini təkcə özü bilib. O, körpə canı ilə dözüb, gözləyib bəlkə onu axtarıb taparlar. O, vicdansız caniyə nə qədər yalvarıb görəsən?
 

Bəs bütün bu vaxtda onu axtarıb tapmalı olan hüquq mühafizə orqanlarının nümayəndələri görəsən özlərini günahkar hesab edirlərmi? Axı bu sizin işinizdi, insanların həyatlarını qorumaq, cinayətlərin üstünü açmaq sizin vəzifənizdir. Ən dəhşətlisi də odur ki, heç meyidi belə hüquq mühafizə işçiləri tapmayıblar. Qəribədi deyilmi? Əgər kiçik bir kənddə baş verən bu cinayəti açmaq bu qədər çətindirsə, Bakı kimi böyük şəhərdə yaşayan minlərlə Nərminlərimiz kimə güvənsin? Nərminin anasının video görüntülərinə baxanda  çox şey aydın olur. Kasıb bir ailənin qızı idi Nərmin. Arxasız, dayaqsız. Amma, dövlət, qanun hamınındı. Kasıbın da, varlının da. Qanunla belə olmalıdı.  Və ən dəhşətlinin dəhşətlisi də odur ki, cinayətkar hələ də tapılmayıb. Qorxulusu da odur ki, bəlkə də heç tapılmadı...
 

Bəs sonra, sonrasın kim düşünəcək? Hər gün bir qadına zorakııqla açılır səhərlərimiz. Bəzən adam yuxudan oyanmağa belə qorxur. Yeni bir cinayətin xəbərini eşitmək qorxusu ilə oyanmağa az qala vərdiş eləmişik, nə qədər acı olsa da həqiqətdir.  Hələ neçə Nərminləri itirəcəyik görəsən? Hələ neçə ana "havalanmışam” deyə fəryad edəcək? Bunun cavabdehi kimdi? Biz? Bir birinə laqeyid olan vətəndaşlar? Yoxsa kiçik bir kənddə itkin düşmüş 10 yaşlı qızı axtarıb tapa bilməyən qanun keşikçilərimiz? 10 yaşlı kiçik Nərmin kimə neyliyə bilərdi ki, başına bu cür fəlakət gəlsin? Nərmin bir mələk kimi bu dünyadan əzablar içində getdi. Onu tapmadıqlarına görə də tapmalı olanları heç vaxt bağışlamayacaq.
 

Bağışlama Nərmin heç kimi bağışlama... BİZİ BAĞIŞLAMA NƏRMİN...     
 
 
 

 
Müəllif: Flora Hüseynova
qadinkimi.com