YAZI / DÜŞÜNCƏ
Bir zərli donun ola... Tarix : 10 Sentyabr 2019, 09:59
Yazar : Qadinkimi.com
Doğulursan, bir evə sevinc gətirirsən. Böyüyürsən, məsuliyyət artırırsan. Hansısa bir oyuncağı və ya geyimi sevirsən, əzizləyirsən, özündən çox istəyirsən. Bir zərli donun ola, gün düşəndə parıldaya, sevincdən uçmazsanmı? Üstündəki zərlərin sayı qədər arzuların, ümidlərin ola, özünü zəngin saymazsanmı? O donu əynindən çıxarmayasan, geyinəndə qaçmayasan ki, ilişib sökülməsin. Üstünə ləkə düşməyindən qorxub, həmin gün xörək yeməyəsən. Dəyişməyəsən deyə çimməyə etiraz edəsən. Anan "soyuqdur” deyib jaket geyindirəndə, zərləri görünməyəcək deyə geyinməmək üçün ağlayasan. O anda səninçün zərli donunu geyib qonşu qızına qıcıq vermək hissi xoşbəxtlik olar. Çəpərə ilişib söküləndə, quru bir çöp gözünə düşmən kimi görünər. Bir gün "kiçilib” deyə anan əlindən alıb başqasına verər. Sevimli zərli donunu başqasının əynində görəndə uşağa, ya anana hirslənəcəyini bilməyəsən. Bir gün də donun parçalarını zibillikdə görəsən... O anda İtkinin nə olduğunu anlamağa, gedənin dalınca təəssüflənməməyə başlayarsan. Onda bilirsən gedənlərin qayıtmadığını. Həmişə sənin olacağını zənn etdiyin oyuncağını da əlindən alıb, səndən balacaya verirlər, özündən güclülərin yanında ixtiyarsız olduğunu da bu zaman dərk edirsən. Sənin olana bir başqasının sahiblənməsi ədalətsizlik acısının ilk dadı olur. "Təzəsini alacam” sözləri səndə ümid qığılcımları oyadır. Köhnələri unutmağı, yeniyə bağlanmağı öyrənirsən. Üstünə təpinirlər, susmağa adət edirsən. Evində olmayanlardan yad evdə görəndə baxmamağa çalışırsan, qürur hissin baş qaldırır. "Bərk danışma, ucadan gülmə” deyirlər, özünə qapanırsan. Ananın əlindən tutub bazarı gəzəndə, ürəyindən piştaxtadakıların hamısını almaq keçir, gerçəkləşdirə bilmirsən, uşaq olduğundan bezib böyümək istəyirsən. Amma böyüyəndə, sənin əlindən tutub gəzənlər onlardan istəyəndə uşaq olmağı arzulayırsan. Əlindəkinə həsrətlə baxan uşaqlarla əlindəkiləri bölüşməklə, xörəyindən pay verməklə səxavətli, mərhəmətli olmağı öyrənirsən. Xörəyi birinci qonağa çəkməklə qəlbinə qonaqpərvərlik toxumları səpirlər. Nəfsinə hakim olub, ac olduğun halda yemirsən. Oyuncaqların oğurlananda tərbiyəsizliyin mümkün olduğunu bilirsən. Kitabdan qoparılan səhifə görəndə dəcəl uşaqlara hirslənməyə cürət edirsən. Dostların gizlində etdiyin səhvi anana deməsi xəyanət duyğusu yaşadır. Bibinin arxasınca ağlayırsan, xalanın qucağına qaçırsan. "Dünyanın müqəddəs varlıqları” dedikdə onlar gəlir ağlına. Hər kəsin öz övladının anası olduğunu isə böyüyəndə bilirsən. Qadağalarla tabe olmağa alışırsan... Beləcə böyüyüb, qadın olursan. Oğlan uşaqlarıyla oynamaq qadağası ilə böyütdükləri halda, bir gün səni yad bir oğlana qoşub göndərməklə çaşdırırlar səni. Ərə verirlər, günlər keçdikcə hiss edirsən ki, atan qədər səni sevmirlər, anan kimi qeydinə qalan yoxdur. Bütün bunları başqaları üçün sən edirsən. Bacına güzəşt etmədiyin cüzi səhvlərdən betərini baldızlardan görürsən, amma susursan. Bir nəslin sənin nazınla oynadığı günləri xatırlaya-xatırlaya, bir tayfanın əlində ələk - fələk olursan. Və buna "həyat” deyirsən. Yad evdə kök salırsan, anlayırsan ki, ata evindən kənarda da gecə düşür, səhər açılır. Amma heç kəs sənə ata-ana ola bilmir. Nə qədər həlim olsan, yaxın olmağa can atsan da brend geyimlər kimi etiketindən tanınırsan – "yad qızı”. Bu kəlmə sənin ömürlük möhürün olur. Dünyadan nə vaxt köçəcəyini də bilmirsən ki, işlərini bitirəsən, hamı ilə vidalaşıb rahat çıxıb gedəsən. Gözdən, könüldən uzaq yerlər sənə həmdəm olur. Göz yaşlarının yanındakılardan başqa hər yeri, hər kəsi yandırır. İçindən üsyan etmək keçir. Həyatın qanunlarına qəzəblənirsən. Özünü tək - tənha hiss edirsən və ürəyindən bir arzu keçir – Bir zərli donun ola, geyinib sevinəsən, sən böyüdükcə o da böyüyə. Köhnəlməyə, kiçilməyə, sökülməyə, kimsə əlindən almaya, ömür boyu hər şey sənə o don kimi sevinc  və xoşbəxtlik bəxş edə. O donu özün tikə biləcəyin qədər qabiliyyətin, kimsəyə verməyəcək qədər cəsarətin ola. Belə yaşayasan yaşadığın sürəcə. 

23.08.2019   
                                   
Müəllif: Pərvanə Bayramqızı
Qadinkimi.com