QADIN / KİŞİ
Bir qadın nə zaman ağlar sizcə Tarix : 28 May 2020, 16:32


Bir qadın nə zaman ağlar sizcə?

 

İşdən atıldığındamı? Yoxsa az məvaciblə ərindən ayrıldığında? Ev kirayəsini verə bilməyəndə? Soyuducusu boş olanda bəlkə? Özü ac qalıb, uşaqlarını yedirdəndəmi? Oğlunun təhsil haqqını ödəyə bilməyəndə? Qızına yeni rəqs ayaqqabısı ala bilmədiyi üçün baş rolu əlindən alındığındamı? Yox! Əsla! Bütün bunlar qadını daha da bərkidər, möhkəmlədər. Zərif biləkləri dəmirə dönər, taqətsiz ayaqlarını yerə daha da möhkəm basar. Dözər, inadına inad qatar. Sunami kimi üstünə gələn dərdlərə qarşı sinə gərən möhkəm özüllü möhtəşəm qalaya çevrilər.

Mövzusunda esse:  

Qadınlar güclü olar, analar isə məğlubedilməz. Onu ağlatmaq olmaz. Çünki, ağlarsa, məğlub olar, uduzar. Dözər, dırnaqlarını ovcuna batırar, dişlərini sıxar, az yatar, çox işlər, rəhbərliyin kobud rəftarını görməzdən gələr. Çünki, o, anadır. Taqımın məsuliyyətini üstlənən komandir kimi övladlarının əlini çörəyə çatdırana qədər təslim olmağa ixtiyarı yoxdur. Biri "sevirəm" deyib min bir cildə girər qarşısında. Sağına-soluna keçər, qəlbini ələ almaq üçün olmazın yalanını uydurar. İç üzü açılanda, istəyinə çatmayanda qadının kürəyinə bıçaq saplayar. Onu rəzil etmək üçün əlindən gələni ardına qoymaz. O, yenə də ağlamaz. Sarsılar, içindən yıxılar, ürəyi paramparça olar. Amma yenə ağlamaz, bir az da möhkəmlənər. 


 

Əzabından güc alar, daha da bərkiyər. İradəsi də dəmirləşər, ürəyi də. Qapısını möhürləyər, daha ora kimsəni buraxmaz. Ehtirasını da o bağlı qapı arxasında dəfn edər, özünü də. Mollasız, quransız, şahidsiz. Cismi ruhunun qəfəsi olar- o kadar. Kimsəni sevməz, övladlarından başqa. Onlar üçün güclənər, çinar kimi. Kök atar torpağa, yerin ən dərin qatlarını dəlib

keçər kökləri. Vücudu zəif, xəstəhal, solğun ola bilər. Amma ruhu, əqidəsi çox güclü olar ana qadının...



Bir gün ona bir zəng gələr "Siz sabahdan işə başlayırsınız". Öncə eşitdiyini anlamaqda zorluq çəkər. Mexaniki olaraq təşəkkür edər. Sonra elə bir çığırıq atar ki. Dəlicəsinə ağlayar, hönkürtü ilə. Ürəyi boşalana kimi, aylarla, illərlə içində yığılıb qalan dərdinə dil deyərcəsinə. Ərinin, yaxınlarının vurduğu yaralara sığal çəkərcəsinə. Bu göz yaşları yaralarını yuyar, ağrıdan çat-çat olan, ürəyinin, beyninin codlaşmış, qabarlaşmış səthinə məlhəm kimi gələr. Ağladıqca ağlayar, çiynindəki yükdən xilas olduğu üçün. İllərdir hamilə olduğu yükü doğduğu üçün. Dərd altında əzilən qəddini dikəldə bildiyi üçün. Kimsəylə bölüşə bilmədiyi üçün böyüyüb ürəyində DİV- ə çevrilən sıxıntıdan boşana bildiyi üçün.

 

Sancı tək qarnına dolan hamiləlik ağrısına təpik atan borclardan qurtulmanın ümid çırağı yandığı üçün. Ana qadın hansı zəngdən məsud olar bilmək istərmisiniz? Ona "sevirəm” deməyinizə gərək yox ki? Sevgi maddiyyat deyil ki, masasının üstünə qoyasınız. Ya cibinə, ya da pul kisəsinə dürtəsiniz. Sevildiyini dərk etməyən qadın varmı ki? Bu ismarıclarınızla onun qəlbini fəth edə biləcəyinizimi düşünürsüz? Övladının gözündə yaş olan qadın kimsəni sevə bilməz, o zaman analıq taxtından enməsi gərəkir. Şirin sözlər yazaraq qəlbini ələ alacağınızımı zənn edirsiniz?


Ana qadının gözü yalnız bir cümlə axtarar: " İş var." Vəssalam.

 

 

 

Kəmalə Səlim

 

qadinkimi.com