YAZI / DÜŞÜNCƏ
Azər Cəfərov "Qlobal böhran və Bəşəriyyətin gələcəyi" haqda yazır Tarix : 22 Mart 2021, 01:12

Kainatın qara fonunda mavi rəngli Yer kürəsi "xoşbəxt” bəşəriyyətin Ümumi Vətəni kimi görünür. Çünki bizi zəlil edən siyasi, dini, etnik, irqi sərhədlər Kosmosdan görünmür. Sərhədlərin ayırdığı insanlar toplum halında "Bəşəriyyət” adlanan məfhum yaradıb.

Bəşəriyyətin tarixi - keşmiş, indiki və gələcəyi birləşdirən zaman-məkan kontiniumundan ibarətdir. Hər dövrün öz "sifəti” var: orta əsrlər dövrü deyəndə yadımıza toxa və xış əkinçiliyi, feodal dağınıqlığı, xalqların böyük köçü, ardı-arası kəsilməyən istilalar, mütləq monarxiyalar, cəhalətin insanların düşüncəsi üzərində hökmranlığı, azad fikirli insanların və alimlərin tonqallarda yandırılması (C.Bruno) və dərisinin soyulması (İ.Nəsimi) və s. düşür.

Dövrümüzün də öz "sifəti” var: "dünyanın siyası xəritəsi”, müxtəlif ideologiyaların (kommunizm, faşizm və s) ortaya çıxması və çökməsi, demokratiya və liberalizm, internet, süni intelekt və nonatexnologiyalar, pandemiyalar, ekoloji problemlər, hədsiz zənginlik və yoxsullaşmanın qütbləşməsi, kütləvi qırğın silahları, iki əks təmayülün - dini radikalçılıq və dinsizliyin planeti bürüməsi, yeni sosial və mədəni transformasiyalar, BMT və s.

Görən zamanın gələcəklə bağlı hissəsində Bəşəriyyəti nələr gözləyir?

Bədbin proqnozlardan başlayaq. Bu baxışlara görə Yerdə təbii resursların tükənməsi və ekoloji problemlərin kəskinləşməsi vaxt məsələsidir. Bu, aclığa, sonu görünməyən dövlət çevirilşlərinə və inqilablara səbəb olacaq, xəstəliklər coxalacaq, dövlətlər arasında münasibətlər gərginləşəcək. Və bunlar dərin ekoloji, iqtisadi, siyasi və sosial böhranın başlanğıcı olacaq, əhalinin artımı azalma ilə əvəzlənəcək, idarəetmə və təsisatlar tənəzzül edəcək, dünya miqyasında fəlakətlər (hannibalizm, resurslar uğrunda müharibələr və s.) baş verəcək, ailə institutu dağılacaq, mənəviyyat çökəcək və sonda insan Sivilizasiyası məhv olacaq.

Ənənəvi dinlər də bu "elmi proqnozları” dəstəkləyir: onların nəzərincə Qiyamətin əlamətləri artıq görünməkdədir. Doğrudanmı Sivilizasiya məhvə məhkumdur?

Bu müşkülü "Böhran və təkan” konsepsiyasından izah etməyə çalışacağım.

Əvvəla, Bəşəriyyət tarixboyu dəfələrlə böhranlı vəziyyətlərlə üzləşib və hər 

dəfə də yeni çıxış yolları tapıb. Məsələn, Mezolitdə ("Mezolit böhranı”) ov heyvanlarının və faydalı bitkilərin azalması aclıq təhlükəsi yaradıb və insanlar ovçuluq və yığıcılıqdan əkinçilik, heyvandarlıq və sənətkarlığa keçib ("Neolit inqilabı”). Nəticədə təkcə resurslar deyil, insan cəmiyyətinin bütün strukturları – ailə, idarə etmə, məişət, mədəniyyət və s. dəyişib və mükəmməlləşib. "Böhran və təkan” fenomenini biz orta əsrlərin sonlarında da görürük: feodalizmə məxsus resursların tükənməsi ənənəvi təsərrüfatıçılıqda və idarəetmədə böhran yaratdı. Böhran inqilablara, monarxiya rejimlərinin çökməsinə, sənətkar və manufakturadan fabrik-zavod istehsalına, yeni resurslardan istifadəyə və yeni idarə etməyə (parlamentarizm) keçidə təkan verdi və nəticədə yeni cəmiyyət – bazar iqtisadiyyatı ortaya çıxdı.

İkincisi, Yerin dərin qatlarında mineral resursların miqdarı istismar olunandan dəfələrlə çoxdur. Uyğun texnologiyaların olmaması onlardan istifadəni çətinləşdirir. Əhalinin artımı və aclıq məsələsinə gəldikdə isə bu gün məhsuldarlığı yüz dəfələrlə artıran ən müasir texnologiyaları ("şaquli əkinçilik sisitemləri”ni, "asma fermalar”, idarə olunan fotosintez və s.) tətbiq etmədən belə, Holland modelində dünyanın hər yerində dənli bitkilərin məhsuldarlığını 70-80 sen-ə çatdıqmaqla 50-60 milyad insanı ərzaqla təmin edə bilərik. Beləliklə, resursların tükənməsi təhlükəsindən və ekoloji böhrandan elmi-texniki və sosial tərəqqini sürətləndirmək hesabına çıxmaq mümkündür. Elm və texnologiyaların inkişafı bizə bu gün məlum olmayan daha əlverişli və tükənməz resurslardan (o cümlədən kosmik resurslardan) istifadənin yollarını göstərə bilər.

İndi də müasir qlobal böhranın yaranma səbəblərini araşdırmağa çalışaq.

Birincisi, Dünyanın təbii resurslarını Bəşəriyyətin ümumi sərvəti elan edən və ondan istifadəyə nəzarət edən Beynəlxalq Qanun və Beynəlxalq qurum yoxdur. Bu səbəbdən təbii resurslar ayrı-ayrı transmilli şirkətlərin və dövlətlərin əlində cəmləşib və bəşəriyyətin böyük hissəsi onlardan bəhrələnmək imkanından məhrumdur. Qlobal miqyasda millətlər arasında iki əks qütbün – ifrat zənginlik və ifrat yoxulluğun yaranmasının əsas səbəbi budur: dünya ölkələri təbii, maliyyə, elmi və texnoloji resurslarla müxtəlif dərəcədə təmin olduğuna görə dünya əhalisinin yaşam şərtləri, təhsil və səhiyyə xidmətləri ilə təminatında kəskin fərqlər yaranıb;

İkincisi, dövlətlər əllərindəki resursları qorumaq və ya yenilərini əldə etməkdən ötrü ordularını gücləndirməyə və hərbi xərcləri artırmağa məcburdurlar. Nəticədə həcmi trilyonlarla ölçülən maddi, maliiyə, intelektual resurslar inkişafa, tərəqqiyə deyil, dağıdıcı məqsədlərə yönəldilir;

Üçüncüsü, təbii resurların istismarı maksimal mənfəət əldə etmək prinsipi əsasında həyata keçirildiyindən bu onların səmərəsiz istifadəsinə və tükənməsinə, biomüxtəlifliyin azalmasına, ekosistemlərin və torpaqların deqradasiyasına və ətraf mühitin çirklənməsinə gətirib çıxarır;

İnsan Sivilizasiyasındakı böhranın səbəblərini bildikdən sonra, ondan çıxmaq və "təkan” əldə etməyin yolları haqqında bir qədər düşünək. Böhranın səbəbini bir cümlə ilə də ifadə etmək olardı: Bəşəriyyətin parçalanması. Bu o deməkdir ki, çıxış yolu Bəşəri birliyin əldə edilməsindədir.

Bəhaullah 150 il əvvəl Avropanın dövlət başçılarına ünvanladığı məktubunda bildirirdi ki, bəşəriyyət yeni tarixi dövrə qədəm qoyub. Əvvəllər məlum olmayan problemlər (böhranlar) yeni dövrdə elə həddə çatacaq ki, ən qüdrətli dövlətlər belə onları təklikdə həll etmək iqtidarında olmayacaq. O, qarşıdan gələn qlobal böhrandan xilas olmağın yolunu da göstərirdi; Bəşəriyyətin Birliyi. O, yazırdı:

Ey Yer kürəsinin ədavət aparan xalqları və insanları! Öz nəzərlərinizi birliyə tərəf çevirin və qoy onun işığı sizi nurlandırsın. Bir yerə yığılın, aranızda çəkişmələrə səbəb olan nə varsa, Allah xatirinə onu məhv etməyə çalışın. Ey insanlar, oyanın! İnam qüdrəti ilə silahlanaraq sizin aranızda didişmələr salan təsəvvürlərinizin mənasız bütlərini sındırın. Sizin Mərhəmətli Rəbbiniz istəyir ki, dünyada olan bütün insanlar vahid ruh və vahid bədən kimi olsunlar.

Çoxlarına Bəşəriyyətin Birliyi ideyası bir qədər utopik və prespektivsiz, vətənpərvərliyə zidd kimi görünə bilər: bir-birinə düşmən kəsilmiş və bir-birinin torpağına və sərvətlərinə göz tikmiş dövlətlər və millətlər, bir-birindən kənar gəzən dinlər və irqlər necə birləşə bilər?

Şövqi Əfəndinin 1936-cı ildə Amerika bəhailərinə yazdığı məktubdan götürülmüş aşağıdakı parça bəzilərinə hətta bir qədər kəskin də görünə bilər.

Bütün bəşəriyyətin birləşməsi – insan cəmiyyətinin indi yaxınlaşdığı inkişaf mərhələsinin ən yüksək kriteriyasıdır. Dünya birliyi bir hədəfdir ki, üzülmüş bəşəriyyət ona çatmağa çalışır. Millətlərin yaranması başa çatmışdır. Dövlət suverenliyinə xas olan anarxiya özünün zirvəsinə yaxınlaşır. Yetkinliyə doğru böyüyən dünya, bu suverenlik bütündən yaxa qurtarmalı, bəşərin birliyini və bütövlüyünü etiraf etməli və həyatının bu əsas prinsipini ən yaxşı şəkildə təcəssüm etdirən mexanizmi birdəfəlik qurmalıdır .


 


Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti, Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru