SƏNƏT
Bakı Uşaq və Gənclər Teatrı “20 il 20000 addım” adlı tədbir keçirib Tarix : 16 May 2022, 13:55

Bakı Uşaq və Gənclər Teatrı yubileyi münasibəti ilə yerləşdiyi Suraxanı rayonunda "20 il 20000 addım” adlı tədbir keçirib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Suraxanı rayon Gənclər evinin fəal gəncləri və rayon sakinləri iştirak ediblər. Tədbirdən öncə Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstəsi qoyulub. Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda bayram əhval ruhiyyəli şou proqram təqdim olunub. Müxtəlif musiqi nömrələri, Tofiq İsgəndərlinin iştirakı ilə illuziya və səhnəciklər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 





Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri, Azərbaycan Respublikanın əməkdar artisti İntiqam Soltan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının Vüqar Seyidova teatrın fəaliyyətində yaxından göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.


Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva çıxış edərək Bakı Uşaq və Gənclər Teatrının fəaliyyətinə müsbət münasibətini ifadə edərək ölkə miqyasında tanınmış aktyorların bu teatrın yaradıcı heyətində fəaliyyət göstərməsini və teatrın məhz Suraxanı rayon ərazisində yerləşməsini mühum hadisə kimi qiymətləndirmişdir. Şöbə müdiri teatrın kollektivini 20 illik yubiley münasibəti ilə təbrik etmişdir.

 






YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək bildirmişdir ki, Suraxanı rayonunda Bakı Uşaq və Gənclər Teatrının fəaliyyət göstərməsi rayonun ictimai və mədəni mühitinin inkişafında, mühim rol oynayır.
Bakı Uşaq və Gənclər Teatrının fəaliyyətinin 20 illik yubileyi ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov "Təşəkkürnamə” ilə təltif olunmuşlar. Eyni zamanda da Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev "Teatrın dostu” nominasiyası üzrə təltif olunmuşlar.


Sonda teatrın əməkdaşlarına fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub.

 
 Qadinkimi.com