QADIN / KİŞİ
AĞZINA YİYƏ DURMAYAN KİŞİ Tarix : 07 Mart 2019, 15:28


 

 

Kirpik gözə yiyə durmaz,

Ağız sözə yiyə durmaz,

Dünya bizə yiyə durmaz,

Dünyanın da yiyəsi yox…

Ramiz Rövşən

 

İlahi, nə hikmət var bu sözlərdə. Dörd misra, on altı sözü hansı mövzuya, hansı əhvala, hansı duruma istəsən, şamil edə bilərsən. Mən də mümkünlüyə bir çalar qatıb, kirpiyi qadın, ağızı kişi simasında görərək, mövzunu bugünki qadın-kişi münasibətinə gətirmək istəyirəm.

Adətən yazırlarımda qadının döyülməsi, əzilməsindən daha çox bəhs etməyimə alışanlara, bu gün daha çox sözdən söhbət açacağam. Sözün təsirindən, sözün hikmətindən, sözün.... öldürməyindən.

Hərdən keçmişə dönüb bu günə qayıtmalarım var mənim. Elə ində də ora dəyib qayıtmaq istədəyimdən, ataların

"dil yarası qılınc yarasından yamandır” misalına söykənərək yazımı davam etdirirəm.

Keçmişdən qayıtmamış birini də deyim, o zaman bir yaxşı söz də deyərdilər: "Filankəsin sözü filankəsin boğazından keçmir”, yaxud "Sözü əvvəl ağızda bişir, sonra çıxar”, "Söz var dağa qaldırır, söz var dağdan endirir”.

Bir xanım vardı, deyirdi, ərim bir başqasını sevirmiş. Qohumları o qadından ayırmaq üçün, qohum olduğum üçün mənimlə evləndirdilər. Ərimin adı mənim, dadı onun oldu. Hər gün döydü, söydü, olmazın sözlər dedi. Özümü ən əskik adam bilirdim.

Digər bir qadın isə 16 yaşından ərə gedib. Əri hər vaxt döyməzmiş. Amma daha betər edərmiş. "Dünyanın ən alçaq söyüşləri, təhqirləri mənim üstümdə idi. Üstəlik də anam bir az gec pul göndərəndə uşaqların qarşısında mənə deyilən sözlərin mərtəbəsi bəlli olmazdı. Üç dəfə qəsd etdim özümə, birində siçan dərmanı tapdım, birində xlor, birində də dərman içdim. Heç nə yox, boyum bərabəri oğlanlarımın yanında məni əxlaqsızdan betər çağırırdı. Baxdım oğlanlarım da mənimlə eyni cür danışmağa başlayırlar” deyir.

Hər iki xanım boşanmağa qərar verib. Amma hər iki xanımın da əri telefon bəhanəsi edir, guya kiminləsə yazışmasına görə belə davrandıqlarını deyirlər.

Gəldim mətləbə...

Cinayət xronikasına baxsaq, qadına qarşı cinayətlərdə telefon söhbəti bir leytmotivdir.Hamı ömrünü söyüş, təhqir seli altında keçirmiş bir qadını bu sel təzyiqindən xilas etmək əvəzinə seli daşqına çevirir. İllərlə ərin söz yarasını "uda” bilməyənlər, elin söz yarasını "udmalı” olurlar. Telefon adı gələn kimi hamı sustalır...Qadını söyən kim, təhqir edən kim. Hamı şam tutmuş kimi əmindir ki, bu qadınların hamısı günahkardır, əxlaqsızdır.

Adam qışqırmaq istəyir ki, bu qədər Allahsız olmayın, tanımadan, bilmədən, babal günahlardan xoşhal olmağınız o yana, başınıza gələcəklərdən qorxun. Çünki hər yıxdığınız ev sizin evə qonşudur. Dağılan evlərin təməli, sizin evə bitişikdir. Təməli zəifləyən evlər isə qorunub qalmır, yıxılır.

Qadınına hörmət etməyən və ağzına yiyə durmayan kişilər haqda eşidəndə, xatırlayın....Dünya bizə yiyə durmaz, Dünyanın da yiyəsi yox…

 

 

Mehriban Zeynalova

Qadinkimi.com