QADIN / KİŞİ
Azərbaycanın ilk qadın qəzetini yaradan möhtəşəm qadın Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Mehriban Vəzir yazır...

Azərbaycanın ilk qadın qəzetini yaradan möhtəşəm qadın. Xədicə xanım Əlibəyova.

Rusiya müsəlmanlarının ikinci, Qafqazın birinci qadın mətbu orqanı olan "İşıq" qəzeti 1911-ci ildən nəşrə başladı və Bakı mühitinə bomba kimi düşdü... ...Hacı Cavad məscidinin mollası Hacı Məhəmməd Əmin Axund məscidin minbərindən buyurdu: "Camaət! hər kəs "İşıq" qəzetəsini oxusa, kafirdir. Hər kəsin evində "İşıq" qəzetəsi olsa o ev murdardır. Çünki övrət tayfasının qəzetə yazması və okuması qiyamətin əlamətlərindəndir".

Qəzetin redaktoru Xədicə xanım Əlibəyova, naşiri isə onun həyat yoldaşı, vəkil, Nuxa doğumlu aristokrat Mustafa bəy Əlibəyov idi. Xədicə xanım 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulub. Atası, Qafqazın ruhani idarəsinin üzvü Ələddin Sübhanquliyev Tiflisin hörmətli adamlarından idi. O, qızını Tiflis qız gimnaziyasında, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutunda oxutmuşdu. Bundan sonra Moskvaya ali təhsil almaq üçün aparmış, az sonra birinci rus inqilabının ixtişaşları təhsili yarımçıq qoyub geri qayıtmağa məcbur etmişdi. Xədicə xanım 1907-ci ildə yüksək dərəcəli mama-ginеkoloq ixtisasına yiyələnib.

"İşıq"ı yaşatmak üçün hətta çariça Aleksandraya müraciət etmiş, ona qəzetin illik toplusunu göndərmişdir. Qəzetin səhifələri "Ana və uşaq”, "Bacılara xitab”, "Müsəlman qadınlarının hüquqları”, "Nəsil”, "Tərbiyəli ailə” və s. rubrikalarla zəngin idi. Rusca yazılar da dərc olunduğundan qəzet Tiflisdə, Moskvada, Kiyevdə də oxunurdu. Dağıstan, Gürcüstan, Türkmənistan, Krım, Kazan və başqa yerlərdə oxucuları vardı. Lakin mühafizəkar Bakı mühitində qadın qəzetinin yürüməsi mümkünsüz oldu. İlk qadın qəzeti "İşıq" cəmi iki il ömür sürərək, Azərbaycanın Milli Hərəkatı, Milli Mətbuatı və Qadın Hərəkatı tarixində şanlı iz buraxaraq və Xədicə xanım Əlibəyovanın şərəfli adını bizlərə ötürərək nəşrini dayandırdı...

Bundan sonra Xədicə xanım Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətində fəaliyyət göstərdi. Bu cəmiyyət cümhuriyyətə gedən yolda qadınları aktivləşdirən, maarifləndirən, seçkilərdə iştiraka səsləyən ən mühüm qadın təşkilatlarından biri idi. Xədicə xanım bütün gücünü Cümhuriyyət quruculuğuna həsr edib. 1920-ci ilin aprel bəlası ondan yan keçmədi. Xədicə xanım və Mustafa bəy fəlakətdən yayınmaq üçün Nuxaya köçdülər. Lakin 1937-də görkəmli ictimai xadim, tərcüməçi, hüquqşünas, nasir, naşir Mustafa bəy həbs edilib Sibirə sürgün edildi. 8 illik dustaqlıq həyatından sonra orada həlak oldu. Bəraət illərindən sonra Xədicə xanım və övladları çox axtarsalar da, Mustafa bəyin məzarını tapa bilmədilər.

1920-ci ildən 1946-cı ilədək həkim - ginekolok kimi fəaliyyət göstərən Xədicə xanım Əlibəyova Şəkidə ziyalı qadınlarla birgə savad kursları, qadın klubu təşkil etməklə yenə insanlığa xidmət edirdi. Eləcə də bir gün Mustafa bəyin Sibirdən dönəcəyini gözləyə-gözləyə övladlarının həm xoş günlərini, həm də faciələrini yaşayırdı. Son nəfəsinə kimi qadınların savadlanması və təşkilatlanması naminə çalışırdı. Xədicə xanım Əlibəyovanı, adı tariximizdə yaşayacaq bu şanlı Cümhuriyyət Qadınını sayqı, sevgi və minnətdarlıq hissləri ilə anırıq.