SƏNƏT
Azərbaycan rəssamlarının “Respublika satış sərgisi” keçiriləcək Tarix : 10 İyun 2019, 17:46
Yazar : Qadinkimi.com
İyunun 14-də "Baku Crystall Hall”da Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının "Respublika satış sərgisi” keçiriləcək.

Sərgi bu il martın ayının 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın görkəmli mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında həyata keçirilir.

Tədbirin keçirilməsində əsas məqsəd özünəməxsus tarixə və ənənələrinə malik olan Azərbaycan incəsənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında göstərməkdən ibarətdir.

Sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, orta və gənc nəsil, həmçinin regionlarda yaşayan istedadlı rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.

Ekspozisiyada Azərbaycan Respublikasının dövlət müstəqillini bərpa etdikdən sonra milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılıq nümunələri, onların mənzərə, portret, natürmort, tarixi, batal, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər öz əksini tapacaq.

Qeyd edək ki, iyunun 28-dək davam edəcək sərgiyə giriş sərbəstdir.
 

 
qadinkimi.com