YAZI / DÜŞÜNCƏ
Aysel Fikrət - “Yumruca”(hekayə) Tarix : 27 Yanvar 2020, 10:00
Yazar : Aysel Fikrət

Yumrucanın öz adı da var idi. Amma hamı onun öz adını unutmuşdu. Məktəbdə, baxçada hamı ona "dəli” deyirdi. Ömrümün bir hissəsini, mən də onu dəli bilirdim. Məhəllənin bütün itləri onu sevirdi. Yumru, iri qara gözlərini tez-tez günəşə tutub nəsə pıçıldayırdı. Yumruca tez böyüdü, tez dərdləndi. Ata anasını itirib, içinə gizləndi. Onun öz dünyasının özündən başqa sakini yox idi. Məktəb onu öz içindən çəkib çıxara bilmirdi. 


Bir gün bütün məhəlləmiz anladı ki, Yumru böyüyüb. Gözəl bir qız olub və nəyəsə sevinir. Ağacların, yolların başına firlanır. Qonşu Mürsəlin gədəsi tarda həzin bir hava çalardı.Yumruca elə o havanın altında dəyişdi, saçlarının səmtini dəyişdi. Gözəlləşdi və Rəna oldu. 


Rəna qonşu Mürsəl kişinin oğluna yaman vurulmuşdu. Tar havası hələ buralarda çox dolaşacaqdı. Mən də sevinirdim. Az qalırdı ki, onlara qoşulub nəğmə oxuyum. Bir gün əsgər marşının altında Mürsəl kişinin oğlunu da apardılar. 


Səhər idi, Rəna hələ də qollarını, saçlarını günəşin şöləsinin altına sərib yatırdı. Məhəlləmizdə ins-cins yox idi. Hamı elə bil o oğlana qoşulub əsgərliyə yollanmışdı. Yumru əvvəl gözlərini açıb saata baxdı. Sonra sakitliyə boylandı. Səslərin içindən, sevgisinin səsi gəlmirdi. Yerindən dəli kimi qalxıb, eyvana atıldı. Həyətə düşüb ora-bura qaçdı. Hamı onu görməzdən gəldi. Bir neçə günün içində soldu. Mürsəl kişinin oğlu bir də gəlmədi. Rəna yavaş-yavaş içinə çəkilib, bir də heç vaxt gülmədi. Onun gülməsi üçün keçmişə dönməsi şərt idi. İnsan isə getdiyi ömür yolunu geri dönə bilməyən canlıdır. Hamı kimi ölümünü gözləyən Rəna, ömrünün sonuna qədər susdu. Bir kəlmə demədi. Qocalana yaxın, qocalar evində ağlı getmiş, əlil arabasında öz iç dünyasına köç etdi. Gözlərini yummadan əvvəl, qulağına tar səsi gəlirdi. Hardasa uzaqda tar ifasını unudan Mürsəl kişinin oğlu da bu havanı eşitmişdi. 


Yumruca ömrünün sonuna qədər susdu, həsrətlə gözlədi. Bütün ömrünü dəli kimi yaşadı. Ya özünü dəliliyə vurdu, deyə bilmərəm. Yalnız, onu qıran, hər gün bir az da məhv edən, yox edən sevgisindən əl çəkmədi ki, çəkmədi.

 


Aysel Fikrət

qadinkimi.com