YAZI / DÜŞÜNCƏ, SEVGİ
AYSEL FİKRƏT - SEVGİ Tarix : 16 Dekabr 2019, 14:00
Yazar : Aysel Fikrət
Bir qocanın qarısını itirdikdən sonra gözlərinin sönən işığında yazıram bu yazını.
Ha dindirdim, dinmədi, bir dəfə gülümsəmədi getdi. Bəlkə də qarısının gedişindən sonra sevməyə başladı onu. Ömür boyu incitdiyini unutdu. Onu itirməyin mənası yoxdur, onsuz da o, səni ölən günədək tək qoymayacaq.

Bir qarının ərinin ölümündən sonra onun dalınca deyinməyidir sevgi. Ürəyində yanan sevgini gileyi ilə əridib sevgisiz edir. Özünü müdafiə edir. Yalnız faydasız.

Köhnələrin heç nəyi yox idi. Yalnız sevgisi var idi. Yenilərin hər şeyi var, yalnız sevgisi yoxdur.

Yeni həyatla uzlaş. Qədimlərdən bir deyim var: "palaza bürün, elnən sürün”. İndi palaz dəbdən düşüb, el isə sürünür çırım - çılpaq. Sözləri soyundurub modern söz yaratmağa cəhd edir. Günü gündən informasiya çoxluğuna qarışıb içindəki gözəl keyfiyyətlərə, ətrafa istehzalı gülüşü ilə təzyiq edir. Özündə insanı öldürür - yeni texnologiyaya açıq insanı yaratmaq üçün.

Yenə də onu boş həyata tərk etməyin. Ömür boyu özgə həyatı yaşamaq nədir?
Bu günlər bir fikir eşitdim: əsərlərdə yeni insan obrazı yaranmalıdır- zamana uyğun. Düşünüb - daşındım. Lakin, zaman insanını tapa bilmədim. Anlamadım ki, nə etmək istəyir bu günün sevgisiz insanı. "Mən filankəsi oxumuşam, əşşi, onun yaradıcılığında heç nə yoxdu, sevgidən yazır” deməsi ilə nədən imtina edir?!

Dünən 16 yaşlı bir usaq "mən sevən adamın ağıllı düşüncəsinə şübhə edirəm, - dedi, - sevmək ziyandır”.

Artıq gec qalmışıq. İlk saf məhəbbəti yaşadığı dövrdə bir uşaq belə deyirsə, demək, qəddar duyğuları açan bir dünyadayıq artıq. İstəsən-istəməsən, yaranır insan obrazı. Al götür, nə qədər yazırsan-yaz. İçindən nə örnək olacaq? Nə mərhəmət, nə də sevinc… Sevgisiz savadlı insan isə cəmiyyət üçün daha böyük təhlükədir.

Həyat qəribə bir dalğaya düşüb. Bu dalğada sosiallaşan toplum özü də bilmədən xeyirxahlığı yox, sevgisizliyi təbliğ edir. İnsanlar bir-birinə sevgisi ilə yox, sevgisizliyi ilə qürurlanır. Elə bil sevən adam artıq ölüm xəstəsi, iradəsi zəif, qorxaqdır.

Sevməyən insan isə qalibdir, sağlam və xoşbəxtdir. Bir - birlərinə təskinlik üçün "bu da keçər, sən də sağalarsan” deyirlər.

Bax belə… halbuki özünüzdən necə insan yaratmağa cəhd etsəz belə, dünyanın bütün ağıllı insanlarına bənzəmək istəyiniz, şəxsiyyət yaratmağınız həyatınızda və hisslərinizdə heç nəyi dəyişmir. Hamı, hər kəs eyni cür doğulub, eyni cür torpağa gedir. Həyat da öz süjetindən çıxmır. Nə olsa da, doğulacaqsan. Bir dəfə də olsa, bir an da olsa, sevəcəksən. Ömür boyu içində işaran sevgin olacaq, onu söndürsən, nə olacaq? Ölümünə yaxın kimdən sevgi borc alacaqsan? Sənin bu dünyada qazancın odur axı.

Gecəni sabaha qədər gözümə yuxu getməyib: sevgim azalır, nədi?

Mən də sizəmi bənzədim artıq? Bir-birini sevgisizliyə tərk edən insanlar. "Niyə sevgisizsən bu qədər” deyəndə bəhanə edib, kimisə qınamağın nə mənası?! Axı dünyada heç kim heç kimi incitmir. İnsan özü-özünü öz gözləntiləri ilə incidir.

Hər şeydən imtina edən insan, içinə elə bir quyu qazmış olur ki!  Nə olsa belə, sonra onu o quyudan çəkib çıxara bilmirsən.

Gözlərin, əllərin, ürəyin kimi vacibdir sevgi. Sevgisi az olan anasının qayğısını belə çəkə bilmir, dostun qeydinə qala, yaxşı övlad yetişdirə bilmir.
Sevgisizlik müharibələrə səbəbdir.

Sevgisizlik qəddarlığın, terrorun təməlidir. Dünyanı idarə edən işıq sevgidir, dünyanı məhv edən qaranlıq sevgisizlikdir.
Mən özüm də bilmədən kimisə incitmişəm, sevgili, ya sevgisiz, fərq etmir. İncitdiyim üçün günahım öz sevgimi azaldır. Mən canımı götürüb sevdiyimdən qaçmışam - dərdi məni yaşamağa qoymurdu;  fərq etmir, olan öz sevgimə olur.

Mən dostumu öz səhvləri ilə baş-başa qoyub getmişəm. Qayıdıb onu bağrıma basa bilmirəm, onun sevgisizliyi məni ondan ayırıb - fərqi yoxdur, mənim ürəyim sızlayır, mənim sevgim zədələnir.

Mən arxamda bir sürü insan qoymuşam mənə sevgisizlik öyrədən...
Əslində ürəyimdə o sevgini qorumaq üçün hər kəsdən getmişəm. Nə qədər yalnış! Harda olmağından asılı deyil. Nə olursa - olsun, sevdiklərinizi tərk etməyin. Siz edərsiz, ruhunuz əsla ayrı düşməz.

Bütün dünya, hamı, hər kəs eyni duyğunu yaşayır: kimi susur qısqanclıqdan, kimi isə danışır. Əslində bu dünya artıq sevgisiz. Artıq ona sevgini aşılamaq, arzulamaq gecdir.

Gələcəyin insanı inanılmaz dərəcədə çox informasiyası olan sevgisiz insandır. Qəbul edirəm sizi - belə sevgisiz. bir-birinı yalanlayan.

Qəbul edirəm sizi - qürur altında təkəbbürünü gizləyən; qəbul edirəm sizi - mərhəmətə, sevgiyə artıq ikiüzlülük adı verən; qəbul edirəm sizi - özü bir damla sevgi bəxş edə bilmədən ətrafı qınayan; qəbul edirəm sizi - həyatda var-dövləti, baş dincliyini sevgisiylə dəyişən...

Gələcəyini sevgisizliyə aparan gözlərinizə baxıb, bumbuz soyuq əllərinizə toxunub, yenə də məşhur "Buz şahzadə" nağılındakı kimi ürəyinizdəki buzun əriyəcəyinə ümidliyəm.

Mənə dəli kimi baxın, nifrət edin, kin bəsləyin, gülün... Onu isə itirməyə tələsməyin!
Tanrı da sevgidir...




Aysel Fikrət
qadinkimi.com