HƏR ŞEY / HEÇ NƏ
Aysel Əlizadəyə -Yaramı qanatma Tarix : 08 İyul 2018, 16:09
Yazar : Rəbiqə Nazimqızı

Aysel Əlizadəyə

Həyatımın ən həyasız yalanını danışırdım. Əslində, mən yalançı adam deyiləm, düz danışmıramsa, deməli, məni buna məcbur edirlər. Xoşbəxtlikdən, üzümü görmürdü. Belə daha asan idi. Amma deyildi, lənət şeytana. Əsəbiləşirdim. Sinəmin altından yandırıcı bir ağrı boğazıma doğru boy verirdi və orada dayanırdı. Çığırmaq istəyirdim, amma eşitməyəcəkdi ki. Monitorun o üzündəydi. Eşitsə, heç çığırmazdım. Ona çığırmaq olmaz. Olmaz!..

Məni əsəbləşdirən səbəbləri bilirdim. Amma səbrimi basıb, zahirən də sakitliyimi qoruyurdum, otaqda ikinci bir adam olsa, heç nə hiss eləməzdi. Üzümdəki gərginlik bircə hərfləri düzgün yazdığıma diqqət eləmək istədiyim zaman hiss oluna bilərdi.
Hər şey o əclaf sualdan başlamışdı. Soruşmamalıydı. Bilirdim ki, dünyada sevdiyi dörd-beş adam varsa, biri mənəm. Mənim üçün də eləydi. Amma bu məni əsəbləşdirməsinə əngəl yaratmırdı. Hətta o anda sevgi ilə nifrətin sərhədində çarəsiz halda qalmışdım. Gücüm göz yaşlarına çatırdı. Ağrıdan yox, çarəsizlikdən ağrıyırdım. Arada mətbəxə gedib su gətirdim. Boğazımı sakitləşdirdim, göz yaşlarımı jaketimin qoluna sildim. Mən ağlamamalıydım. Özüm üçün quraşdırdığım yeni obraza heç yaraşmırdı. O, yalnız gülə bilərdi. Özünə, başqalarına, dünyaya...

Məni ağladan adamdan qisas almaq üçün daha ağır yalan uydururdum, vəziyyət getdikcə daha da qəlizləşirdi. Suallar ağırlaşırdı. Bu yerdə bir az daha dramatizm qatıb, etiraf etməli olmadığım bir hadisəni danışdım. Dəhşətə gəldiyini, məndə necə məyusluğa uğradığını seçdiyi sözlərdən, onları hansı qayda ilə yanaşı düzməsindən, sözlər, cümlələr arasındakı fasilədən duyurdum. Bu oyunda qalib yox idi. Üstəlik, mən tək qapıya oynayırdım. Maraqsız idi...

Amma qürurumu yenib deyə bilmirdim ki, soruşma, sənin sualların məni ağrıdır. Etiraf eləmək əvəzinə hücum planı qururdum. Əslində, spontan alınırdı. Eyni vaxtda onun əllərindən öpüb, “bağışla” demək istəyirdim. Bu, içimdəki kini bir az da gücləndirirdi...

Onda, məhz onda anladım ki, adamı başqa cür saxlaya bilməyəcəm. Onun bəlli ittihamlarla nəticələnəcək suallarının hərəkət troyektoriyasını əzbər bilirdim. Hətta üz ifadəsini dəqiqliklə təsəvvürümdə canlandırırdım. Göz bəbəkləri böyüyüb, başı ekrana doğru əyilib, arada saçlarını əli ilə yana atır, ovcunun içində olduğumu düşündüyü andaca balıq kimi sürüşüb düşməyim onu özündən çıxarır, amma büruzə vermək istəmir. Yorğun bir ifadə ilə xəyalən soruşurdum: sən nəyi sübut eləmək istəyirsən axı? Məndən yaxşı olduğunu? Tamam. Mənim pis olduğumu? Bu da olsun. Məni sevdiyini? Nə ehtiyac var axı, bilirəm. Mən də səni eyni qədər sevirəm. Amma bu, xilas eləmir, əzizim, eləmir...

Və ağlıma ən əclaf fikir onda gəldi. İntihar edəcəyimi söyləmək. Bilirdim ki, onu ancaq bu saxlaya bilər. Əslində, ona yalan danışmırdım. Dediklərimin hamısı həqiqət idi. Sadəcə, ifadə tərzimdə nəsə xoşagəlməz bir ədəbsizlik, nümayişkaranə bir vecsizlik vardı. Bütün uğursuzluqlarımın acığını məni sevən üç-beş doğma adamdan birindən çıxırdım.

O mənim ürəyimin içinə niyə bu qədər nüfuz eləyir axı? Başa düşmürdü ki, həyatımı ona etibar edə bilərəm, ən böyük günahlarımı asanlıqla danışa bilərəm, inboxumu üzünə açaram, telefonumun kodunu verərəm, evimin açarlarını – hər şeyi, hətta sevgilimi belə ona bağışlaya bilərəm – belə bir zərurət və imkan olsa – amma qəlbimin, ruhumun dərinliklərində gizlənən qapılardan içəri keçə bilməz. Nə o, nə bir başqası. Heç kəs. Heç bir Adəm övladı...

Düz bilmişdim. “Mənim ölməyimi istəyirsən?”. Bu nöqtədə dayandı. Bu nöqtədə dayandıq. Başqa variantım qalmamışdı. Amma ürəyimin dərinliyində bilirdim ki, bu, oyun deyil. Bu, həm də gerçəklikdir. Mən içərimdəki başqa bir adamın əsirinə çevrildiyimi anlayırdım, reallıqla gerçəkliyin hüdudlarını qarışdırdığımı yaxşı başa düşürdüm, onun ittihamlarının əvəzində anlayış, qayğı və diqqət istəyirdim, belədə özümü daha çox günahkar hiss edəcəkdim. O, suallarının altında gizlənən ittihamlarla mənə günahkar olduğumu hiss eləməyə imkan vermirdi. Bunu kimsə deməməliydi, bunu mənə demədikləri üçün vicdan əzabı çəkməliydim mən..

Amma ittihamlar dayanan kimi içimdəki sevgi seli boğazımdakı ağrını yarıb keçdi. Yuxarı – dodaqlarıma, gözlərimə qalxdı. “Mən səni sevirəm, - deyə pıçıldadım özümə, - əlbəttə, sən məndən daha yaxşısan, daha sadəlövhsən, sənin üçün ağ və qara var, sən mənim qədər xarab olmamısan”. Ona yazdığım “gecən xeyrə” sözlərini gözlərimlə bir daha müşayiət elədim. Bu, yuxuda olan körpə övladının üstünü örtmək kimi doğma bir hiss idi...

Yaralarımın üstünü bərk-bərk bağladım. Növbəti dəfə kimsə ora toxunmaq istəsə, əlimdə bıçaq olacaq. Bunu da yəqinləşdirdim.

Amma bir şey vardı. Nə vaxtsa, necəsə, ağlım başımdan çıxsa, o dünyaya getməzdən əvvəl öldürəcəyim adamların siyahısı hazır idi. Heç olmasa bir əclafı özümdən qabaq cəhənnəmə göndərəcəkdim ki, həm son nəfəsdə özümlə fəxr edim, həm də Aidi mənim gəlişimdən xəbərdar edəcək meyit olsun...

Bunu ona demədim. Heç vaxt deməyəcəm də...