“Artıq heç nədən qorxmayan qadınlar var...” Tarix : 01 Fevral 2019, 18:22
Yazar : Qadinkimi.com
 
 
Əsl qadın - səhvləri və təcrübələri ilə dəyərli olan qadın haqqında esse...
Özünü xırda şeylərə sərf etməyib, həqiqətən vacib olanı qiymətləndirə bilən, artıq heç nədən qorxmayan qadınlar var.
Qorxmaq üçün gecdi. Xoşa gəlməməkdən qorxmaq, uyğunlaşmamaq, bilməmək, nəyisə çatdırmamaq... Napoleon tortu hazırlaya bilməmək, aş dəmləyə bilməmək, gözə oxu düz çəkməmək. Onlar təkrar - təkrar soruşmaqdan qorxmurlar - mənasız görünməkdən. Yayda geyinməyə birşey tapırlar. Payızda da. Bu onlar üçün heç problem deyil. Onların həyatında boşluqlar azdı. Düz olmamaq qorxulu deyil. Hərdən əyri də olar. Bilirlər ki, gözəl olan - daxildədi. Onlar dibə batmaqdan, boğulmaqdan qorxmur. Ağlamaqdan utanmır. Sevincdə və kədərdə də gülməyi bacarırlar. Ağ saçlar onları artıq qorxutmur, qırışlar da. Bu ilk deyil və indi çoxu gülüşdən yaranır.
 


Onlar artıq insanların nə düşündüyündən qorxmurlar (kolleqalar, qaynana, insanlar və s).
Onlara uzun zamandı bunlar önəmli deyil. Yuyulubmu, təmizdimi, qlütenlidi, ya qlütensizdi. Onlar nə istəyirlər onu da yeyirlər və bunu gecə etməkdən qorxmurlar. Onlar bilirlər ki, içki və siqaret ziyan deyil. Ziyan olan - nəfəs almamaqdı; istəməməkdi.
Onların deyiləsi sözü də var, susacağı da, dua edəcəyi də. Onlarda hər şey içdəndi. Onlar kiməsə təsəllidi. Onlar axmaq kimi görünməkdən qorxmurlar. Və ya kök... arıq. Onlar çoxdan ”kimi”dən keçiblər, artıq "var”dılar. Sevdikləri işlərlə məşğuldular. Onu sevəni sevirlər. Kimsiz yuxuya gedə bilmirlərsə, o insanla yatırlar. Düzünü deyirlər, fırlatmırlar. Saç buruqlarının ucunu düzəltmək o qədər də vacib deyil,  lakin kürəyi düz tutmaq lazımdı. Bir də axmaqlara barmaqarası baxmaq. Sakitliyi dinləmək. 
 

Acı şokolad onlar üçün şirindi. Onlar zamanı dəyərləndirməyi bacarırlar. Səhər. Günorta. Gecə. Onlar qızlarını nəyəsə məcbur etmirlər. Oğullarına təlimat vermirlər. Onlar öz işləri ilə məşğuldur. Onlar özləri ilə qala bilirlər. 
Onlar artıq atalarını günahlandırmırlar. Analarını sevirlər. Ölməkdən isə qorxmurlar. 
Çünki - yaşayırlar.
Artıq heç nədən qorxmayan qadınlar var. 


Müəllif: Marina Stepançenko
Çevirdi: Günel Dəniz
qadinkimi.com