YAZI / DÜŞÜNCƏ
Analığın qısa tarixi: Bioloji, yoxsa ictimai faktorlar? Tarix : 11 Oktyabr 2019, 22:37
Yazar : Qadinkimi.com
Doğurmaq özəlliyi uşağa baxma məcburiyyətinin də qadınlara ötürülməsi üçün yetərli görülmüşdür. Bəli, ana olmaq dəyərli və önəmlidir. Amma uşaq baxımı ilə analığın bir-birini əvəz etməsi və eyni anlam daşıması ictimai cinsiyyət normalarına bağlı şəkildə müzakirə olunmalıdır. 

Analıq bioloji olaraq qadınlarla əlaqəli olsa da siyasi və mədəni keyfiyyətlərlə yüklü bir anlayışdır. Analıq bioloji (instinktiv) ilə sosial, mədəniyyətlə təbiətin sərhədlərinin kəsişmə nöqtəsində yer aldığı üçün feminizm baxımından önəmli bir sahədir. Analıq təcrübəsinin sosial və bazar dəyərləri nöqteyi-nəzərindən tutduğu mövqeyinə dair araşdırmalar problemin izahına kömək edə bilər. 

Analıq mövzusunun feminist tənqidi zamanı iki fərqli nəslin fikirləri qarşımıza çıxır. İlk nəsildə 1970-ci illərə qədər üstünlük təşkil edən Simon de Beauvoir, Shulamith Firestone, Kate Millett və Betti Friedanın fikirləridir. Bu nəsil analığın qadın həyatında səbəb olduğu məhdudiyyətlərə diqqət çəkərək, analığı qadın azadlığına maneə hesab edir.  

Patriarxiya uşaq baxımı və ev işlərini qadının təbii öhdəliyi hesab etdiyi üçün, kişidən fərqli olaraq qadınların bu işləri görməsinə qarşı fikir yürütmələri onları müxtəlif sanksiyalarla qarşı-qarşıya qoya bilər. Bir qadının analıq vəzifələrini rədd etməsi bir kişiyə görə daha çətin olduğundan ilk nəsil feministlərin ailə və analığı daha radikal şəkildə rədd etmələri müşahidə olunur. 

İkinci nəsil isə 1970-ci illərdən sonra ön plana çıxır. Bu nəsil sələflərinin analığı rədd edən düşüncələrinə daxili bir tənqidlə qarşılıq vermiş və analığa qadına məxsus, ona azadlıq verən, bir sözlə, müsbət dəyər yaradan bir hal kimi baxmışlar. Bu iki ana izi müəyyənləşdirdikdən sonra feminist epistemologiyada analıqla bağlı əsas müzakirə sahələrini açıqlamağa çalışacam.

ANALIQ QADININ TƏBİƏTİDİRMİ?

Qadınlar uzun müddət bədənləri üzərindən qəbul olunaraq doğum və əmizdirmə kimi bioloji prosesləri təbiətdən gələn bir məcburiyyət hesab ediblər. Bu yanaşma qadınlığı tarixi və ictimai qavram olmaqdan çıxarıb, onu cinsiyyətinin təbiətinə əsaslanan sabit bir kimliyə çevirir. "Təbiətində doğum qabiliyyəti varsa, qadın doğmaq məcburiyyətindədir” kimi arqumentlər qadınları doğurqanlığa həbs etdiyi kimi, onları tək bir məqsədli varlıq olaraq qəbul etdirir. İnsan olaraq qadının bir təbiəti olduğu halda belə, bu təbiət çox pilləli, dəyişkən bir varolma şəklindədir. "Qadın uşaq doğar, kişi də evin maddiyatını təmin edər” şəklindəki təbiət yönümlü düşüncənin universal qadın/kişi modeli qadını ev içinə həbs etmənin əsasını təşkil edir.

Analıq mifinin həlli yolunda səylər ikinci dalğa feminizmin önə çıxdığı yetmişinci illərdə daha çox özünü göstərməyə başlayır. Altmışıncı illərin sonundan başlayaraq, xüsusilə, orta sinif qadınlar üçün "qadının ikiqat yük problemi” feministlər üçün əsas məsələyə çevrildi. Analığı sirr və müqəddəslik məfhumlarından təmizləməyi qarşıya məqsəd qoyan feminist nəzəriyyəçilər analıq və ailəni qadınları təzyiq altına salan bir qurum hesab edirdilər.
Bovuar analığın qadını öz bədəninə həbs etdiyini düşünürdü. Onun fikrincə, cəmiyyət analığa müsbət anlamlar yükləsə də, hamilə qadın sadəcə bir inkubatordur. Bovuar eyni zamanda analıq instinktini rədd edir və bütün həyatını ona bağlı olan bir varlıqla davam etdirmək məcburiyyətində qalan qadınların ciddi narahatlıq yaşadıqlarından bəhs edir. Qadın övladını sevir, çünki ondan gözləntiləri var. Bununla yanaşı, ikinci plana atılan "özünün” intiqamını da məhz uşaqdan alır. Oğlan uşağını özünə bağlamağa çalışarkən, şəxsi alçalmasını da qız uşağında görür. Bovuara görə analıq məfhumu qadınlara zorla yüklənir və onları kölələşdirir. Buna görə də qadınların analıqdan azad olmalarını məsləhət görür. 
  
Betti Friedan "hələ adı qoyulmamış bir problem var” deyərək nevrotik ev qadınlarına diqqət çəkir. Friedan hər şeyləri varmış kimi görünən, amma daxilən bədbəxt olan qadınların həyatlarını "komfortlu bir təmərküzləşmə kampına” bənzədir. Qadınlar varlıqlarını ailələrinə həsr etdikləri üçün daxili boşluq yaşayırlar. Linda Nikolson rifah dövlətinin ictimai cinsiyyət üzərində yaratdığı iki tərəfli gərginliyi belə izah edir: Qadınlar iş-güclərinə davam edir, digər tərəfdən də "evcil və ailəpərəst” olaraq qalmağa da səy göstərirlər. Kapitalizm XX əsrin ortalarına qədər ev işi/istehlak ilə birlikdə analıq/həyat yoldaşı rollarını üstlənən iki tərəfli evcil ideologiyanı gücləndirməkdədir. Rifah dövlətinin evini də, övladını da hər an təmiz saxlayan, gigiyenik qadın obrazının istehlakçı yönlü olduğunu və  bu məqsədi möhkəmləndirdiyini düşünür.       
                                                                           
Firestone analıqla bağlı daha radikal düşünərək atamərkəzli quruluşun doğum və uşaqlar vasitəsilə gerçəkləşdiyini söyləyir. Bərabərsizlik nə qanunlarla, nə də qadınların iş həyatında iştirakı ilə həll olunacaq bir problem deyil. Cinsiyyətçi iş bölgüsünü yox edə bilmək üçün qadınlar nəsil artırma vasitələrini ələ keçirməlidir. Sosialist inqilabının məqsədi sinfi ayrı-seçkiliyi yox etmək olduğu kimi, qadın inqilabının məqsədi də cinsi fərqləri yox etmək olmalıdır. Bunun yolu da doğum texnologiyalarını ələ keçirməkdədir. Fireston kapitalizmlə birlikdə dəyişimə uğrayan uşaq qavramını da müzakirə edir. 
Təhsilin uzun zaman alması və heç bir şəkildə yetişkənliyə keçid edə bilməmələri baxımından uşaq və qadınların bənzər proseslərdən keçdiyini, uşağın əzilməsi ilə qadının əzilməsinin bir-biri ilə əlaqəli olduğu fikrini müdafiə edir. Firestone uşaqların həddindən artıq qorunmasının və güzəştin onları asılı fərdlər halına gətirdiyini deyir. Əslində bu gün bu qavram uşaq yönlü analıq müzakirələri baxımından erkən təsbit hesab oluna bilər. 
Analıq yalnız kişinin üstün olduğu sistemdən qurtulduğunda qadınlar üçün fərqli anlam qazanacaq. Yalnız belə olan halda bu  qadınlar üçün yaradıcılıq və sevgi potensialına çevriləcək. Buna görə də analıq qurumunu yox etmək analığın da məhvi demək deyil. Həm analığı qadınların yeganə işi kimi qəbul edən ideologiyayla mübarizə aparan, həm də qadını gücləndirməklə azadlığını vurğulayan bu yanaşma analığı qadın üçün problem hesab etmir. 
Adrienne Rich yetmişlərin radikal prizmasından bir az da uzaqlaşaraq analığa feminizm baxımından daha müsbət anlamlar yükləmişdir. Richə görə qadınların asılı hala gətirilməsində analıq sistemin önəmli bir alətidir. Amma analıq qavramını "təcrübə” və "qurum” olaraq ikiyə ayırmaq qadınlar üçün yeni imkanlar yaradacaq. 

Səksənlərdə və daha sonralar feminist nəzəriyyənin analığa münasibəti iki əsas istiqamətə yönəlir. İlk istiqamət analıq və ailə qurumuna qarşı çıxır. Daha çox analığın arxasındakı ideologiyanı üzə çıxarmağa yönəlir. İkinci istiqamət isə analıq və ailənin feminist baxış ilə yenidən izahı və qadına məxsus bir təcrübə olduğu üçün dəyərli hala gətirilməsi yönündədir. Onlar analığı azad və bərabər şərtlər altında yenidən inşa etməklə müsbət anlamlar yükləməyə cəhd edirlər. 

Doxsanlarda analığın tərəfdarları bu qavramı mühafizəkar və sağçı populist siyasətin əlindən qurtarmaq məqsədilə analıq və ailənin müdafiəsinə çalışıblar. Amma bu səylərin boşa çıxdığı düşünülməkdədir. Məsələn, Friedanın o dövrə qədər olan qadın hərəkatının kişi modelini təkrarlayaraq qadınları ictimai uğurların arxası ilə getməsinə yol açmasını iddia etməsi, eyni zamanda feminizmin qadınların yaxınlıq, analıq və uşaqlarla bağlı məsələlərini gözardı etdiyini söyləməsi sonradan liberal sağçıların işinə yaradı. Friedanın bir feminist olaraq bərabərliyin ailənin ölümünə yol açdığı yöndə formalaşdırdığı fikir mühafizəkarların dörd əllə sarıldığı arqumentə çevrildi. Onun bu fikri yüksələn ailə dəyərləri qarşısında feminist bir cəhd olaraq dəyərləndirilsə belə, nəticədə bu arqumenti Friedanı mühafizəkar feminizmin içinə alır.

Sara Ruddick analıq qavramını atamərkəzliliyə qarşı bir taktika hesab edir. Analıq önəmli təcrübə olmaqla yanaşı, kişilərin hakim olduğu mədəniyyətdə yeni bir yol açmaqla qadınlara alternativ varolma fürsəti sunur. Maternal (Analıq) feminizm özəl sahədə gerçəkləşən baxım və ev işlərinə dəyər yükləməklə, bu dəyərləri ictimai sahələrə yaymaq kimi önəmli mövzulara yer ayırsa da, doxsanıncı illərin sonundan etibarən bu strategiyalarla aparılan bərabərlik mübarizəsi daha çox mühafizəkar axının təslim aldığı bir sahə olmuşdur. 

2000 - ci illərin feminizmi analığa yenidən dəyər qazandırsa da, maternal baxışların qadın üçün məhdudiyyətlərə yol açmasına da diqqət çəkir. Dünyada və Türkiyədə sürətlə yayılan yeni sağ və mühafizəkar baxışlar qarşısında analıqla bağlı feminist qavramların sönük qaldığı, ümumi bir analıq nəzəriyyəsi formalaşdırılmadığı söylənə bilər. Üçüncü dalğa feminizmin maraq dairəsi daha çox etnik mənsubiyyət, miqrasiya, ictimai cinsiyyət və ya aşağı siniflərin analıq təcrübələrinə və tarixə yönəlir. Qadınların paylaşdığı təcrübələr, böyük hekayələr içində qadın kimliyi, ictimai fikir tərəfindən dəyərsizləşdirilən xüsusi sahə fəaliyyətləri, qadınlar arası fərqlər və qadınların fərqli əzilmə halları kimi mövzular daha çox ön plana çıxır. 

Feminizm bu iki fərqli istiqaməti ailəyə qarşı olmanın analıq dəyərlərini yox etməsi düşüncəsi ilə ənənəvi atamərkəzli ailə anlayışının tək hakimliyinə qarşı bərabərlik və azadlığı müdafiə etməklə ikisi arasında get-gəl yaşayır. Maternal feminizm ailə dəyərlərini qoruyarkən qismən mühafizəkarlaşmaqdadır. İkinci düşüncə isə ailə və analıq anlayışlarını yox sayarkən, sanki alternativ həyat şəkillərini mühafizəkarlaşdırmaqdadır. Bəlkə də ən yaxşı yanaşma hər iki istiqamət arasında bir uzlaşmanın tapılmasıdır.
 
 
DAVAM  EDƏCƏK ...

Yazdı: Ceylan Akgün
Çevirdi: Xumar Hüseynova
Mənbə: gazeteduvar.com.tr
Qadinkimi.com