YAZI / DÜŞÜNCƏ
Alov İnanna - Yumurtadan çıxıb yumurtaya qayıtmaq Tarix : 28 Fevral 2023, 12:00
Yazar : Alov İnanna
Bu yazım yazın gəlişinə görə dünya xalqlarının çoxunun müxtəlif adlar altında keçirdiyi ən qədim bayramın – Novruzun simvollarından biri olan yumurta haqqındadır.

Qədim yunan filosofları başlanğıc axtarışı ilə bağlı – "toyuq birinci yaranıb, yoxsa yumurta?” paradoksal sualı üstündə yüzillərlə mübahisə ediblər.
Kosmik rəhim, kainatın, allahların, insanların başlanğıcı və çıxış yeri, dirilik, doğum, bərəkət simvolu olan yumurta, həm də yenidən doğumu təmsil etdiyinə görə min illər boyunca dəfn edilən ölülərin yanına qoyulub.
Arxeoloqlar Cənubi Afrikada 60.000 il bundan əvvələ aid edilən bəzəkli və boyanmış yumurta qabıqları tapıblar:
 
 

Yaz bayramında bir-birinə canlanma, yenilənmə simvolu kimi boyanmış yumurta vermə adəti indi də bəzi kültürlərdə qalır.

DOĞUM, ÖLÜM, YENİDƏN DOĞUM VƏ QIRMIZI YUMURTA

Mifologiyada doğum, xüsusilə yenidən doğum teması son dərəcə mühüm yer tutur. Təbiətin payızda ölüb yazda yenidən dirilməsi, canlanması, günəşin axşamlar batıb səhərlər doğulması, Ayın böyüyüb, yox olub, bir müddət sonra yenidən doğulması qədim insanların ölüm anlayışına periodik məna vermələrinə və onları, ölümü keçici bir hadisə saymağa, ölümün ardınca yenidən doğum olacağına inandırırdı. Bütün bunlar insan ölümünün, müqəddəs ana torpağın simasında rəhimə qayıdış kimi təsəvvür edilməsinə gətirib çıxarırdı. Neandertal insanlarda olduğu kimi (200 min il bundan əvvəl), Kromanyon (Cro-magnon) insanlar da (40 min il bundan əvvəl) ölüləri fetus formasında, yəni insanın ana bətnindəki vəziyyəti kimi dəfn edirdilər. Bu, ölünün daha sonra doğulması üçün yenidən ana bətninə qayıtması demək idi. Yeri gəlmişkən, ana rəhmi simvolu sayılan mağaraların da eyni məqsədlə istifadə edilməsinə aid yüzlərlə fakt var. Ta günümüzə qədər şamanizmdə, bəzi dini-fəlsəfi təriqətlərdə guşənişinlik, çillə, tərki-dünya olub yenidən doğulma və s. bu ideyanın davamıdır.

Orta Şərqdə Amud mağarasında Neandertal balaca bir qız uşağının qəbrində dəvəquşu yumurtası boyda yumurta tapılmışdı. Kromanyon insanlar da ölünü yumurta ilə basdırarmışlar, amma hər ikisini qırmızı rəngə boyayaraq.
Bir çox xalqların kültüründə toyda gəlinə qırmızı paltar geyindirmək, onun əl-ayağını qırmızı xına ilə bəzəmək, alnına qırmızı xal qoymaq adəti var. Qırmızı rəng qan, həyat, günəş, od, canlılıq, bərəkət, doğum rəmzlərini özündə daşıyır. Min illər bundan qabaq da belə olub, ona görə də yenidən doğumu gerçəkləşdirsin deyə qırmızya boyanmış cəsədlərin yanına qırmızıya boyanmış yumurtalar qoyurlarmış. Boyanmış cəsədləri yarı bükülü formada basdırmaq ana rəhminə geri qayıdış kimi düşünülürdü.

 Qədim dünyada yenidən doğuluşu təmin etsin deyə, yumurta ilə dəfn edilmə ilə yanaşı incilərlə də dəfn edilmə ənənəsi də vardı. Yaponiyadan Misirə, Meksikadan Hindistana qədər bu adət mövcud olub. 
Bundan başqa arxeoloji qazıntılar zamanı 13 min il bundan əvvələ aid yumurta formalı qəbirlər də tapılmışdır.
 

 
Megalitik dövrə aid yumurta formalı məzar. (e.ə 11.000-1000)

Yumurtaya bənzədiyinə görə incinin də doğumu ifadə etdiyinə inanılıb. Yunan mifologiyasında gözəllik ilahəsi Afroditanın incidən doğulması bu düşüncənin bəhrəsidir. Qədim Suriyada sitayiş edilən ana-tanrılardan birinin adının mənası „incili xanım" idi.
Doğumu artırmaq üçün qadınların boyunlarına inci boyunbağılar taxması da olduqca qədim ənənələrə söykənir.

YUMURTA, QUŞ, QADIN

Yumurta simvolu paleolitik dövrlərdən üzü bəri quş və qadın ilə eyniləşdirilərək min illərlə dünyanın fərqli yerlərində ortaya çıxmışdır. Qədim insanlar hər şeyin yumurtadan doğulduğuna inandıqlarına görə, yumurtanı simvolizə edən quşu və qadını birləşdirib quş başlı ana-tanrı fiqurları düzəldirdilər. Yaşı 23 min il bundan əvvələ gedib çıxan Lespugue ana-tanrısı kimi:
 

 
Quş başlı ana-tanrı. (e.ə. 21.000)

Dünyanın ən qədim ana-tanrı tiplərindən türk xalqlarının ortaq ana-tanrısı olan (H)Umay, həm də quş şəklində təsəvvür edilirdi. (H)Umay doğumla, evliliklə, döyüşlə birgə, göylərdən göndərilən hakimiyyəti də təmsil edirdi. Ona görə də, ölən padşahın yerinə keçən padşahı uçurulan (H)Umay quşu təyin edirdi. Ana-tanrı (H)Umay təkcə "dövlət quşu” kimi deyil, türk xalqlarının miflərində "Ağ qaz”, "Ağ quş”, "Su gəlini” kimi də təqdim olunur. Qədim türk mifoloji təsəvvürlərində ana-tanrı (H)Umay həm də „Qu quşu" obrazında dünyanın yaranışının iştirakçısı, ailənin, körpələrin, döyüşçü ruhlarının himayəçisidir.
Afrikada bəzi yerlilərdə belə bir adət var: ərgənlik yaşına çatmış qızların boynuna dəvəquşu yumurtasından hazırlanan boyunbağı taxırlar. Sonra isə öldürülmüş dəvəquşu qanıyla onları qırmızıya boyayırlar.

Qədim insanlar Ayı qadınların aybaşı dövrlərini ana rəhmindəki yumurtalarla əlaqələndirdiklərinə görə onu yumurta ilə eyniləşdirir, onu "bərəkətli yumurta” adlandırırdılar. Bu, misirlilərdə, hindlilərdə, samoyedlərdə də belə idi.
Avstraliya yerlilərinin mağara rəsmlərində ana rəhmi içində yumurta formalı dairələr mövcuddur:
 

 
M.Soymie belə hesab edir ki, çinlilərin hər şeyin qaynağı, əsası saydıqları in-yanq motivi döllənmiş, ikiyə ayrılmış qadın yumurtasının ilk görünüşüdür.
Yumurtadan embrionun ideoqramı kimi istifadə edilir. Dilimizdə qadının çoxalma hüceyrəsinə də yumurta deyilir. Yumurtaların əmələ gəldiyi orqan isə yumurtalıq adlanır.

Qədim insanlar yumurtadan əkinçilik ayinlərində də istifadə edirdilər, məsələn, məhsul bol olsun deyə, onu torpağa basdırırdılar, ayrıca yumurta yemə ritualları vardı.
 
(ardı var)