SEVGİ
Evlənməmişdən hər şey yaxşı idi - ARAŞDIRMA Tarix : 13 Noyabr 2019, 18:53

Nikah günü 
                      
​Nikah günü hamı Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının qarşısında yığışmışdı. Küçədə gəlin kimi bəzənmiş neçə maşın dayanıb. Həmin maşınlarda evlənənlərin yaxınları gül-çiçəklə, gəncləri təbrik etmək, onlara xeyir - dua vermək üçün gəlib. İki ailənin üzvləri bir - birinə qarışıb, onları ayırmaq olmur. Deyib - gülür, zarafatlaşır, daha yaxından tanış olur, bir-birlərini qonaq çağırırlar. Oğlan anası qızı əzizləyir, qız anası da öz növbəsində kürəkənini məhəbbətlə süzür, xoş dillə dindirir.
Toy məclisi də beləcə təmtəraqla, xeyir-dua ilə bitir. 
İlk narazılıqlar 

Günlər keçdi, aylar dolandı, il tamam olmamış gənc ailədə bir mərəkə qopdu ki, səsə bütün qohum-əqrəba yığışdı. Aləm bir - birinə dəydi, hamı bir-birinin kölgəsini qılınclamağa başladı, vaxtilə xeyir - dua verənlər indi bir-birlərini hədələyir. Dünən qız haqqında "Gəlinimin tayı-bərabəri yoxdur” deyən oğlan anası indi ona qarğış edir. "İki qızım vardı, indi bir oğlum da var” deyən qız anası da kürəkəni lənətləyir.
​Söz - söhbətə, dava - dalaşa səbəb nə idi? Səbəb çoxdur.
​Hər il ölkəmizdə neçə nikah bağlanır. Bu, yaxşıdır. Lakin hər il neçə - neçə boşanma hadisəsi qeydə alınır. Cəmiyyətimizin, dövlətimizin mənəvi sağlamlığı, həm də ailələrin uğurlu olmasından asılıdır. Lakin danılmaz faktdır ki, ölkəmizdə xoşbəxt, uğurlu ailələrlə yanaşı həm də uğursuz, bir növ bədbəxt ailələr də var. Belə ailələr çox vaxt elə qonşuluğumuzda yaşayır, onların söz-söhbətlərinin, dava-dalaşlarının hər gün şahidi oluruq. Həmin ailələrin bəziləri qohumlarımız ola bilər.
Evlənməmişdən hər şey yaxşı idi; Tərəflər bir - birlərini xoş dillə dindirir, bir - birinin qayğısına qalır, hörmətlə, nəzakətlə davranırlar. Ayrılığa dözmür, görüşəndə ayrılmaq istəmirlər. İndi isə bir yerdədirlər. Evləniblər. Bəs nə üçün işdən sonra ər daha əvvəl olduğu kimi evə çatmağa can atmır, ayaqlarını sürüyür, orda - burda ləngiyir. Axı ər - arvad niyə bir - birini təngə gətirib? Əvvəllər bir yerdə olmaq nə qədər xoş idisə, indi bir o qədər darıxdırıcı, əzabvericidir. 

Boşanma səbəbləri

Nikaha girmək üçün başlıca səbəb məhəbbətdir. Lakin bəzi tədqiqatçılar nikahın sabitliyinin nikaha girmə səbəbinin xarakterindən asılılığını öyrənmiş və səbəblərin üç əsas qrupunu müəyyənləşdirmişlər: 

a) məhəbbətə görə nikah; 
b) stereotipə görə nikah (bəziləri ona görə evlənir ki, artıq vaxt çatmışdır); 
c) niyyətə görə nikah.

Məlum olub ki, məhəbbətlə bağlanmış nikahlarda da cütlüklər arasında uğursuzluqlar az deyil. İnsanlar məhəbbətə görə evlənir və bu zaman heç bir əmlaki, silki və digər məhdudiyyətlər yoxdur, lakin bununla belə, hələ də uğursuz nikahlara rast gəlinir. Bunun səbəbi nədədir? Bəzən məhəbbət ürəkdə deyil, gözdə yaranır. Cütlüklər ailə həyatını yalnız və yalnız al - əlvan rənglərdə görürlər, ailə çətinlikləri, məsuliyyəti, qarşılıqlı güzəşt, anlaşma haqda düşünmürlər. Bu da boşanmaları qaçılmaz edir.
Boşanma mürəkkəb sosial hadisədir. O, öz mənbəyini ailə ixtilaflarından alır. Ailə ixtilafları isə ər - arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Ona görə də boşanmanın səbəblərini aydınlaşdırmaq üçün ər - arvad münasibətlərində özünü büruzə verən nöqsanları aşkara çıxarmaq lazımdır. 

Sadə həqiqətdən başlayaq 

Ailədə söz-söhbət var. Bunu hökmən qohum-qonşular bilməlidirlər? Yaxşı olmazmı ki, bu mübahisəni həmin şəxslər ikilikdə həll etsin? Axı bir sıra hallarda kənar müdaxilə "qaş düzəltmək yerinə vurub gözü də tökür”. Lap adi, son dərəcə əhəmiyyətsiz məsələyə görə də ər - arvadın mübahisəsi günlərlə davam edə və nəhayət, ciddi şəkil ala bilər. Məsələn, ər geymək istədiyi köynəyin ütülü olmadığını görüb hirslənir və həyat yoldaşına acıqlanır. Qadın ona başqa ütülü köynəklərin olduğunu bildirir və "əgər bu gün bu köynəyi geyəcəkdinsə, qabaqcadan xəbər verəydin. Başım xörəyə qarışmışdı, yoxsa onu da ütüləyəcəkdim” və s. deyir. Ər onu söz güləşdirməkdə təqsirləndirib, səsini daha da qaldırır: "Sadəcə de ki, canımı işə vermirəm”. Bu söz gənc qadına bərk təsir edir. Beləliklə, mübahisə qızışır. Köhnə məsələlər, söz-söhbətlər də xatırlanır, bir - birlərinin qohumlarının, tanış - bilişlərinin də ünvanlarına danışırlar.
Əslində boş, mənasız mübahisədir, lakin qarşılıqlı münasibətlərə ləkə salır. Və üstəlik qadın mübahisəni anasına xəbər verir, ana da işə qarışır. Ağıllı ana bunun mənasız olduğunu anladacaq. Hövsələsiz, uzağı görməyən qadın - ana qızının tərəfini saxlayacaq: "Sənin işini bəyənmirsə, canı çıxsın paltarını özü ütüləsin” – deyəcək. Həyatda belə hadisələrlə azmı qarşılaşmışıq?!
 
Qızlarına bu gün nə yeyəcəyini, geyəcəyini, ərindən, qayınana - qayınatasından nə tələb edəcəyini, baldızının gözünün odunu necə alacağını öyrədən analar az deyil. Belə ixtilaflar ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələbləri gözlənilməlidir: mübahisəyə başlamamaq dalaşıb -barışmaqdan, artıq - əskik danışıb bir - birini təhqir etməkdən daha asandır. Tərəflər mübahisəyə başlamazdan əvvəl nədən narazı olduqlarını, nə istədiklərini, fikir ayrılığının mahiyyətini və onun aradan qaldırılması yollarını vicdanla və ağıllı surətdə aydınlaşdırmalıdırlar. Bu zaman bir - birinin əhvalı nəzərə alınmalıdır. 
Bir də görürsən ki, kişi özündən asılı olmadan bərk əsəbiləşir, özünü - sözünü bilmir, siqareti siqaretə calayır. Qadın isə buna məhəl qoymur, əksinə özünü daha da hökmlü aparır, cavab qaytarır. Bu hal eynilə qadının da başına gələ bilər. Qadın əsəbi olduğu vaxtda kişi təmkin göstərmək yerinə ocağa yağ tökər. Ona görə də ağıllı ər və arvad gərək özünü ələ almağı bacara. Çünki pis əhval - ruhiyyə pis məsləhətçidir.
Ailədə baş vermiş xırda məsələləri unutmaq zəruridir. İxtilaf yarandıqda gərək cütlük bir - birinə həyat yoldaşı, valideyn kimi hörmət etsin, insanlıq ləyaqətini gözləsin, qarşısındakının mənliyini təhqir etməsin, kiçilib yad adama çevrilməsin, güzəştə getsin, ən başlıcası, uşaqların yanında buna yol verməsin. 

Ər - arvadın mübahisəsini, dava-dalaşını "özünəməxsus döyüş”ə bənzədən sosioloqlar çox düzgün olaraq qeyd edirlər ki, bu döyüşdə qalib yoxdur, ola da bilməz, yalnız məğlub var. Onlar dalaşa - dalaşa qohumların, qonşuların, valideynlərinin, ən başlıcası, uşaqlarının yanında hörmətdən və nüfuzdan düşürlər. Bu o deməkdir ki, mənəvi məğlubiyyətə uğrayırlar.
İxtilaflar dağıdıcı olur və bəzən boşanma ilə nəticələnir. Vəziyyətdən ən yaxşı çıxış yolu qarşılıqlı anlaşma və səhvlərin etirafıdır.
İnsanlar adətən bir - birlərini sevərək - birlikdə xoşbəxt olmaq, səadətə qovuşmaq üçün ailə qurur. 

Bəs hansı səbəbdən nikahdan imtina edirlər? 

İki təzad: toy və boşanma, məhəbbət və nifrət, sevinc və kədər…
Boşanma əsl faciədir. Çox maraqlıdır ki, boşanmanın nəticələrini təkcə mütəxəssislər – sosioloqlar və demoqraflar, psixoloq və pedaqoqlar, həkimlər və başqaları belə qiymətləndirmir, boşananların içində sonralar  bu cür düşünənlər olur. Bu  səhvdən ən çox əziyyət çəkən isə uşaqlar olur.

Boşanmanın səbəbləri müxtəlifdir... 

Əslində hər bir boşanmanın öz psixologiyası var. Bəzən gənclərə elə gəlir ki, ailə qurmaq çox asan və sadə işdir: qəlbinə yatan oğlanı (qızı) seçirsən, evlənirsən, daha bunu nə üçün problemə döndəriblər? Diplom alanda iş yerində, ərə gedəndə evdə hər şey qaydasına düşəcək. Gənclər məhz belə fikirləşirlər. Xoşumuza gəlməyən iş yerini dəyişirik, mebeli bəyənmədikdə başqasını alırıq. Mənzili də dəyişmək mümkündür. Lakin atanın yersiz ciddiliyi, sərtliyi, kobudluğu, vasvasılığı; ananın hövsələsizliyi, deyingənliyi nə qədər həddini aşsa da, valideynlərini dəyişmək heç kimin ağlına gəlmir. Çünki dünyaya göz açmağımız üçün başqa heç kimə yox, məhz onlara – bu iki nəfərə borcluyuq. Onları dəyişə bilmərik və bu iki nəfər bir - biri ilə yola getməsələr də, bizə qarşı münasibətdə nə qədər sərt (hətta bəzən ədalətsiz) olsalar da, onları SEVİRİK.

Bəs ər və arvad? 

Burada bizim iddiamız dərhal prinsip səviyyəsinə çatır: "Qoy rədd olsun, çox lazımdır?!”, "Niyə, nəyin xatirinə dözməliyəm, nədən əzab çəkməliyəm?”, "Ayrılaram, canım qurtarar” və s. 

Qaçılmaz boşanma

Bəzən boşanma üçün həqiqətən ciddi səbəblər olur. Ailədə elə dözülməz şərait yaranır ki, birlikdə yaşamaq, necə deyərlər, bir yastığa baş qoymaq əslində mümkün olmur. Ailədə əmələ gələn mənəvi - psixoloji iqlimin özü də uşaqların həyatı üçün böyük təhlükəyə çevrilir. Belə hallarda mütəxəssislər boşanmanı mahiyyət etibarilə humanist tədbir hesab edirlər. 

İxtilaflara səbəb həm də ər - arvad arasında qarşılıqlı ünsiyyətin, hörmətin gözlənilməməsidir. Uğursuz nikahlarda bu, emosional qərarsızlıq, başqa adamlarla yola gedə bilməmək, hökmranlıq iddiası, inadcıllıq və tərslik, adamayovuşmazlıqla səciyyələnir. Uğurlu ailələrdə ünsiyyət səmimiyyətdə, müxtəlif mövzuların xoşluqla müzakirə və həllində, inam və qarşılıqlı etibarın gözlənilməsində, qələbə çalmaq deyil, qarşılıqlı anlama şəraitində birgə qərara gəlməkdə özünü göstərir.

Ev geyiminin ailəyə təsiri

Məişətdə mənəvi və fiziki cəhətdən səliqəsizlik də yolverilməzdir. Ər və arvad işdə, ictimai yerlərdə səliqəli geyindiyi kimi ailədə də geyiminə, davranışlarına fikir verməlidir. Evlilikdən əvvəl həm oğlan, həm də qız bir-birinin görüşünə ciddi hazırlaşar, səliqə ilə saçlarını darayar, ayaqqabılarını təmizləyər, ütülü paltar geyinər. Onlar artıq həyat yoldaşıdır. Əvvəlki səliqə - sahmandan əsər-əlamət qalmayıb. Qadın saçları daranmamış, səliqəsiz ev geyimində otaqda gəzir, ərin üzünü tük basıb.
Əbdürrəhim bəy Haqverdiyevin "Qiraət” hekayəsini yadımıza salaq. Məşədi Qulam deyir: «Allah kəssin müsəlmanın evini-eşiyini, diriliyini, səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxardırlar ki, adamın ürəyi ağzına gəlir. Qab çirkli, süfrə bir halətdə ki, itin üstünə atsan qudurub qaçar. Qaşıqlar sınıq, iki ildən yuyulmamış əl dəsmalı…tfu!.. Gedirsən Nataşanın evinə, süfrə qardan ağ, çəngəl - bıçağın şəfəqindən göz qamaşır. Guya indicə fabrikdən çıxıb. Ağ libaslı, ağ döşlüklü qulluqçu gözəl səliqə ilə xörəyi ortalığa çıxardır. Nataşa özü paltarının ən lətifini geyib, gəlib əyləşir ustolun başında: əl patiska ağı, sifət ay parçası, tüklərinin qoxusundan adam bihuş olur… Di gəl, arvad ölmüş hər nə yarar paltarı var, geyir toya, hamama, yasa gedir. Evdə də adamın qabağında türkmən dilənçisi kimi dolanır. Üst - başından bozbaş iyi gəlir».
İndi müasir Azərbaycan ailələri belə deyil. Təsvir olunan pintiliyə, səliqəsizliyə rast gəlinmir. Lakin elə ailələr var ki, evinə ayaq basanda istər-istəməz Məşədi Qulamın dediklərini xatırlamalı olursan. Qadın geyiminə fikir vermir. Sabah işə gedəndəsə, yenə hər şey qaydasında olacaq. Qadın səliqə ilə geyinəcək, saçlarını qaydaya salacaq, ətirlənəcək; kişi də üzünü qırxacaq, təmiz köynək istəyəcək, qalstukunu taxacaq. İndi isə evdədirlər, istirahət günüdür. Evdə necə gəldi davranmaq, kobud, qəlbədəyən sözlər də işlətmək olar. Yəqin onlar belə düşünürlər və səhvə yol verirlər.

Münaqişə hər bir ailədə baş qaldıra bilər. Mütəxəssilərin fikrincə tərəflər münaqişənin həll edilməsi etikasına, ailə mədəniyyətinə yiyələnməlidirlər.

Qısqanclıq

Boşanmanın səbəbləri arasında qısqanclıq özünəməxsus yer tutur. Bəziləri qısqanclığı keçmişin qalığı sayırlar. Lakin belə qəti hökm vermək doğru deyil. Alimlərin qənaətincə, insanın beyin qabığının düyümləri arasında xüsusi qısqanclıq mərkəzi vardır.
Dahi Nizami Gəncəvi qısqanclığı təbii hal sanmış və onun sevgiyə xas olduğunu göstərmişdir:

Özün də bilirsən, ey yar,
Sevən ürəklərdə qısqanclıq olar.

Bəzən qısqanc olmayan adamı qınayırlar: "Qısqanmırsa, demək, sevmir”.
Qısqanclıq bütün millət və xalqlar üçün səciyyəvi olan xüsusiyyətdir. Qısqanclıq zəminində dağılan ailələr az deyil. Yazıçı və şairlərimizin əsərlərindən, həyatdan buna aid onlarla nümunə gətirmək olar. Yersiz qısqanclıq ailə həyatını dözülməz edir, qadının mənliyini, heysiyyatını təhqir edir. Ər özünün şübhələrinə ara vermədikdə, söz yox ki, qadının boşanmaqdan başqa yolu qalmır. Qadın qısqanclığı da bəzən daha ifrat formalarda özünü göstərir. Unutmaq olmaz ki, qısqanclıq cütlüklər arasındakı ən yaxşı münasibətləri didib - parçalayır. O, əslində insanın başqasına və öz - özünə bəslədiyi inamsızlığın təzahürüdür və sevdiyin adamı təhqir edir. Ağıllı qısqanclıq boşanmaya aparıb çıxarmır, əksinə, sevginin keşiyində durur.

Müəllif: Akif ABBASOV pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim      
qadinkimi.com