FEMİNİZM, QADIN / KİŞİ
Adını dünyaya duyuran qadın Tarix : 08 Noyabr 2019, 17:17
Yazar : Qadinkimi.com
Huda Shaaravi, 1879-cu ildə Misirdə patriarxiyanın əsrlər boyu hökm sürdüyü bir cəmiyyətdə anadan olub. Misirli bir zadəgan ailəsində doğulan Huda yaşadığı yerin adət - ənənəsinə görə razılığı olmadan, hələ 12 yaşında uşaq ikən xalası oğlu Əli Şaaravi ilə evləndirilir. Ali Shaarawi evli idi və yaşca Hudadan böyük uşaqları vardı. Bu evliliyi istəməyən və həyatı zülmə çevrilən Huda, ailənin təzyiqi və anasının dayanmadan bunu onun taleyi olduğunu xatırlatması səbəbi ilə çətin də olsa, dözməyə davam edir. Lakin təzyiqlərə dözə bilməyən Huda 14 yaşında ərini tərk edir. Bu evlilik Hudaya təzyiq və zor tətbiqetmənin nə qədər dözülməz olduğu həqiqətini öyrətdi... 
 


Hudanın yaşadığı dövr Misirdə səslərin yüksəldiyi və az da olsa dəyişimin baş qaldırdığı bir vaxta təsadüf edir. O da bundan güc alır və uzun müddət ağlında olan "taleyinlə barış” divarını yıxmaq qərarına gəlir. Eyni dövrdə qadın hüquqları ilə bağlı hərəkatlar sürətlə davam edərkən, orta sinfə mənsub qadınlar 1892-ci ildə qadın hüquqlarını və qadınların cəmiyyətdəki varlığını göstərmək, Misir xalqını və dünyanı məlumatlandırmaq üçün bir qəzet nəşr etməyə başlayırlar. Bu dövr Hudanın gəncliyinə təsadüf edir. Gəncliyin vermiş olduğu güclə, qollarını çırmalayıb başladığı işi sürətləndirməyə qərar verir. Onun bir ali məqsədi vardı: Canla - başla, heç bir zor tətbiq etmədən qadınların var olduğu bir cəmiyyəti hamının qəbul etməsi üçün çalışacaqdı. Misirdə feminizm hərəkatından məsul qadınların Qahirədə keçirdiyi iclaslarda iştirak edir. Bu qrupun içərisində Misirdə var-dövlət və statusun göstəricisi olan niqab və qadınların niqab taxmaq məcburiyyətinə qarşı mühazirələr edir. O, niqab taxmağın zor tətbiqi olduğunu və qadınların azadlığını məhdudlaşdırmaqdan başqa bir işə yaramadığı fikrini müdafiə edir. 

Gənclik illərini bu və bu kimi konfranslar, toplantı və görüşlərlə davam etdirən Huda inancları ilə daha güclü biri halına gəlir. O dövrdə, 1922-ci ildə Misirdə müstəqillik uğrunda mübarizə başlayır. Huda bu mübarizəni dəstəkləyənlər arasında idi. Gərgin mübarizə dövrü yaşansa da, qadın hüquqları ilə bağlı işlər sürətlə davam edirdi. Huda 1923-cü ildə Romadakı Beynəlxalq Qadınlar Yığıncağından dönərkən toplantıya bərabər qatıldığı yol yoldaşı Saiza Nabaravi ilə birlikdə yaşadığı cəmiyyətdə inqilabi bir hadisə edir. Qatarın pilləkənlərində dayanır və üzündəki niqabı açır. Onların gəlməsini gözləyən qadın yoldaşları və dostları da bu hərəkəti təkrarlayır və aksiyanı gücləndirirlər. Bu hərəkət dövrün idarəçiləri və ruhaniləri tərəfindən müsbət qarşılanmır və böyük mübahisələrə səbəb olur. 

Heç bir sözə məhəl qoymadan eyni qətiyyətlə əqidəsini davam etdirən Huda Shaarawi, Misirdə başlayan milli müstəqillik hərəkatlarına dəstək verməyə davam edir. Misirdə müstəqillik tam olaraq əldə edilsə də, köhnə adət - ənənələr saxlanılır. Ancaq Huda köhnə boğucu hərəm sərhədləri içinə girməkdən imtina edir. Qadın hüquqlarının əsas fiquru olan Huda Shaaravi, Romada Beynəlxalq Qadın Ziyalıları Alyansına qatıldıqdan sonra "Misir Feministlər Birliyinin” təsisçisi olur. Ərəb və fars dillərini yaxşı bilən Huda Şaaravinin 1943-cü ildə ərəb və fransız dillərində bir şeir kitabı çap olunur. Eyni zamanda öz həyatından bəhs edən "Hərəm İlləri: Bir Misirli Feministin xatirələri” adlı bir kitabını da nəşr etdirir. 12 dekabr 1947-ci ildə vəfat edən Huda Shaaravi, tək öz cəmiyyətində, öz ölkəsində yox, həm də bütün dünyada adını duyura bildi. Çoxyönlü, güclü, sarsılmaz və əsla boyun əyməyən xarakteri ilə dünyanın ən güclü qadınlarından biri olmağı bacardı. 


Çevirdi:  Günel Dəniz

Mənbə:  soylentidergi.com

qadinkimi.com