HÜQUQLARIMIZ
Və bacardıq. Ruhunuz şad olsun, şəhidlər...: Tarix : 22 İyul 2020, 08:07
Yazar : Aysel Əlizadə

ABŞ-dakı məsələylə xəbərlərdən qısaca anlaşılan budu:


 "Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsi çərçivəsində son iki ildə Azərbaycana 110 milyon ABŞ dolları yardım göstərilib. Ermənistana isə bu miqyasda yardım olunmadı. Proses davam edirdi və dəstək genişlənirdi. Ermənistan lobbisi ABŞ-ın Azərbaycana hər cür dəstəyinin qarşısını almaq üçün həmin qanunda dəyişiklik edilməsinə çalışırdı.

Bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Komitəsinin iclası keçirilib. Ermənistanın və erməni lobbisinin maraqları nəinki rədd edilib, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi bir daha dövlət səviyyəsində tanınaraq 296 saylı düzəliş təklifi qəbul edilib. Düzəlişə əsasən ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insan sayı haqda Konqresin müvafiq komitəsinə hesabat verməlidir.


 

İndi əsas iş hesabatın nəticəsinin bizim tamamilə haqlı maraqlarımıza uyğun olmasına çalışmaqdı.

Bütün dünya azərbaycanlılarını təbrik edirəm. Ortaya çıxıb torpağını tələb edən dünyanın hər yerində yaşayan azərbaycanlılar Ermənistanın faktiki olaraq Azərbaycana sanksiya tətbiq edilməsi tələbinin qarşısını aldı. Belə bir həssas dönəmdə ABŞ, Ukrayna, Türkiyə, Pakistan dövləti Azərbaycanın yanında oldu. Azərbaycan xalqının gerçək yanğısını gördülər, millət hər yerdə, hər platformada Rusiyayla, Ermənistanla dirəşdi. Rusiya mediasında Azərbaycanı təmsil edən ekspertlərimiz, dövlətin içində olan milli qüvvələrin iradəsi, xalqın hər üzvünün Ağ evdən, ABŞ Konqresindən tutmuş Kardaşyanın səhifəsinəcən gecə-gündüz mübarizə aparması, siyasi təşkilat və partiyaların ABŞ-a müraciəti, bütün dünyada Ermənistan səfirliklərinin önünə axışmamız, Azərbaycanın hər yerində Qarabağ şüarı ilə küçəyə çıxmamız,

 

Bakıda möhtəşəm yürüşün olması, yüz min imzalıq petisiyanı tez zamanda bitirməyimiz, bir-birimizi ruhlandırmamız nəticə verdi.

Ermənistan sərhədimizi atəşə tutdu, "abi”sinə qoşulub üstümüzə gəldi, şəhid verdik, savaşdıq.


Və bacardıq. Ruhunuz şad olsun, şəhidlər...


İçimizdə, çölümüzdə olan rusçular çox istədilər ki, susaq, ortada olmayaq, Azərbaycana sanksiya tətbiq edilsin. ABŞ Azərbaycanı yox, Ermənistanı dəstəkləsin. Onlar Rusiyanı 90-ların Rusiyası, biz Azərbaycanı 2020-nin dövləti kimi görürük, fərq budu.


İndi ölkədə bu xəbəri durmadan tirajlamaq, ruh yüksəkliyini artırmaq, gərginliyi azaltmaq gerçək milli mətbuatın da üzərinə düşür. Kiçik uğur deyil. Davamı möhtəşəm olsun. Dünya da yanımızdadı, Tanrı da!❤️

 

Aysel Aydın Əlizadə

 

qadinkimi.com