SƏNƏT
105 yaşlı İlk professional azərbaycanlı rəssam qadın Maral Rəhmanzadə Tarix : 22 İyul 2021, 12:31

1916 – cı il iyulun 23-də Xəzərin sahilində nağıl kimi bir şəhərdə-doğma Bakımızda bir qız dünyaya gəldi. Qarasaçlı, qaragözlü qızcığaza Maral dedilər. Anası tez-tez qızının qara saçlarını oxşayıb "mənim qızım bir başqadır” deyirdi. Həqiqətən də bir başqa oldu Maral.

Qayğısız böyüyən Maral bir gün hamı kimi məktəbə getsə də fərqləndi.


Atası Yusif Rəhmanzadə zərgər idi. Düzəltdiyi bəzək əşyaları, onlara vurduğu naxışlarla hörmət və şöhrət qazanmışdı. Hərdən balaca Maral da onun işini izləyərdi. Qızına müxtəlif naxışlar çəkməyi təklif edən ata bunun adicə həvəs olmadığını görür. Balaca Maral naxışlarla bərabər müxtəlif şəkillər də çəkir. Bu rəsmlər onun istedadından xəbər verirdi.

Maralla birgə onun rəsm çəkməyə həvəsi də böyüyür və o, rəssam olmağa qərar verir, Azərbaycan Dövlət Rəssamlıq texnikumuna daxil olur. Oranı bitirdikdən sonra 1934 – 1940 – cı illərdə Moskvada Surikov adına Dövlət Rəssamlıq Akademiyasında təhsil alır.

1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir.

Bundan sarsılan M.Rəhmanzadə Moskvadan Bakıya qayıdır və həyatına, yaradıcılıq fəaliyyətinə doğma şəhərində davam edir. Elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi yaranmağa başlayır.


Sevgi xatirəsi. Maral Rəhmanzadə o dövrün məşhur rəssamlarından olan Səttar Bəhlulzadə ilə dost olub. Onunla bağlı bəzi yazılardan S. Bəhlulzadənin Maral xanımı sevdiyini öyrəndim.

Gənclik illərində Moskvada birlikdə təhsil alarkən Maral xanımıın başqasını sevdiyini və ailə qumağa hazırlaşdığını öyrənən böyük rəssam ona ürəyini aça bilmir.
Maral xanımın evliliyi uğursuz olur. Qızın onu yalnız həmkar, dost kimi sevdiyini anlayan Səttar Bəhlulzadə sevgisini gizli saxlayır. Bölüşməyə belə qıymadığı duyğularını qoruyur ürəyində. Ömrü boyu bu sevgiyə sadiq bir kişi kimi yaşayır. Və heç vaxt evlənmir.

Azərbaycan rəssamlıq sənətində öz yeri olan mahir fırça ustasının müxtəlif mövzulu əsərləri mədəniyyət tarixinə boyakarlığın qiymətli nümunələri kimi daxil olub.

Onun əsərlərində keçmişimizə qayıdarsan, dağlarımızın zirvəsinə qalxarsan. Kənd həyatını sevərsən, neftçi olmaq istərsən...Rəsmləri o qədər canlı, o qədər valehedicidir ki!

 

Первая профессиональная азербайджанская художница - Марал Рахманзаде - Uşaq Bilik Portalı

 


Maral xanımın qrafika sahəsindəki əsərləri heyranlıq doğurur.

Doğma yurdunun füsunkar təbiətini silsilə əsərlərində istedadının gücü ilə elə ustalıqla təsvir edib ki!



 

Maral xanımın kitab qrafikası sahəsində də maraqlı işləri var. O bir çox bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Rəssam M.S.Ordubadinin "Qılınc və qələm”, M.F.Axundzadənin "Aldanmış kəvakib”, A.S.Puşkinin "Yevgeni Onegin”, M.Y.Lermontovun "Zəmanəmizin qəhrəmanı” və s. əsərlərin illüstrasiyalarının müəllifidir.

M. Rəhmanzadə səyahəti sevərdi. Yaradıcı insan hər gördüyü şəhərdən, kənddən, dağdan, dərədən ilhamlana bilər. Müxtəlif insanlarla ünsiyyətdən yeni bir mövzuda əsər yaranar. Onun üçün bir kəndlinin həyatı da, bir neftçinin yaşamı da maraqlı idi.

Maral xanım bir sıra xarici ölkələrdə olmuşdu, həmin ölkələrin həyatından müxtəlif mövzularda silsilə qravüralar yaratması təsadüfi deyil.
Azərbaycan qadınının gözəlliyinin, özəlliyinin, zərifliyinin, mənəvi aləminin rənglərin dili ilə ifadəsi də Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biridir. Yaradıcılığının ilk illərində çəkdiyi dəzgah rəsmləri silsilələrində ("Azərbaycan qadını keçmişdə və indi”, "Qadınlar müharibə illərində”) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır.

 

 

Идеи на тему «MARAL RƏHMANZADƏ» (70) в 2021 г | художники, акварельные пейзажи, виртуальный тур 

 

Kənd həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin də başlıca mövzusudur ("Bizim qızlar”, "Mənim bacılarım”, "Doğma vətənim”, "Azərbaycan”).

Silsilə qravüralar yaradan rəssamın əsərləri London, Moskva, Nyu-York, Paris, Roma, Tokio və dünyanın bir çox şəhərlərinin muzeylərində, rəsm qalereyalarında və sərgi salonlarında uğurla nümayiş etdirilib. Onun xaricdə keçirilən fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət edib, Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirib.

 

Xalq rəssamı (1964), Dövlət mükafatı laureatı ( 1965) Maral Rəhmanzadə professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadındır. Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.

 

Bu il dünyaşöhrətli Azərbaycanın ilk profesional qadın rəssamının 105 yaşı tamam olur.

 

Maral Yusif qızı Rəhmanzadə 2008 – ci il martın 18-də cismən bizdən ayrılsa da, yaratdığı rənglər dünyası göy qurşağının rənglər gözəlliyi kimi həmişə yaşayacaq.

 


Kamalə Abiyeva